27 Fevral 2024 12:55
1874
ƏDƏBİYYAT

DÜNYANIN MALI DÜNYADA QALIR - Gülər Eldarqızından HEKAYƏ

– Ay Arif müəllim, belə olmaz axı. Binanı belə baha qiymətə icarəyə vermisiniz. Mətbəxi də üç iş otağı boydadır. Düz-əməlli bir stəkan tapa bil­mirik ki, iş fasiləsində rahat oturub bir çay içək. (Bu balacaboy, yöndəmsiz kişiyə müəllim deməyə adamın heç dili də gəlmirdi. Elə dayı da demək olardı. Amma nə edək? Müdürimiz ona müəllim deyə müraciət edəndən sonra biz kim idik ki?)

– Ay qızım, bəsdirin də. O qədər problemim var ki... Siz də bir tərəfdən qanımı qaraltmayın. Hərə evdən bir stəkan gətirsə, çay içə bilər, – dedi və qımışdı.

İlahi, insan nə dərəcədə xəsis olarmış! Kasıb olsa, qınamazdım. Ofis kimi icarəyə götürdüyü­müz villanın yiyəsi eşitdiyimizə görə (doğru məlumat idi) bu villadan başqa bir neçə mənzili olan, Gürcüstanda rəhbərlik etdiyi hansısa özəl şirkətdən yaxşı gəlir əldə edən və eyni zamanda şəhərin "Yeni Yasamal" adlanan yaşayış massivin­də şərikli tikdirdiyi yeni binaların satışından böyük məbləğdə gəlir götürən bu Arif kişi, elə bil özünü bilərəkdən kasıb vəziyyətə salmışdı. Bir deyən lazım idi, bu pullarla nə edəcəksən, sonda hara aparacaqsan? Əlli yaşlı bu kişi əslən gür­cüstanlı idi. Ləhcəsindən o torpağın abu– havasını duymaq olardı. Elə bu ərazidə – bizim şirkətin ya­xınlığında yaşayırdı. (Bir məkanın kirayə pulunu vaxtı– vaxtında ödəyirsənsə, ora müvəqqəti də olsa "bizim" demək olar)

Nəhayət bir həftə dedi-qodu, söz söhbətdən sonra mətbəxə lazım olan əşyaları alıb gətirdi. Avqust ayının istisində üz-gözündən tər su axa– axa “Sədərək” ticarət mərkəzindən (bizim tap­şırdıqlarımızı onun yaşadığı mənzilin yaxınlığın­dakı qab-qaşıq dükanından da almaq olardı. Qiy­mətlərdə beş-on manat fərq var idi) ən ucuz və keyfiyyətsiz əşyaları alıb gətirdi. Buna da şükür edib, ona təşəkkürümüzü bildirdik.

Sentyabr ayı küləyi, yağışı ilə yay fəslinin kürə­yini yerə vurdu. İş binası istilik sistemi ilə bərpa olunmamışdı. Hər otaqda kondisioner olduğu üçün havanın isti-soyuğunun bizim üçün əhəmiy­yəti olmasa da süfrəçi kimi çalışan Ceyran xala suyun soyuqluğundan şikayət edirdi. Asan deyil, bu böyüklükdə şirkətin bütün işçilərinin qayğı­sına qalmaq, kiminə çay, kiminə isə kofe dəm­lə­mək. Hələ bu az imiş kimi, müdürin yanına gələn qonaqlara da sudan, çaydan təklif edirdi.

– Alo. Salam, Arif müəllim. Müdiriyyətin əmri ilə sizinlə əlaqə saxlamalı olduq. Mətbəxdə su problemi var. Xahiş edirik, mətbəx üçün kiçik həcmli su qızdırıcısı alın. Yoxsa bizim Ceyran xa­la­nın bütün barmaqları donub yararsız hala düşə­cək, – yarızarafat, yarıciddi dedim.

– Mən burda deyiləm, qızım, Gürcüstandayam. Xalam rəhmətə gedib. Gələn kimi baş çəkərəm, – dedi. Yalana bir bax sən. Əgər həqiqətən orda­sansa, bəs "burda deyiləm" nə deməkdi?

On gün də belə ötdü. Havanın Ceyran xalaya yazığı gəldiyindən bir az üzü gülürdü. Və günlərin birində Arif "su qızdırıcı" ilə gəlib çıxdı. Yanında özünə oxşayan bir usta da gətirmişdi.

-Ay Arif, bu cihaz yaxşı deyil, elektrik cərəyanı keçirir.Gərək "Ariston" alaydın.

– A kişi, sənə nə lazımdı? İşini gör, pulunu al, çıx get işinin dalısınca, – Arif ağzını büzüb, göz– qaşını oynadaraq dedi. Narazılığımızı bildirsək də əhəmiyyət vermədi və çox danışdığımızı görəndə "babalı Arifin boynuna" deyib, işi tezləşdirdi.

Qışın soyuq günündə isə bu işin babalı doğru­dan da Arifin boynunda qaldı. Ceyran xala stə­kan­ları yuyarkən elektrik cərəyanından aldığı zədə­dən huşunu itirdi, cəld xəstəxanaya yerləşdirildi. Üstəlik ərazidəki polislər də hadisə yerinə gəlib məsələni müzakirəyə qoydular. Arif polislərin "ağzını bağladı". Bütün xəstəxana xərclərini ödədi və köhnə istilik sisteminin əvəzinə yenisini – da­ha bahalısını aldı. Ceyran xala da sağalıb işə qayıtdı.

Bir səhər işə gələrkən binanın qarşısında qəri­bə geyimli bir qadınla rastlaşdıq. Nimdaş və zövq­süz geyimindən onu dilənçiyə bənzətdim. Yanın­da hardasa iki yaşlarında bir uşaq da var idi. Uşa­ğın sifətinə baxan bir də dönüb baxmaq istəməz­di. Suya həsrət bağçalar kimi üz-gözü büzüş­müşdü.

– Sizə kim lazımdı? – deyə soruşdum.

– Arifin arvadıyam, qadan alım. Dedim həm uşağı havaya çıxarım, həm də gəlib bir həyət– bacaya baxım.

– Buyurun, keçin – dedim. Dərhal üz cizgilə­rimə düzəliş etdim. Binanın ora-burasını nəzər­dən keçirib çıxdı.

– Bizim evimizdi, hə bizim ev, – deyə ona mə­həl qoymayan nəvəsinə binanı göstərdi. Ürə­yim sıxıldı. Arifin arvadı da elə öz tayı imiş. Ya da onların belə görünməsinin altında nələrsə gizlə­nir­di. Çox güman ki, varlı ailə kimi görünməmək üçün belə varianta əl atmışdılar. Başqa nə ola bilərdi ki... Elə bizə icarəyə verdiyi villadan hər ay altı min manat pul əldə edirdilər. Bu məbləğ normal yaşayış üçün kifayət edərdi.

 

Yaz səhəri idi. Ətraf gül-çiçək qoxuyurdu. Şəhərin üstünü duman almışdı. Uzaqdan əcaib heyvana bənzəyən ağaclara, evlərə yaxınlaşanda öz formasını alırdı. Həmişə olduğu kimi tez– tez addımlayır, işə tələsirdim. (Gecikmirdim. Sadəcə, tələsik yerimək adətim idi) İrəli baxıb düşünür­düm. Uzaqdan gözümə üçbucaq şəklində yaşıl bir dam görünürdü. Məni düşündürən bu damın kənarda yox, küçənin tən ortasında olması idi. Yaxınlaşdıqca daha qabarıq şəkildə gözlərimə tuş gəlirdi. Bir az qorxub addımlarımı yeyinlətdim. Arxadan mənə yaxınlaşan addımları hiss etdim.

– Sabahın xeyir!

– Sabahın xeyir! – dedim. Hüseyn idi, iş yolda­şım.

– Nə yaxşı sənlə rastlaşdım. Duman qorxutdu məni.

– Nədən qorxursan? Sənin kimi cəsarətli qız havadan qorxur? Heç inana bilmərəm. Bəs eşit­məmisən, yaz dumanı bar gətirir... – xoşxasiyyət oğlan yenə də zarafatından qalmadı. Susaraq bir­likdə addımlayırdıq. Mənim gözümə görünən (elə zənn edirdim) o yaşıl damlı ev bizə sarı gəlirdi.

– Nə yavaş yeriyirsən. İşə gecikərik. Duman yerişini də yeyinlədib. Qorxuya bax e, – dedi Hüseyn. Gözlərimi bir nöqtəyə, küçənin tən orta­sına zilləmişdim. Hüseyn bir anlıq ayaq saxlayıb əllərini gözlərimin önündə o tərəf– bu tərəfə yellədi. – Ay qız, eyy, hardasan?

– Sən o yaşıl damı görürsən? – titrəyərək so­ruş­dum, – amma düz de.

– Hə. Dam deyil, çadırdı.

– Nə çadır?

– Yas mərasimi üçün qurulan çadır.

– Həə. Şükür, ürəyim yerinə düşdü. Elə bildim gözümə görünür. – güldüm.

– Xəbərin yoxdu?

– Nədən?

– Aaa. Bütün Bakı bilir. Sən yatmısan? Arif ölüb. Gecə yatıb, ayılmayıb.

– Necə? Axı dünən onu öz gözlərimlə görmüş­düm.

– O dünən idi.

Qəribədi, heç bir xəstəlikdən əziyyət çəkmə­yən, eşitdiyimə görə siqaret və spirtli içkilərdən də uzaq olan sapsağlam adam nə səbəbdən qəfil ölə bilərdi? Gecə yatıb, ayılmayıb...