adalet.az header logo
  • Bakı -°C
01 Iyun 2026 12:48
32
GÜNDƏM
A- A+

Ekspert: “Orada gigiyenik qaydalar ürəkaçan olmur”

Hər fəsildə insanların həyatında kabusa çevrilən bir nəsnə olur. Qışda dəm qazından boğulmalar, yayda isə çimərlikdə sulara qərq olmalar insan həyatını bəzən qara dumana bürüyür. Artıq çimərlik mövsümünün başlamasına  sayılı günlər qalıb. İnsanların bu barədə nə qədər məlumatlı olub- olmaması sual altındadır.

Bəzən bədbəxt hadisələr daha çox  qadağan olunmuş ərazilərdə baş verir.

Mövzu ilə bağlı Adalet.az-a danışan  təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qadağan olunmuş ərazilərdə gigiyenik qaydaların heç də ürəkaçan vəziyyətdə olmadığını söyləyib:

“Demək olar ki, hamımıza məlumdur ki, çimərliklərin bir çoxunun ödənişli olması heç də bütün vətəndaşların maddi vəziyyətinə uyğun deyil. Məhz bu səbəbdən insanlar daha çox çimərliklərdə qadağan olunmuş ərazilərə üz tuturlar. Belə yerlərdə isə gigiyenik qaydalar ürəkaçan deyil. Çünki həmin yerlər digər çimərlik sahələri kimi təmizlənmir. Əlbəttə, bu da insanların səhhəti üçün birmənalı şəkildə ziyandır. Düşünürəm ki, qeyri-çimərlik anlayışı ləğv edilməlidir.Aidiyyatı qurumlar vətəndaşların  istirahəti üçün şərait yaratmalıdırlar. 

İnsanlar var ki, illərlə eyni çimərliyə gedir. Elə  çimərliklər var ki, qadağan olunmuş ərazilər sayılır. Lakin buna baxmayaraq, insanlar uzun illərdir həmin çimərliklərə üz tutur. Boğulma halları daha çox qadağan olunmuş ərazilərdə baş verir. Çünki orada təhlükəsizlik tədbirləri görülmür. Düşünürəm ki, bu məsələyə ümumi bir yanaşma olmalıdır. Aydındır ki, ilkin xilasetmənin olmadığı yerlərdə bədbəxt hadisələr gözləniləndir.Qadağan olunmuş ərazi məsələsi ləğv olunmalı, çimərlik hissəsinə əlavə olunmalıdır. Orada da ilkin xilasetmə və təhlükəsizlik tədbirləri görülməlidir. Belə olan halda çimərliklərdə sıxlıq da az müşahidə olunar”.

Əntiqə Kərimzadə