adalet.az header logo
  • Bakı -°C
02 Iyul 2026 11:15
85
SİYASƏT
A- A+

“Bu görüş göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı enerji ilə məhdudlaşmır”

“Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən mühüm siyasi və iqtisadi hadisədir.Səfər zamanı açıqlanan ən mühüm qərarlardan biri Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri üçün 200 milyon avroya qədər qrant ayırmaq niyyətidir. Bu vəsait hesabına 2 milyard avroya qədər dövlət və özəl investisiyanın cəlb olunması nəzərdə tutulur”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, Bakı limanının inkişafı, regional dəmir yolu layihələri və rəqəmsal bağlantı təşəbbüsləri bu yanaşmanın əsas istiqamətlərindəndir:

“Azərbaycanın Avropa üçün əhəmiyyəti son illərdə əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəblərindən biri 40 milyard dollardan artıq investisiya hesabına reallaşdırılmış Cənub Qaz Dəhlizidir. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql olunur və ixrac coğrafiyasının daha da genişlənməsi üçün imkanlar mövcuddur. Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropanın enerji təhlükəsizliyi gündəliyi tamamilə dəyişdi. Məhz həmin dövrdə Azərbaycanın qaz tədarükünün artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər daxil olmuşdu. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi formalaşdırdığı nüfuzun praktik nəticəsi idi. Düzdür, Azərbaycan Avropanın ümumi qaz tələbatının böyük hissəsini təmin edən ölkə deyil. Amma Azərbaycanın qaz ixrac etdiyi dövlətlərin əksəriyyəti uzun illər enerji baxımından Rusiyadan asılı ölkələrdir. Məhz buna görə Azərbaycan qazının həmin bazarlara çıxışı Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Həmçinin, enerji əməkdaşlığının istiqamətləri də genişlənir”. 

Onun sözlərinə görə, əsas diqqət Azərbaycanın bərpa olunan enerji potensialının Avropa bazarına inteqrasiyasına yönəlir:

“Bu proseslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır.Orta Dəhlizin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsi ölkəni Avropa ilə Mərkəzi Asya arasında strateji bağlantı mərkəzinə çevirir. Hazırda Qazaxıstan neftinin bir hissəsi Bakı-Tbilisi-Ceyhan bru kəməri vasitəsilə dünya bazarlarına ixrac olunur. Gələcəkdə isə Transxəzər marşrutunun daha da inkişafı Mərkəzi Asiya ölkələrinin enerji resurslarının və yük axınlarının Avropa bazarlarına daha geniş həcmdə çıxarılması üçün əlavə imkanlar yaradacaq. Beləliklə, Bakıda keçirilən bu görüş göstərir ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı enerji ilə məhdudlaşmır. Ticarət, investisiya, logistika, rəqəmsal bağlantı, yaşıl enerji və regional sabitlik istiqamətləri qarşıdakı illərdə tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Və bu uzun müddətli hədəflər üçün çox önəmlidir”.

Vasif ƏLİHÜSEYN