28 Noyabr 2022 13:35
809
ELM VƏ TƏHSİL

Ekspert: “Görün elm və təhsilimizi kimlər idarə edir”

Xəbər verdiyimiz kimi Elm və Təhsil naziri Emin Əmirullayev mətbuat konfransı keçirib. Təhsil üzrə ekspert Kamran Əsədov konfransla bağlı sosial şəbəkə hesabında kəskin fikir bildirib.

Ekspert, keçirilən brifinqdə bəzi səhv qərarların verildiyini qeyd edib:“Görün elm və təhsilimizi kimlər idarə edir.
Bildiyiniz kimi, dünən Elm və Təhsil naziri Emin Əmirullayev mətbuat konfransı keçirib.Cənab nazir konfransda çox ciddi qanunvericilik aktlarına səhv, praktiki yanlış onlarla fikir ifadə edib.Amma brifinq bitən kimi, təhsilin T-sından xəbərsiz yaltaq əsabələri nazirin çıxışından tezislər hazırlayıb paylaşırlar.Guya bu çıxışlarda hansısa gələcək plan, elmi tezislər var. Emin Əmirullayev yaxşı insandır, amma onu sizin kimi savadsız yaltaqlar məhv edəcək.Nazirin çıxışındakı səhvləri ayrı-ayrı yazacam.

Birinci başlayım ibtidai sinifdə xarici dilin tədrisi ilə bağlı. Mən bir dənə məktəb direktoru, bir dənə müəllimdən bir sətr yazı görmədim dünəndən bəri ki, axı nazir, onun kursdan tutub gətirib əvvəl müşavir, ardınca isə ümumtəhsil şöbəsinin müdiri təyin etdiyi Elnur Əliyevin fikri səhvdir. Belə çıxır ki, ya hamısı savadsızdır, ya da hamısı yaltaq.

Hörmətli Emin Əmirullayev özü bu ilin, 2022-ci ilin 28 iyulunda təsdiq etdiyi tədris planında nəzərdə tutulub ki, ibtidai (1,2,3,4-cü) siniflərə həftədə BİR DƏFƏ xarici dil fənni tədris olunsun.

1 dəfə İngilis dili fənni tədris olunur. Düzdür, bəzi məktəblərdə pilot olaraq 1 saat rus dili də tədris olunur.
Yəni hörmətli Emin müəllim, hazırda ibtidai siniflərdə həftədə bir dəfə xarici dil fənni tədris olunur.

Hardadır o həftədə iki dəfə xarici dil fənninin tədrisi?

Siz vəziyyətə baxın, nazir təstiq etdiyi tədris planını bilmir, hələ 1 gün belə sinifə girməyən, tədrisdən xəbəri olmayan kursdan tutub gətirib ümumtəhsil kimi geniş, ağır şöbəyə müdir təyin etdiyini Elnur Əliyev israrla deyir ki, iki dəfə tədris olunur. Hətta cənab nazir tapşırır ki, bəs araşdırma aparın ki, niyə bir dəfə tədris olunur.

Niyə olacaq cənab nazir? Çünki tədris planında belədir.

Hələ bu ümumtəhsildən xəbərsiz Elnur Əliyevi yeni strukturda agentliyin rəisi təyin etmək istəyirlər.”


Əntiqə Kərimzadə