29 Oktyabr 2024 13:18
2193
ƏDƏBİYYAT

Əbülfət Mədətoğlu "Son dəfə"-dən yazdı

...Yəqin ki, hər kəsin həyatında, yaşamında, iş prosesində nəyisə son dəfə etmək, tamamlamaq və yaxud da fikir bildirmək halları olub və olur. Ona görə də bəzən  özümüzə yaxın bir şəxslə nəyisə müzakirə edəndə, nəyəsə fikir bildirəndə onda da xüsusi vurğulayırıq ki, «bax, bu son dəfədi, bir də təkrar etməyəcəm».

Yəqin düşünəcəksiniz ki, bu fikirləri nədən yazıya köçürürəm. Amma tələsməyin. Hər bir sözün, hər bir fikrin ifadə olunması üçün səbəb, zərurət yarananda biz həmin sözü, həmin fikri dilə gətiririk. Bax, elə mən də az qala bir həftəyə yaxındır ki, masamın üzərində olan bir kitabı ara-sıra vərəqləyirəm. Vərəqləri çevirdikcə həm müəllifi, həm də kitabın naşirini gözümün önünə gətirirəm. Mənə elə gəlir ki, naşiri ilə könül dostu olduğum bu kitabın müəllifi də yəqin ki, məni bağışlayar, üzürlü sayar ki, onun ruh dünyasına üz tuturam. Həmin o ruh dünyasının sahibi dünyadan vaxtsız köç etmiş çox dəyərli bir yazıçımızdır. O elə bir yazıçıdır ki, əsərləri də, konkret fikirləri də adamın ürəyini təprədir. Yaddaşında şimşək kimi çaxır və onda həmin o müəllifin mütaliə etdiyin əsərləri sənə yeni bir çalarda, yeni bir müstəvidə özünü təqdim edir.

İlk oxunuşda tuta bilmədiklərini, duymağı bacarmadıqlarını yenidən tutub, yenidən o duyğularla təmas qurursan. Elə yeri gəlmişkən, onun bir fikrini indi bilgisayara diktə edəcəm. O yazırdı ki, «Hər bəsitlik – kamilliyə doğru atılmış bir yanlış addım deməkdir».

Burdakı məntiqə, burdakı ifadə olunan və alt qatı da insanı düşünməyə məcbur edən fikirlə baş-başa qalanda şəxsən mən bu bir cümlədəki danılmaz hikmətə heyran qalıram. Həqiqətən bəsitlik kamilliyin qayçısı imiş.

Bəli, masamın üstündəki kitabın adı «Son dəfə»dir. Kitabın müəllifi mərhum və tanınmış yazıçımız İsmayıl Qarayevdir. Kitabın naşiri isə ürək dostum, mərhum Qoşqar İsmayıloğludur. Çox erkən bu dünyaya vida etmiş Qoşqar İsmayıloğlu bizə və ədəbiyyat aləminə İsmayıl Qarayevin yaradıcılığını demək olar ki, bütünlüklə təqdim etdi. Onun qələmindən çıxan bütün hekayələri, povest və romanları ayrıca kitab şəklində  hədiyyə etdi Azərbaycan oxucusuna. Mənim kitabxanamda İsmayıl Qarayevin işıq üzü görən bütün kitabları yer alıb. Amma nədənsə son bir həftəni mən «Son dəfə» ilə keçirirəm. Bu hekayələrin hər biri özü-özlüyündə mükəmməl bir həmsöhbət, mükəmməl bir rəsm əsəri, mükəmməl bir ədəbiyyat nümunəsidi.

Ona görə həmsöhbət yazdım ki, hekayələri oxuyanda elə bilirsən ki, həmin qəhrəmanlarla söhbəti sən edirsən. Ona görə rəsm əsəri yazdım ki, bu hekayələrdə təkcə yazı yox, həm də şəkil var. Məkanın, qəhrəmanların şəkili sözlə çəkilib. Və bir də ona görə mükəmməl ədəbiyyat nümunəsi yazdım ki, bu əsərlərin dili, bu əsərlərin ədəbi məziyyətləri oxucunu kitabı qatlayıb bir kənara qoymağa imkan vermir. Məncə mükəmməl Azərbaycan dili bu hekayələrdə bir qom bənövşə kimi adamı məst edir…

Bəli, kitabın adını özündə ifadə edən hekayəni təkrar-təkrar oxudum. İstədim anlayım, dərk edim ki, naşir qardaşım Qoşqar İsmayıloğlu nədən bu kitabın adını «Son dəfə» qoyub. Düzünü deyim ki, onun özü ilə bu barədə söhbət etmiş olsaydım, bəlkə də bu suala birmənalı cavab verərdim, ya da heç bu sual məni düşündürməzdi. Amma dediyim söhbəti etmədiyim üçün özüm tapmağa çalışıram.

Kitabın adının nədən «Son dəfə» olduğunu və axtara-axtara da gəldiyim nəticələrdən biri, bəlkə də birincisi budur ki, «Son dəfə» hekayəsində müəllif öz qəhrəmanının iç üzünün necə açıldığını, onun əxlaqının, davranışının, bütövlükdə isə bir varlıq olaraq  kimliyinin zaman-zaman gizləndiyi və yaxud gizlətdiyi nöqtədən tərpənişi, üzə çıxması baş verir. Yəni onun  gizlənmə, özünü kölgədə saxlamaq prosesi başa çatır. Elə ona görə də hekayənin qəhrəmanı Qubadın durumu və özünün də etirafı hər şeyin son dəfə baş verdiyini, bu yaşamın, bu həyat tərzinin, bu xüsusiyyətlərin sona çatdığını etirafla yekunlaşdırır. Maraqlıdır ki, hər kəsə hər zaman bir növü yuxarıdan aşağıya baxan və az qala hamını özünə borclu sayan Qubad öz-özünə içində pıçıldayır.

-Doğrudur, mən bu günə kimi yalnız özümü, öz ailəmi müdafiə etmişəm. Amma bu gündən etdiyim tənqidin xalqa əhəmiyyətli olmasına çalışacağam"

Bəli, mən İsmayıl Qarayevin «Son dəfə» kitabındakı «Son dəfə» hekayəsi barədə düşüncələrimi bilgisayara diktə edərkən düşündüm ki, Qoşqar İsmayıloğlu həm də bu kitabın kiməsə son dəfə bir örnək olacağına, bir müsbət təsir göstərəcəyinə  daxilən inanıb və istəyib ki, son dəfə İsmayıl Qarayevin hekayələri vasitəsilə kimlərəsə sözünü çatdırsın.