"Düşünən beyinlər" - Səxavət Məmməd yazır
İsrail Milli Təhlükəsizlik Tədqiqatları İnstitutu (INSS) İran və İsrail arasında baş verən müharibə ilə bağlı hesabat yayımlayıb. Hesabatda diqqət çəkən əsas məqamlardan biri General Yəhya Rəhim Səfəvi haqqında yazılanlardır. İsrailli mütəxəssislər Rəhim Səfəvinin İran ordusundakı yerini, ölkənin müdafiə qabiliyyətinin artırılmasını və onun müharibələrə yanaşmasını ön plana çıxarıblar.
Ümumiyyətlə, İranın hazırkı hərbi doktrinasının müəllifi Rəhim Səfəvidir. Səfəvi İranın hərbi strategiyasını kökündən dəyişərək "Asimmetrik Müdafiə və Çəkindirmə" (Mosaic Defense — Mozaik Müdafiə) konsepsiyasını işləyib hazırlayıb. Bu gün SEPAH-ın həyata keçirdiyi mozaik müdafiə strategiyasının müəllifi odur. O, bu ideyanı Şah Abbas dövründən götürərək müasir dövrə uyğunlaşdırdığını iddia edir.
Hesabatda qeyd olunub ki, o, olası bir ABŞ və ya İsrail hücumu zamanı Tehranla əlaqə kəsilərsə, İranın 31 əyalətindəki SEPAH bölmələrinin müstəqil müharibə aparmasını nəzərdə tutan əyalət komandanlıqları sistemini qurdu və tətbiq etdi.
Öncə mozaik müharibə anlayışına baxaq. Bu, ABŞ-ın Müdafiə Qabaqcıl Tədqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən konseptuallaşdırılmış, müasir və gələcək döyüş meydanlarında tətbiq edilən yeni hərbi strategiya konsepsiyasıdır. DARPA-nın "Mosaic Warfare" konsepti daha çox yüksək texnologiyalı, kəşfiyyat-rabitə şəbəkəsinə söykənən hücum/əməliyyat modelidir. İranınki isə daha çox resurs azlığı və hava üstünlüyünün olmaması səbəbindən məcburi mərkəzsizləşdirilmiş müdafiə modelidir.
Məqsəd fərqli platformaları (dronlar, idarə olunan sistemlər, peyklər, radar və kəşfiyyat vasitələri) tək bir mərkəzə bağlı, böyük və baha başa gələn sistemlər kimi deyil, mozaikanın kiçik və bir-birini əvəz edə bilən hissələri kimi inteqrasiya etməkdir. Məsələ ondadır ki, bu sistem ABŞ-ın ideyası olsa da, müharibədə onu uğurla tətbiq edən İran oldu.
Gələcəyin müharibələri hazırda böyük dövlətləri düşündürən əsas məsələlərdən biridir. Con Antal (John Antal) “Next War” kitabında ABŞ-ın gələcəyin müharibələrinə hazır olması və bu müharibələrin xarakteri barədə geniş yazır. Diqqət çəkən məqamlardan biri də kitabın ön sözünü yazan ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, senator Mayk Raundsun (Mike Rounds) qeydləridir. Senator bildirir ki, Con Antal ona İkinci Dağlıq Qarabağ müharibəsi (44 günlük Vətən Müharibəsi), onun müharibənin gələcəyinə dərin təsiri və inkişaf edən hərbi texnologiyalar barədə məlumatlar verib və bu məlumatlar rəqiblərdən bir addım öndə qalmaq üçün nə etməli olduqlarını göstərib. Kitabda razılaşmadığım məqamlar olsa da, ən dəqiq diaqnoz elə ilk cümləsində qoyulub: "Düşünən qazanır". "Düşünən beyin" konsepsiyasını anlamaq üçün hesab edirəm, regionun hərbi tarixinə göz gəzdirmək kifayətdir.
İranın apardığı müharibədə açıq şəkildə görünür ki, bu strategiyanın arxasında düşünən beyin(lər) durur.
Sual yarana bilər: niyə görə Rəhim Səfəvi Şah İsmayıl və ya Şah Təhmasib dövrünü deyil, məhz Şah Abbasın dövründəki sistemi götürərək müasirləşdirib və İran ordusuna tətbiq edib? Professor, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanovun Səfəvilərlə bağlı yazdığı kitablarda, xüsusilə "Şah Abbas" əsərində bu sualların cavabını tapmaq asandır. Təbii ki, Səfəvilər və Qızılbaşlarla bağlı digər kitabları mütaliə etmək də məsələyə aydınlıq gətirməyə kömək edir.
Şah İsmayılın müharibələrə yanaşması birbaşa güc üzərində qurulmuşdu. Yəni Şah İsmayılın hərbi gücü xarizmatik liderlik, dini-ideoloji birlik (Qızılbaşlıq) və əsasən Qızılbaş tayfa süvarilərinin fiziki/mənəvi cəsarətinə söykənirdi. Bunun zəif tərəfi yüksək texnologiyaya (dövrün odlu silahlarına) qarşı çevik olmaması və ən əsası, tam olaraq mərkəzə/liderə bağlılığı idi. Mərkəzi güc sarsılan kimi sistem ciddi böhrana düşürdü. Şah İsmayılın yanaşması — eynən Nadir şahda olduğu kimi — dayanıqlı dövlət mexanizmi qurmağa yetmirdi.
Şah Abbas isə müharibəyə və orduya tamamilə fərqli yanaşma gətirdi. O, indi adına "Asimmetrik Müdafiə və Çəkindirmə", qısacası "Mozaik Müharibə" dediyimiz sistemi "Şaxələndirmə və Adaptasiya" formasına saldı. Şah Abbas Çaldıranın və ondan sonrakı daxili xaosun dərslərini çox yaxşı təhlil edərək, monolitik tayfa gücünə bel bağlamağın fəlakət olduğunu anladı və hərbi-inzibati strukturu tamamilə yenilədi.
O, yalnız Qızılbaş süvarilərinə bağlı qalmadı; tüfəngçilər, topçular və qulamlar kimi yeni və bir-birini tamamlayan hərbi qollar yaratdı. İmperiyanın müxtəlif əyalətlərində yerli müdafiə və hərbi resurs mərkəzləri formalaşdıraraq ordunun tək bir mənbədən asılılığını azaltmış oldu.
Şah Abbas Osmanlı kimi nəhəng imperiya ilə qarşılaşanda açıq meydan döyüşlərindən qaçır, "yandırılmış torpaq" taktikası, sürətli manevrlər, təchizat zəncirini kəsmə və mühasirə müharibələri ilə düşməni tükəndirirdi. Eynən indiki İranın apardığı müharibə kimi.
İran bu sistemə nə vaxt keçdi? Faktlar da onu deməyə əsas verir ki, dönüm nöqtəsi 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Səddam Hüseyn ordusunun sürətli süqutunun müşahidə edilməsi oldu. Bağdaddakı mərkəzi komandanlıq sıradan çıxan kimi bütün İraq ordusu iflic vəziyyətinə düşdü. İran hərbi strateqləri anladılar ki, ABŞ kimi konvensional və texnoloji baxımdan qat-qat üstün bir güclə mərkəzləşdirilmiş (vertikal) şəkildə döyüşmək intihardır.
Nəzəriyyəçi və strategiya müəllifi kimi Yəhya Rəhim Səfəvinin (və onunla birgə Məhəmməd Əli Cəfərinin) işləyib hazırladığı "Mozaik Müdafiə" modeli ilə İran ərazisi 31 əyalətə bölündü. Hər bir əyalətdə özü-özünü təmin edə bilən müstəqil SEPAH komandanlığı və ona bağlı "Bəsic" qüvvələri quruldu.
Mərkəzlə (Tehranla) rabitə kəsilsə və ya ali komandanlıq başsız qalsa belə, hər bir əyalət korpusu müstəqil qərar verərək müqaviməti və hücumları davam etdirmək yetkisinə sahibdir.
Şah Abbas Osmanlı ordusu kimi nəhəng, ağır artilleriyalı və çoxsaylı qüvvə ilə açıq meydanda (Çaldıran ssenarisində) qarşılaşmağın fəlakət olduğunu bilirdi. O, Osmanlı ordusu Cənubi Qafqaz və Təbriz istiqamətində irəlilədikcə geri çəkilir, geridəki bütün ərzaq, su və yem ehtiyatlarını məhv edirdi. Düşmən imperiyanın dərinliklərinə nüfuz etdikcə logistik zənciri uzanır, aclıq və xəstəlikdən ordu döyüşməmişdən əvvəl sıradan çıxırdı.
Müasir mozaik müdafiədə isə şəhər, dağlıq relyef və dəniz coğrafiyası "yandırılmış torpaq" effektini vermək üçün istifadə olunur. Modern modeldə düşməni fiziki aclıqla deyil, "informasiya və resurs aclığı" ilə çökdürürlər. Düşmən qüvvələri ölkənin və ya regionun dərinliklərinə irəlilədikcə, 31 avtonom əyalətdən və ya gizli bunkerlərdən gələn gözlənilməz asimmetrik həmlələrə qarşı hücum xətlərini qorumaq üçün böyük resurslar xərcləməyə məcbur olur.
Şah Abbas dövründə Səfəvi yüngül süvari dəstələri (qorçular və əyalət tüfəngçiləri) Osmanlının əsas döyüş qüvvələri ilə toqquşmur, yalnız onların arxa cəbhəsini, təchizat karvanlarını və kəşfiyyat dəstələrini hədəf alırdı. Bu, Osmanlının "logistik mərkəzini" iflic edirdi.
Müasir mozaik müdafiədə isə hərbi dəniz və hava logistikasını hədəf almaq üçün ucuz kamikadze dronlar (Shahed), gəmi əleyhinə raketlər və dəniz katerləri işə düşür. Məsələn, Hörmüz boğazında və ya Qırmızı dənizdə (Husi nümunəsində) bahalı hərbi və ticarət gəmilərinə ucuz dronlarla hücum etmək düşmənin təchizat zəncirini və iqtisadi dözümlülüyünü birbaşa sıradan çıxarır.
Şah Abbasın strategiyası İstanbul sarayında və ordu komandanlığında "bu müharibə çox baha başa gəlir və heç bir nəticə vermir" düşüncəsini yaratmaq idi. Uzun sürən, böyük qələbə ilə nəticələnməyən və yüksək xərc tələb edən yürüşlər Osmanlıda yeniçəri qiyamlarına və nəticədə 1639-cu il Qəsri-Şirin müqaviləsinə (sabit sülhə) gətirib çıxardı.
Müasir mozaik müdafiədə də bunu görə bilirik. Bu gün asimmetrik aşınmanın maliyyə nisbəti inanılmaz dərəcədə qeyri-mütənasibdir. 20.000 dollarlıq bir dronu vurmaq üçün qarşı tərəf 2–4 milyon dollarlıq hava hücumundan müdafiə raketindən (məsələn, Patriot və ya THAAT) istifadə etmək məcburiyyətində qalır. Şah Abbasın Osmanlı xəzinəsini tükəndirdiyi kimi, Mozaik Müdafiə də modern supergüclərin hərbi-sənaye kompleksini və büdcəsini iqtisadi baxımdan aşındırır. Faktiki olaraq ABŞ-də də son zamanlar ən çox müzakirə olunan məsələlərdən biri də bu müharibənin yaratdığı maliyyə itkiləri, iqtisadi ziyan və digər məsələlərdir.
Hər iki modelin kökündə duran əsas prinsip eynidir: səbr, resurslara qənaət və düşmənin öz ağırlığı altında əzilməsini təmin etmək. Şah Abbas bunu atlılar və yandırılmış tarlalarla edirdisə, müasir varisləri bunu mərkəzsizləşdirilmiş raket/dron şəbəkəsi və 31 əyalət komandanlığı ilə həyata keçirirlər.
İrana təkcə teokratik dövlət kimi yanaşanda onun atdığı addımları anlamaq o qədər də asan olmur. Ancaq İrana dini-ideoloji-militar dövlət kimi baxdıqda aparılan müharibənin mahiyyəti tam ortaya çıxır.
Yəhya Rəhim Səfəvi son zamanların ən çox müzakirə olunan şəxslərindəndir. Onun sonuncu müsahibəsi Türkiyədə, Rusiyada və Qərbdə kifayət qədər ciddi müzakirələrə sebəb oldu. Təbii ki, Rəhim Səfəvinin "İran Səfəvilərin hüquqi və mənəvi varisidir" deməsi Azərbaycanda da diskussiyalara yol açdı. Onun açıq şəkildə "Türkiyə ilə heç vaxt müttəfiq ola bilmərik, Türkiyə ilə İran tarixi, dini, etnik yox, məhz coğrafi rəqibdir" deməsi əslində Cənubi Qafqaza yanaşmanı da ortaya qoyur. Bu məsələ türkiyəli və rusiyalı analitiklər tərəfindən fərqli müstəvidə müzakirə olunsa da, Azərbaycanda daha çox Şah İsmayıl və sünni-şiə mövzusu üzərindən aparılır. Bu müzakirənin Azərbaycana xeyrindən çox zərəri olduğunu düşünürəm. Niyə? Çünki bu günə qədər Cənubi Qafqaz uğrunda görünməyən bir savaş gedirdisə, bundan sonra bu savaş açıq müstəviyə keçə bilər. Region uğrunda açıq müstəviyə keçəcək savaş Cənubi Qafqazı ancaq poliqona çevirər — təkcə hərbi sahədə deyil, ideoloji, sosial şəbəkələrdə və informasiya müharibəsində.
Cənubi Qafqaz üçün ən böyük təhlükə, təbii ki, Rusiya və İrandır. Rusiyanın metodu çox açıqdır — birbaşa hərbi müdaxilə. İranın yanaşması isə tamamilə fərqlidir. Məsələn, İranda mərkəzlə (Tehranla) əlaqə kəsilir və 31 komandanlıqdan biri Azərbaycana müdaxilə edilməsi barədə qərar verir. Əminəm ki, Azərbaycan dövləti də bu ssenarini nəzərə almamış deyil. Rusiyanın Cənub Hərbi Dairəsi xəritə üzərində açılanda hədəf kimi bütün Cənubi Qafqazın və digər ərazilərin işğalı nəzərdə tutulursa, İranın hərbi strukturları xəritədə açılanda klassik "ərazini işğal etmək üçün irəliləyən ordu" deyil, "qarşı tərəfi uzunmüddətli, asimmetrik, qan tökən və nəzarətsiz xaos müharibəsinə çəkən şəbəkə" görürük. Bir çoxları deyə bilər ki, İran da, Rusiya da qələt edir, bizim XTQ onları darmadağın edər. Bu "tupoy Rembo" yanaşmasıdır. Dövlət isə həm də, hər şeyi hesablayana, proqnozlaşdırana və hər varianta hazır olana deyilir.
Azərbaycanın İranın mozaik müdafiə modelini eynilə tətbiq etməsi insan resursu və coğrafi dərinlik baxımından mümkün olmasa da, bu cür mərkəzsizləşdirilmiş, asimmetrik və şəbəkəli təhdidlərə qarşı özünün çevik müdafiə və adekvat cavab mexanizmlərini formalaşdırması həyati zərurətdir. Çünki gələcəyin müharibələrində yalnız klassik ordular deyil, asimmetrik şəbəkələri düzgün oxuyan və buna qarşı "düşünən beyinlər" qalib gələcək.
Digər Xəbərlər
07 Avqust 2026 14:13
Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
07 Avqust 2026 10:57
“Belə vəziyyətdə Azərbaycan təkcə tranzit ölkəsi deyil...”
07 Avqust 2026 10:20
“Xüsusən də İranla savaşı uduzan İsrailin çoxdankı arzusudur ki...”
06 Avqust 2026 21:15
Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi
06 Avqust 2026 20:57
Zelenski Ceyhun Bayramovu qəbul edib
06 Avqust 2026 16:05
Azərbaycan və Ukrayna XİN başçılarının görüşünün detalları - YENİLƏNİB
06 Avqust 2026 15:45
"Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar dayandırılmalıdır" - Ceyhun Bayramov
06 Avqust 2026 14:11


Bakı -°C

