adalet.az header logo
  • Bakı -°C
20 Yanvar 2026 14:24
62
SİYASƏT
A- A+

“Suriyada YPG-nin sıradan çıxarılması regional güc balansını Türkiyənin lehinə dəyişir”

“Suriyada YPG–PYD terror strukturuna qarşı hökumət qüvvələrinin keçirdiyi hərbi əməliyyatlar müsbət nəticələr verir. Türkiyə artıq 40 ildən çoxdur ki, həm İraqda, həm də Suriyada PKK terror təşkilatını və onun qollarını sistemli şəkildə sıradan çıxarır. Bu proses mərhələli və strateji xarakter daşıyır”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloq bildirib  ki, strateji planda YPG-nin əsas məqsədi Suriyanın şimal-şərqində muxtariyyət statusu əldə etmək, daha sonra isə bu qurumu İraqdakı Kürd Muxtariyyəti ilə birləşdirərək Aralıq dənizinə çıxışı olan yeni kürd dövləti yaratmaq idi: 

“Məhz Barak Obama və Co Bayden administrasiyalarının regional planlarının mərkəzində bu layihə dayanırdı. Türkiyənin Suriyada əldə etdiyi hərbi-siyasi üstünlük həmin planın qarşısını aldı. Qeyd edim ki, İsrail də Suriyada kürd muxtariyyətinin formalaşmasına açıq və ya dolayı şəkildə dəstək verən tərəflərdən biri olub. Bu isə regionda parçalanma və yeni münaqişə risklərini daha da artırırdı. Əgər İraq Kürd Muxtariyyətinin peşmərgə qüvvələri Həsəkə bölgəsində Suriya ordusu ilə toqquşmalara cəlb edilərsə, Türkiyənin İraq Kürd Muxtariyyətinə qarşı ciddi siyasi və hərbi təzyiqlər göstərməsi istisna edilmir”. 

Onun sözlərinə görə, Ankara bu cür ssenarini öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir:

On ildən artıq Suriyanın şimal-şərqində fəaliyyət göstərən YPG terror təşkilatının mövcudluğuna faktiki olaraq son qoyulur. Bu proses Türkiyənin regional güc kimi mövqeyini daha da möhkəmləndirir. Ankara artıq təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərqdə əsas söz sahibi və aparıcı oyunçulardan biri kimi çıxış edir. Türkiyənin Qəzza zolağı ilə bağlı mövqeyi də bunun açıq göstəricisidir”. 

M.Əsədullazadə deyib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası YPG ilə əməkdaşlıqdan imtina edərək, Suriya və Türkiyə ilə birbaşa əməkdaşlığa üstünlük verdi:

“Bu, Vaşinqtonun regionda reallıqları qəbul etməsinin göstəricisi idi. Suriyadakı neft yataqlarından isə ABŞ-nin istifadə etməsi davam edəcək. Bu, həm ABŞ-nin iqtisadi maraqlarına, həm də Trampın praqmatik siyasət xəttinə uyğundur. Suriyada YPG layihəsinin iflası təkcə bir terror strukturunun sıradan çıxarılması deyil, eyni zamanda Yaxın Şərqdə xəritə dəyişdirməyə yönəlmiş ABŞ-İsrailin planlarının pozulması deməkdir”.

Vasif ƏLİHÜSEYN