26 Sentyabr 2025 11:24
170
DÜNYA

“ABŞ-nin savaş obrazını Trampın barış təmsilçisi kimi təqdim etməyə çalışması anlaşılandır”

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2 saatdan artıq davam edən zirvə görüşünün səmərəli, böyük əhəmiyyət kəsb edən təmas olduğu mülahizələrdə yer alır. Görüşün kifayət qədər səmimi şəraitdə, yüksək nəzakət qaydaları çərçivəsində keçirilməsindən sonra hətta Prezident Tramp, Prezident Ərdoğanı qapıya qədər yola salıb”. 

Bunu Adalet.az-a açıqlamasında politoloq Tural İrfan deyib. Siyasi şərhçinin sözlərinə görə, diplomatiya yönündən bu mənzərə hər iki liderin arasında sıx yaxınlıq, səmimiyyət olduğunu göstərir: 

“Eyni zamanda, bu, ABŞ-nin artıq Türkiyəni nəinki bölgədə, bütün dünyada əhəmiyyətli bir güc mənbəyi olaraq qəbul etməsinin təzahürü kimi xarakterizə oluna bilər. Danışıqlarda əsas müzakirə mövzularının F-35 və F-16 qırıcı təyyarə proqramları, “Halkbank” məsələsi və ikitərəfli münasibətlərin digər kritik başlıqları olduğu bildirilsə də, digər mühüm mövzuların da müzakirə olunduğu dünya mətbuatı tərəfindən önə çıxarılıb. "Haber Global" xəbər yayıb ki, dünya mətbuatı bu görüşü həm diplomatik manevrlər, həm də regional balanslar baxımından yenidən açılan səhifə kimi qiymətləndirir. Yaxud “Reuters” xəbər agentliyinə görə Ağ Evdəki görüşün əsas gündəmi Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasından sonra tətbiq edilən F-35 sanksiyaları olub”. 

T.İrfan bildirib ki, liderlər iki ölkə arasında müdafiə sənayesi ilə bağlı fikir ayrılıqlarını həll etməyə çalışıblar:

“Görünür bu mühüm məsələ ətrafında ciddi müzakirə əsas diqqət mərkəzində olub. Prezident Ərdoğan görüş öncəsi jurnalistlərin suallarını cavablandıraraq bu ziyarətin BMT Baş Assambleyası ilə eyni dönəmdə həyata keçirməkdən məmnunluğunu ifadə etməsi, "Cənab Trampın həm birinci, həm də ikinci dönəmində Türkiyə-ABŞ münasibətlərində fərqli bir prosesi yaşayırıq. F-35, F-16 və ‘Halkbank’ məsələləri ilə bağlı ətraflı danışacağıq. Heybəliada Ruhani Məktəbi ilə bağlı da üzərimizə düşəni yerinə yetirməyə hazırıq” - deməsi bu kimi məsələlərin müzakirə ediləcəyinin anonsunu vermişdi. ABŞ Prezidenti Donald Tramp isə görüşdən sonra mətbuata qısa açıqlamasında, CAATSA sanksiyalarının qaldırılmasının gündəmdə ola biləcəyini istisna etməyib.  Bu onu göstərir ki, görüş kifayət qədər səmərəli keçib. Çünki Türkiyəyə qarşı CAATSA sanksiyaları 2020-ci ildə tətbiq olunub. Buna səbəb Ankaranın Rusiyadan S-400 zenit-raket sistemləri alması idi. ABŞ bu addımı NATO-nun təhlükəsizlik maraqlarına zidd hesab edərək sərt tədbirlər görmüşdü. Hazırda bu maneənin aradan qaldırılması üzərində işin aparılması Türkiyənin növbəti diplomatik qələbəsi sayıla bilər. Bu görüşdə Rəcəb Tayyib Ərdoğan bölgədə sülh üçün Trampın təşəbbüslərini dəstəklədiyini vurğulamaqla barış və inkişaf yönündə birgə addımlayacaqlarını bir daha dilə gətirib. “Birlikdə əl-ələ verərək regiondakı problemləri aradan qaldıra biləcəyimizə inanıram” deməklə hər iki lider alt qatda Fələstin - İsrail münaqişəsinin nizama salınmasına da diqqət çəkiblər”. 

Politoloq bildirib ki, ümumiyyətlə bu görüşün əhəmiyyəti daha çox sülhə, sabitliyə, inkişafa, tərəfdaşlığa xidmət edir:

“ABŞ-nin indiyədək formalaşmış şər, savaş obrazını Donald Trampın yumşalıb sülh, barış təmsilçisi kimi təqdim etməyə çalışması anlaşılandır. Lakin təbii ki, məsələlərə baxış bucağı müxtəlifdir. O cümlədən İsrail - Həmas müharibəsinin aqibəti barədə də fərqli tərəflərin müxtəlif mövqeyi var. Hər halda aparılan bu danışıqlar regionun sabitliyinə, sülhə xidmət edirsə şübhəsiz ki, Fələstin - İsrail məsələsi də bu mövzunun tərkibi olaraq məsələlərə daxil edilib. Hər halda proseslər davam edir və nəticələr tam ortaya çıxmayıb. Bu təmasların nəticələri ortaya çıxdıqda ümumi vəziyyətin hansı məcraya doğru getməsi əsl məqsədləri ortaya qoyacaq”. 

Vasif ƏLİHÜSEYN