Dünya Qarabağlı: İnsaf hanı?-Mən insafı gəzirəm
Bu həyatın hər üzünü görmüşəm.
Dərdlərini bircə-bircə dərmişəm.
Bu dərdləri öz qəlbimdə sərmişəm.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Bu dünyanı gəzə-gəzə gəlmişəm.
Qəm gölündə üzə-üzə gəlmişəm.
Acı sözdən bezə-bezə gəlmişəm.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Güvənmişdim dost dediyim dağlara.
Güvənmişdim o bəhrəli bağlara.
Güvənmədim içi boş budaqlara.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Haqq-ədalət qalib gələ həmişə,
İşlərimiz bənzəyə bir günəşə,
Natamamlıq tamam ola,dəyişə.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Kaş insanlar heç vaxt quyu qazmaya,
Haqqa gedən bax o yolu azmaya,
Bu Dünyanın doğru işin pozmaya.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Haqq-ədalət əldən gedir bu yerdə,
Göz yumulur bu əzaba,bu dərdə,
Məhv olummu?-Mən bu boyda şəhərdə.
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Zəiflər düşərdi alova-oda,
Yox olub gedərdi sonsuz dəryada.
Yaxşı ki,yaxşılar varmış dünyada.
Yoxsa hey deyərdim,hey soruşardım,
İnsaf hanı?-Mən insafı gəzirəm.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi.