22 Noyabr 2022 12:05
188
MƏDƏNİYYƏT

Dünyanın Rəmiş çağı

 Dünyada ən gözəl səsdir musiqi səsi. Ümumiyyətlə, keyfiyyətli musiqinin ecazı bir başqa aləmdir. Hələ o ecazkar səslərə ahəng verən sənətkarların dünyası da ayrı olur.... Rəmiş də belə sənətkarlardan idi.

Gitarada ifa etdiyi mahnılar insanların könlünə hopurdu. O, fəsillərin qocamanı sayılan payız fəslində doğulmuşdu. Dünya ilə Cənnət Qarabağda- Ağdamda salamlaşmışdı. Rəmişin taleyi də, ömrü də elə doğulduğu payız fəsli kimi boz, tufanlı, sazaqlı və çiskinli idi.  Məşhurluğun  şirinliyini nə qədər çox dadsa da , onun acı küləyi sənətkarın taleyindən yan keçmədi. Rəmiş hər kəsin sevgisini qazandığı bir vaxtda ailəsi ilə sevgi bağları qırılır… Onun həyatındakı kədərli notlar çox təssüf ki, sənətkarın psixoloji durumuna da təsir edir. Zaman keçir.... Çox şey dəyişir, amma insanların Rəmişə sevgisi dəyimir ki, dəyişmir... Ürəyi ilə yaratdığı nəğmələr barmaqlarından üzülürdü insanların ürəyinə. İfa etdiyi nəğmələr bulaq kimi qaynasa da, ömrünün  tufanları bitmək bilmirdi.  Tale Rəmişin ömür yelkənini çox sıldırım qayalara çırpdı. Amma Rəmiş yenilmədi. Taleyin oyunu ilə  “ nərd oynamağı” da bacardı, “mərc etməyi” də. Deyərdim ki, ağıyla- qarasıyla  bu “oyun”dan qalib çıxdı.

Rəmişin Ağdam işğalından sonra dünyasını dəyişməsi, ancaq Bakıda dəfn edilməsi elə  bil taleyin ironiyasıdır. Axı Rəmiş onu sevənlərin, öz dili ilə desək yaxşı oğlanların çiynində Qarağacı qəbirstanlığına getməli idi.

Bütün ağrıların içindən baxıram Yasamal qəbirstanlığındakı məzara....

Sakit- sakit ancaq bunu deyirəm: - Heç adam da baharın bu çağında ölərmi ,ölməz sənətkar? Sən Ağdama getməli idin.

5 aprel 2021-cil -  insanların ürəyinə hopan nəğmələri ifa edən o barmaqlar bir daha gitaranın simlərinə sığal çəkməyəcək…  Baharın ilıq günəşli çağında Rəmiş, çox şeydən narazı olduğu bu vəfasız dünyaya küləklər şəhərində əlvida deyir.

Əntiqə Kərimzadə