Əbülfət Mədətoğlu: Sıramız seyrəlir...
Çevrəmə baxıram - gözüm nəmlənir,
Titrəyir dodağım, sözüm nəmlənir...
Üşüyür ocağım, közüm nəmlənir -
Sırası seyrəlir dostların yaman...
Uzanır içimdə , ahın yolları,
Bu ömrün ən uzaq, yaxın yolları...
Ot basır sakitcə, baxın , yolları -
Sırası seyrəlir dostların yaman...
Güc gəlir, ilahi, sellənən təklik
Havalı, havalı yellənən təklik!..
Budayır bu ömrü , el, gələn təklik -
Sırası seyrəlir dostların yaman...
Telfonda onlarla nömrə " lal" olub,
Susqunluq qəlbimdə qara xal olub!..
Fələk , elə bil ki, Rüstəm Zal olub -
Sırası seyrəlir dostların yaman...
Bilirəm, qədərdi, qaçılmaz yoldu,
Bağlansa , bir daha açılmaz yoldu!..
Amma, xəzan mənə acımaz oldu -
Sıramız seyrəldi, dostlarım, yaman...