adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Aprel 2024 14:38
1143
ƏDƏBİYYAT

40 GÜN SƏNSİZ...

Xoşbəxtlər üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçün isə bir gecə də əzablı ömür qədər uzundur. Haqqında söz açdığım Nazilə Nəriman o xoşbəxtlərdən idi ki, ömrünün hər gününü dolğun, mənalı və düzgün yaşadı. Hər kəs ömür adlı yolda öz yükünü daşıyır. Nazilə xanımın da tale yükü insanpərvərlik, xeyirxahlıq və düzgün amal uğrunda getdiyi məqsəd idi.

Əziz dost, rəfiqə, qayğıkeş, sədaqətli və mehriban insan, hər gün xatırladığım və Uca Allahdan qəni-qəni rəhmət dilədiyim, incəqəlbli, heç vaxt kiminsə haqqına girməyən, daim ədalət hissi ilə yaşayan əsl insan haqqında keçmiş zamanda danışmaq mənə çox ağır gəlir.
Qələmi qızıldan qiymətli yazar, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist Nazilə Nəriman martın 19-da  xərçəng xəstəliyindən dünyasını dəyişməsi mətbuatımıza üz vermiş ağır itki kimi qəbul edilir.

Onu da qeyd edim ki,  Nazilə xanım həkimlərindən çox razı idi. Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlidən, digər həkim və tibb bacılarından ağızdolusu razılığını bildirirdi. Amma neyləyək ki, bəzən Allahın yazısına heç kəsin gücü çatmır...

Nazilə Nəriman qızı Atakişiyeva Bakının Qobu qəsəbəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedoqoji İnstitunu (indiki Azərbaycan Dövlət Pedoqoji Universitet) bitirdikdən sonra mənalı ömrünü  jurnalistikaya bağlamışdı. Nazilə Nəriman minlərlə publisistik məqalələrin müəllifi, yüzlərlə kitabin redaktoru, “SPACE” televiziyasının əməkdaşı, “Ana Vətən”, “İki Sahil”, “Məmləkət”, “Qarabağ”, “Yeni Nəbz” və başqa xeyli sayda qəzetin redaktoru, müxbiri, şöbə müdiri vəzifələrində yorulmadan çalışmışdır. Bir çox fəxri diplom və mükafatlarla təltif olunmuşdu. 2016-cı ildən müstəqil jurnalist kimi fəaliyyət göstərmişdir. İşlədiyi kollektivlərdə çox sevilən, mehriban, səmimi və şərəfli ömür yaşamış Nazilə Nərimanın əziz xatirəsi oxucularının və həmkarlarının qəlbindən heç vaxt silinməyəcək. 

Səmimiyyəti, mehribanlığı, sadəliyi, vəfası, ədaləti ilə çoxlarından seçilirdi. Çox gözəl diksiyası da var idi. Heç yadımdan çıxmır. Həmkarlarımızla bir araya yığışmışdıq. C.Cabbarlının "Ana" şeirini söylədi. Hamımız kövrəldik. 

Qızı Lalə də şeirləri çox təsirli deyir, anasının davamçısıdır desək, yanılmarıq. O da özünəməxsus şəkildə "Ana" şeirini deyir. Anasının vəfatında o, şeir demək istəsə də, bacarmadı. Kövrəlib hönkürtü ilə ağlayır. 

Mənim ağıllı Laləm, bilirəm, sən ailənin sevimlisisən, həm də ağıllısan. Uşaqlıqdan səni çox istəyirəm, bir yerdə tədbirlərə də gedərdik, özünü çox ağlayıb üzmə. Axı anan ailəni-atanı, Anarı, Güneli sənə tapşırdı, mənim balam. Sənin övladların var. Onlar üçün sağlam yaşamalısan. Onların təhsil almağına yardımçı olmalısan. N.Gəncəvi demişkən, “Ağlamaqla insanlar vüsala çatsaydı, onda bütün kainatın peşəsi ağlamaq olardı...”

Eh, mənim  hörmətli, xanımlığı, şirin zarafatları ilə seçilən, yazılarını, şeirlərini sevə-sevə oxuduğum nur üzlü Nazilə, niyə tez getdin? 
Bu gün səni yuxuda gördüm. Üzün həmişəki kimi, gülərüz çöhrəndə təbəssüm var idi. Axı niyə  bizi belə tez tərk etdin? Nə oldu axı? Çoxmu incitdik səni, mənim vəfasız Naziləm? Hər zaman səninlə məsləhətləşirdim, dərdləşirdik. Sənin dəyərli tövsiyələrin, ümidverici sözlərini necə unudum? Sən axı dözümlü, mübariz qadın idin. Niyə xəstəliyinə qalib gəlmədin? Səni hamı çox istəyirdi. Gəlinin Vüsalə, bacıların, qardaşların, Məleykə baldızın, qohumların Təranə xanım, Səfayət xanım, nəvələrin Məhəmmədin, Nəcibənin,  Nərgizin  sual dolu baxışlarına nə cavab verək? Bizi tək qoydun. Sən gedəni mən evinə də gedə bilmirəm. Səni orda görməyəcəm, sənin kimi məni qarşılayan da olmayacaq, gözüm səni axtaracaq...

Yoxluğuna inana bilmirəm, əzizim. Qəhərdən boğuluram, mənim gül üzlüm. Qırx gündür ki sənsizəm. Səninlə bağlı xatirələrimi qələmə ala bilmirəm, kövrəlirəm. Hər dəfə haqqında yazmağa  başlayanda göz yaşlarımı saxlaya bilmirəm. Nə ağırmış sənsizlik!..
Yaxşı həmsöhbət idin. Hər sözə tələm-tələsik münasibət bildirməz, bir qədər düşünər, mükəmməl cavab verərdin. Hər şeyin yerini, qədrini bilirdin. Çünki, həyatın hər üzünü-acısını, şirinini görmüşdün.

Bizləri tərk edərək aramızdan getməyin qəlbimizdə yeri sağalmayan yaralar açdı. Təsəllimiz isə sənin haqqa qovuşmağına əminliyimizdir. Günəşsiz kainat, dalğasız dəniz, qanadsız quş, dərdsiz insan olmadığı kimi, ölümsüz də həyat yoxdur. Nə etmək olar, şirinin acısı olduğu kimi, həyatın da sonu vardır. Dünyaya gələn hər bir kəs sevinclə qarşılansa da, əbədi gedəni heç kim saxlaya bilmir. Bu, həyatın pozulmaz qanunudur.

Əbədi yaddaşlarda qalan isə hər kəsin qazandığı savablar, özündən sonra qoyub getdiyi əməlləridir. O əməllər ki, sönmüş ocaq kimi tüstüsü olmasa da, hər zaman qəlbdə qığılcım kimi közərəcək. Sənin də savab dolu xeyirxah əməllərin dostlarının, tanışlarının, doğma və əzizlərinin qəlbində daim yaşadacaqdır.

Ölmək deyil, sağ olub yaşamamaq qorxuludur. Nazilə Nəriman sağlığında dostlarının, yaxınlarının sevimlisi, öldükdən sonra isə onu tanıyanların qəlbinin bəzəyi, şirin xatirəsi oldu. Qoy ulu Tanrı onun məzarını nurla doldursun, ruhunu şad etsin!

Hüsniyyə Zülfüqarqızı