08 Dekabr 2023 13:21
1262
ƏDƏBİYYAT

“Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana gətirilməsi...” - Turan xanım...

Adalet.az-ın əməkdaşı şair, yazıçı, dramaturq Hüseyn Cavid haqqında  xatirə yazılarına start verib.

Əvvəli ötən sayımızda....

Turan xanımın müsahibəsini davamını təqdim edirik:

- Turan xanım, bir az da Cavid əfəndinin Sibirdən vətənə gətirilməsi barədə danışaq. Belə bir ideya nə zaman çıxdı ortaya?

- Ümumiyyətlə, bu söhbət üç dəfə qalxıb. Birinci dəfə 1962-ci ildə, Cavidin səksən illiyində Teatr Cəmiyyəti belə bir təşəbbüslə bulundu. İkinci dəfə 60-cı illərin sonunda Abbas Zamanov təşəbbüs etdi. Hətta vaxtilə sürgündə olmuş fotoqraf Hacıbalanı axtarıb tapdı. Abbas müəllim onun danışığını lentə yazdı. Hacıbala deyirdi ki, bilirəm Cavidin məzarı hardadı. Hacıbala bir neçə dəfə gəldi, görüşdük, söhbət elədik. Abbas müəllim gördü ki, mən çox sakitəm. Axırda dözməyib: “Turan, söhbət sənin atandan getmir?”-deyə heyrətləndi. Cavab verdim ki, Abbas müəllim, mən də sizin qədər istərdim bunu, amma inamım yoxdu ki, siz bunu edə biləsiz. Elə də oldu. Amma Abbas müəllim çox çalışırdı. 

Maqadandan məktub kəsiləndən sonra biz yazdıq ki, məktub almırıq. Onlar da başqa bir ünvan göndərmişdilər: İrkutsk vilayətinin Bryansk şəhəri. Ora da yazdıq. Ordan da cavab alınmadı. Və 1948-ci ildə ananı çağırıb bizim yaşadığımız rayonun VVAQ idarəsindən ölüm şəhadətnaməsi vermişdilər. 1956-cı ilə qədər ana həmin şəhadənaməni məndən gizləmişdi. 

Əgər Heydər Əliyev olmasaydı, Cavidin Azərbaycana gətirilməsi baş tutmazdı. 1937-ci il repressiyasının qurbanlarından heç birinin nəşi gətirilməmişdi. Bu, SSRİ-də yeganə hadisəydi. Bunun üçün Əliyevin Moskvadakı nüfuzu, onun müstəqil hərəkəti həlledici rol oynadı. Bu, qeyri-adiydi. 40 min məhbusun dəfn oldunuğu qəbiristanlıqda, qeydiyyat üzrə 59 nömrəli qəbirdən sənə lazım olan şəxsi tapıb gətirəsən. 

Nəşinin arxasınca üç nəfər Nümayəndəsi getmişdi. Onlar da hər dəfə etiraf edirdilər ki, biz icraçıyıq. Təbii ki, əsas işi görən, özləri demişkən, yaşıl işığı yandıran Heydər Əliyevdi. Amma qabaqcadan yazışmalar olmuşdu. İrkutskda onlar çox səliqəli kartotekaları var, deyilənə görə. Bütün dəfn olunan məhbusların hamısının ayrıca vərəqləri var. Orda nömrələrlə göstərilir. Adları göstərilməyib. Qəbir üstündəki taxta parçası ki, üstünə 59 rəqəmini oyublar, Naxçıvan muzeyində sənə göstərdiyim taxta parçası odur. 

Səksən ikinci ilin oktyabr ayı qədər dəhşətli ay təsəvvür etmirəm. Bir tərəfdən Cavidin 100 yaşı tamam olur, digər tərəfdən Ana yoxdu. Sonra bildim ki, cənazəni gətirməyə gedənlərin məqsədləri oymuş ki, ordan birbaşa Moskva-İrəvan reysiylə uçsunlar. İrəvanda bülə planlaşdırıblar Naxçıvandan Cavidin obrazlarında aktyorlar gəlsin və cənazəni onlar aparsınlar. Sonralar mən onlara dedim bunu, necə insafınız yol verirdi ki, Cavid Azərbaycana İrəvandan daxil olsun. Amma yaxşı ki, bu plan baş tutmur. İrkutskdan Moskvaya uçanda raidoqramma alırlar ki, birbaşa Bakıya gəlmək lazımdır. Bu, Əliyevin göstərişiydi...”.

Ardı var...
Mənbə: “Cavid haqqında xatirələr” kitabı.
Hazırladı: Vasif Əlihüseyn