Əli Nağıyev: “Təsadüfi adam ölkəni faciələrə, ölümə sürükləyər” - MÜSAHİBƏ
Texnika elmləri doktoru, professor Əli Teymur oğlu Nağıyev 1954-cü ildə Naxçıvanda anadan olmuşdur. Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1992-2006-cı illərdə YAP sədrinin müavini olmuşdur.
Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri olmuş, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-2006-cı illərdə Azərbaycan Respubublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Tanınmış dövlət xadimi, professor Əli Teymur oğlu Nağıyevlə göruşümüz prezident seçkiləri ərəfəsində olduğundan təbii ki, ölkəmizin bugünkü mənzərəsi ilə 90-cı illərin ab-havasının müqayisəli şəkildə təhlili, prezident seçkiləri ilə bağlı paralellər, ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın Prezidenti İlham Əliyevin son 10 ildə qazandığı böyük uğurlar söhbətimizin əsas mövzusu oldu. İlk sualım əslində 20 illik bir məsafəni əhatə edirdi...
"Qafqazinfo” Əli Nağıyevin müsahibəsini təqdim edir:
- Professor, siz hadisələrin ən gərgin çağlarında ulu öndər Heydər Əliyevin prezident seçkilərində iştirak etmisiniz. Bir siyasət, dövlət xadimi kimi vaxt, zaman məsafəsini necə qiymətləndirirsiniz? Ötən illər demokratik seçkilər yolunda hansı dəyişikliklər olmuşdur?
- Azərbaycan son 20 ildə heç kəsin xəyalına belə gətirmədiyi böyük uğurlara imza atmışdır. Bu, hətta bizi istəməyənlərin belə etiraf etdiyi həqiqətdir. Qarşıdan prezident seçkiləri gəlir. Azərbaycan Respublikası dünya birliyinin diqqət mərkəzində olan bu seçkiləri necə kecirəcək və seçki demokratiyasını öz adına necə yazacaq?
Mən bu seçkiyə qədər demokratiya yolunda inkişafı aydın təsəvvür etmək üçün faktlara müraciət etmək istəyirəm. 1992-ci ildə Azərbaycanda prezident seçkiləri oldu. O vaxt Heydər Əliyev kimi dünya şöhrətli bir siyasətçinin, fenomenal şəxsiyyətin namizədliyini qeydə almağa qoymadılar. O vaxtkı Azərbaycanın durumunu göz qabağına gətirin. Vətənin taleyi həll olunurdu. Biz yaş senzi ilə bağlı Ali Sovetin qarşısında keçirtdiyimiz fasiləsiz mitinqlərdə bu haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq istəyirdik. Bu, ölkəmizdə demokratik seçkilərin keçirilməsini tələb edən bəlkə də ilk mitinqlər idi.
Naxçıvanda Heydər Əliyevlə ilk görüşümdə də atdığımız bu addımın o dövr üçün nə qədər vacib olduğunu hiss etdim. Mən deyəndə ki çox təəssüflər olsun ki, yaş senzi ilə bağlı mitinqlərimiz bir nəticə vermədi. Heydər Əliyev sözümü yarıda kəsdi:" Əli Nağıyev, sən çox səhv eləyirsən, çox böyük nəticə verdi yaş senzi ilə bağlı keçirtdiyiniz o mitinqlər. Siz dünyaya sübut elədiniz ki, demokratiyadan danışanlar özləri demokratiyanı boğurlar".
İndi siz təsəvvürünüzə gətirin, Heydər Əliyev kimi dahi şəxsiyyətin qarşısına süni şəkildə sədd çəkən, namizədliyinin qeydə alınmaması üçün cürbəcür maneələr yaradan o dövrün demokratiyası hara, bugünkü demokratiya hara?
Bu gün dünya standartlarına, bütün demokratik dəyərlərə uyğun azad seçkilər keçirilir. Bütün qapılar taybatay hamının üzünə açıqdır. Buyur, seçki qanunlarına uyğun olaraq namizədliyini irəli sür, seçkilərdə iştirak et, təbliğat aparmaq istəyirsən, buyur. Hamıya bərabər şəkildə ideal şərait yaradılıb. Bu yerdə böyük Sabirin ölməz misraları yada düşür:
Pişigahı nəzəri xalqa tutaq varımızı,
Görüb onlar dəxi təhqiq eləsin karımızı.
Gör, hələ yüz il bundan əvvəl bizim böyük Sabirimiz necə demokratik ruhda olub və demokratiyanın rolunu dəyərləndirib. Deməli, bu hiss, bu duyğu xalqın canından, qanından gəlir. Bəlkə də bizi o vaxt bağlı qapıları açmağa, yatmış vicdanları oyatmağa çağıran xalqımızın böyük xalq olduğunu səciyyələndirən bu xüsusiyyət idi. Bu gün prezident seçkilərində yaradılmış demokratik şərait ulu öndər Heydər Əliyevin yaratdığı dünyəvi demokratik prinsiplərə əsaslanan Azərbaycan Konstitusiyasından və dövlətin digər idarəetmə qanunlarından bəhrələnir və prezident İlham Əliyevin son 10 ildə yaratdığı sağlam demokratik mühitə əsaslanır.
Açığını deyim, bu gün ölkəmizdə seçkilərin bütün beynəlxalq normalara, demokratik prinsiplərə uyğun keçirilməsinə əsaslı irad tutan bir adam görmürəm. Hər şey göz qabağındadır.
Köklü şəkildə Azərbaycanda demokratiyanın inkişafı, dövlətin demokratik prinsiplərlə idarə olunması məsələsinə gəlincə isə deməliyəm ki, son 20-22 ildə qazanılan nailiyyət bəlkə də 70 ilə keçiləsi bir yola bərabərdir.
Bu, ilk növbədə müstəqilliyimizin qələbəsidir.
Mən 1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuşam. O vaxtı Azərbaycan dünyəvi dəyərləri əldə etmək, beynəlxalq arenaya çıxmaq üçün addım-addım irəliləyirdi. Ulu öndər Heydər Əliyev bu çətin yolda nə qədər zəhmət çəkmişdi. Azərbaycan ilk 5 ildə öz dövlətçiliyini tapmışdı, ayaq üstə dayanmışdı. O vaxt Amerika, Avropa demokratiyasından Azərbaycanda danışmaq gülünc olardı. Bu gün isə biz özümüz danışmırıq, dünya bizim haqqımızda danışır.
SSRİ kimi nəhəng bir dövləti dağıdan dünyamiqyaslı siyasətçi Bjezinski deyir ki, baxın, Azərbaycan da müsəlman ölkəsidir. Ancaq Azərbaycan beynəlxalq standartlara uyğun inkişaf edir və dünya birliyinə inteqrasiya olunur. Bəli, problemlər də var. Məgər Amerikada problemlər yoxdurmu?
Bir var həqiqətə, gerçəkliyə dost gözü ilə baxasan, onda hər şeyi yaxşı görərsən. Biri də var ki, qərəzli, kinli, ağa qara kimi baxasan, onda hər şeyi əyri görərsən. Yazıq o adamın halına.
Sən əgər millətini, dövlətini, xalqını sevirsənsə bu gün bütün millətlərin qarşısına Bjezinskinin sözləriylə çıxmaq məqamıdır.
Azərbaycan böyük sürətlə inkişaf edir. Bütün beynəlxalq institutlarla yaxın əlaqələr qurur. Bundan gözəl, qürurverici nə ola bilər? Azərbaycan BMT-də, Avropa Şurasında, Avropa İttifaqında, NATO-da böyük nüfuz qazanıb. Nəyin hesabına? Əlbəttə dünya birliyində öz layiqli yerini tutmaqla, bütün beynəlxalq normalara uyğun fəaliyyəti ilə.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardır.
- Son vaxtlar istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarlarda Azərbaycanda keçiriləcək prezident seçkilərini dramatikləşdirmək istəyən qüvvələr var. Siz ulu öndər Heydər Əliyevin silahdaşlarından biri kimi, İlham Əliyevi yaxından tanıyan bir şəxsiyyət kimi bu haqda konkret nə deyə bilərsiniz? Prezident seçkiləri ilə bağlı sizin proqnozunuz mənim üçün maraqlıdır.
- Bilirsiniz, mən hələ 1996-97-ci illərdən Azərbaycanın Heydər Əliyevdən sonrakı taleyini İlham Əliyevlə bağlayan adamlardanam.
1995-ci ildə Rəsul Quliyev Gəncədə Həsən Həsənovun seçki qutusunu vurub dağıdandan sonra biz bu məsələnin kökündə nəyin durduğunu araşdırdıq. Məlum oldu ki, ikinci yerdə, ikinci mövqedə möhkəmlənmək uğrunda açıq, gizli mübarizə gedir. O vaxt prezidentdən sonra ikinci adam ierarxiya üzrə Nazirlər Kabinetinin sədri - baş nazir yox, Ali Sovetin sədri sayılırdı. Baxmayaraq ki, Rəsul Quliyev 2-ci vəzifəni tutmuşdu, amma yenə narahat idi. Özünə potensial rəqib bildiyi adamları sıradan çıxarmaq, gələcək niyyətinə yol açmaq haqqında düşünürdü.
Bu çox təhlükəli oyundan sonra artıq hər şey bəlli idi.
Bu, 1996-cı ilin söhbətidir. Mən cənab prezidentə dedim ki, əgər razılıq versəniz, biz YAP-da İlham Əliyevi - gələcək liderimiz kimi təbliğ etmək işinə başlaya bilərik. Hesab edirəm ki, artıq bu işin vaxtı çatıb. Xalq öz gələcək liderini yaxından tanımalıdır.
Prezident Heydər Əliyevin ümumi fikrini öyrənəndən, razılığını alandan sonra ilk dəfə 1997-ci ildə Musiqili Komediya Teatrının binasında Yeni Azərbaycan Partiyası gəncləriylə İlham Əliyevin görüşünü təşkil etdim. Doğrudur, ona qədər 1995-ci ildə Qaradağ rayonunda İlham Əliyevin deputatlığa namizəd kimi YAP üzvləri ilə görüşü olmuşdu. Amma bu gələcək deputatlığa namizədlə görüş idi.
Musiqili Komediya Teatrındakı görüşün məramı, məqsədi isə tamam başqa idi. Partiya artıq bu xətti tutmuşdu: Gələcək liderimizi xalqımıza tanıtmalıyıq!
1998-ci ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində 8 min nəfərin iştirakı ilə möhtəşəm forum keçirtdim. Və o forumda İlham Əliyev özünün parlaq çıxışı ilə əsl lider təəssüratı yaratdı. Yeri gəlmişkən, bu tədbir Azərbaycanın tarixində örtülü salonda keçirilən ilk çoxsaylı möhtəşəm forum idi. Bunu tədbirdən sonra ulu öndərimiz də təqdir edərək mənə bildirdi. Bu o zaman ona işarə idi ki, sabahın prezidenti məhz İlham Əliyevdir. Vaxt, zaman göstərdi ki, biz bu yolda yanılmamışıq.
Bu, elə-belə gəldiyimiz qənaət deyildi. Tutarlı əsaslar var idi. İlham Əliyevin Neft Şirkətinin vitse-prezidenti kimi, Milli Olimpiya Komitəsinin sədri kimi, Milli Məclisin deputatı kimi çoxşaxəli fəaliyyəti buna əsas verirdi.
Mən 1995-2000-ci illərdə Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşam. Bu nüfuzlu qurumda dünyada çox tanınmış söz sahibi olan siyasət adamları toplanmışdı.
2000-2003-cü illərdə İlham Əliyev Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi demək olar ki, vəziyyəti yüz faiz Azərbaycanın xeyrinə dəyişə bildi. Ermənilər Avropa Şurasında sanki tərkisilah edildilər. İlham Əliyev aydın, səlist nitqi, öz xarizmi və tutarlı faktları ilə buradakı Rossel Cons, Şıvımer, Devis, İvinski və başqaları kimi böyük siyasət adamlarını özünə dost qazanaraq erməniləri və onların havadarlarını susdurdu. Avropa Şurası kimi mötəbər bir məclisdə onun bütün potensialı, istedadı qabarıq şəkildə üzə çıxdı və hamı gördü ki, Heydər Əliyevin məktəbini keçmiş, dünyaya tamam öz baxışı, öz aydın münasibəti olan bir siyasətçi, dövlət xadimi yetişib.
Mən Azərbaycan Respublikasının Belarus Respublikasında Fövqəladə və səlahiyyətli səfiri təyin ediləndə prezident Aleksandr Lukaşenko məni qəbul etdi. Təkbətək söhbətimiz zamanı o bildirdi ki, biz Heydər Əliyev kimi dünya siyasətçisindən sonra inanmırdıq ki, İlham Əliyev bu işin öhdəsindən gəlsin. Amma gəldi, özü də necə gəldi!
Onda İlham Əliyev cəmi 2 ildən bir az artıq idi ki, Azərbaycan Respublikasının prezidenti idi. Bu, varislik ənənələrinin ən gözəl nümunəsi idi.

Bu sözü deyəndə Aleksandr Lukaşenko artıq üçüncü dəfə idi ki, ölkəyə prezident seçilmişdi. İki ildən sonra o artıq beşinci dəfə ölkənin prezidenti seçiləcək. Bu insan Avropanın mərkəzində Belarusu necə gözəl idarə edir. Öz xalqının marağına uyğun fəaliyyət göstərir. Bu saatın özündə Belorus Respublikasında işsizlik problemi demək olar ki, yox dərəcəsindədir. Hamı ölkəsinin inkişafı üçün çalışır. Bu ölkə sənaye ölkəsidir. Şəhər əhalisi kənd əhalisindən qat-qat çoxdur. Bütün zavodlar rekonstruksiya edilir, onlar beynəlxalq standartlara uyğunlaşdırılır. Keçmiş kolxozlar aqrofirmaya çevrilmişdir. Hər il məhsul bayramlarında iştirak etmişəm. Bu ölkədə hər hektardan 80 sentner taxıl məhsulu götürürlər. Bu, çox yüksək göstəricidir. Bir sözlə, kim nə deyir-desin, özü bilər, Belarus xalqının əksəriyyəti Aleksandr Lukaşenkonu dəstəkləyir. Lukaşenko da şərəflə öz xalqına xidmət edir, bunun nəyi pisdir?
Bu gün Belarusla Azərbaycan arasında əsl dostluq münasibəti mövcuddur. Mən qətiyyətlə deyə bilərəm ki, bu dostluğun mayasında İlham Əliyevin səmimiyyəti dayanır.
Bəlkə də bu faktı heç kəs bilmir. Düşünürəm ki, Azərbaycan xalqının öz liderini yaxından tanıması üçün bu faktı bilməsi lazımlıdır.
Rusiya ilə Belarus arasında 2009-cu ildə qaz məsələsinə görə gərginlik yaranmışdı. Belarusun Rusiyaya qaz idxalına görə hardasa 200 milyon dollar borcu var idi. Rusiya təkidlə qısa müddətdə borcu ödəməyi tələb edirdi. O zaman Belarusda bir qədər valyuta problemi yaranmışdı. Aleksandr Lukaşenko Belarus parlamentində çıxış edərək Rusiyanı kəskin tənqid etdi və bəyan etdi ki, biz qısa müddətdə bu pulu tapıb Rusiyanın borcunu ödəyəcəyik. Belarusda olan xarici ölkə səfirləri arasında belə söhbət gedirdi ki, yəqin prezident Aleksandr Lukaşenko Venetsuelanın prezidenti Uqo Çavesə müraciət edəcək. Bəziləri də deyirdilər ki, prezident borcu olsun ki, Çin krediti hesabına ödəyəcək. İki gündən sonra məlum oldu ki, Aleksandr Lukaşenko bu borcu artıq ödəyib. Və bu borcu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev verib. Səfirlər mənə yaxınlaşıb soruşurdular: «Nə əcəb siz borc verdiniz?» Bəziləri də deyirdilər ki, bu, Rusiyanın heç də xoşuna gəlməyəcək. Mən qürurla cavab verirdim ki, Azərbaycan prezidenti əsl dostun necə olduğunu nümunə göstərir.
Belarus qısa müddətdə o borcu Azərbaycana qaytardı. Amma İlham Əliyevin bu addımı görün Azərbaycana nə verdi. Ən əsası Dağlıq Qarabağ məsələsində bütün çətinliklərinə baxmayaraq Belarus Azərbaycanın yanında oldu, mövqeyimizi dəstəklədi. Belarusun hərbi sənaye müəssisələrinin ən gizli qapıları Azərbaycanın üzünə açıldı. İndi Aleksandr Lukaşenko əsl dostluqdan söhbət düşəndə fəxrlə İlham Əliyevin adını çəkir.
Bir var, camaata şüar demək, bir də var ki, iş görmək. Əbdül Həqq Hamidin sözləridir:
Ayinəsi işdir kişinin, lafa baxılmaz,
Şəxsin görünür rütbeyi-əqli əsərindən.
İlham Əliyev hər gün bölgələrdədir. Sənaye müəssisələri açır, yolları, sosial obyektləri istifadəyə verir, məktəblər tikdirir, körpülər inşa etdirir, şəhərimizdə keçiriləcək ilk Avropa Olimpiya oyunları üçün tikilən nəhəng idman qurğularına baş çəkir. Biz də hər şeyi görürük, müşahidə edirik. Hansı ölkənin prezidenti son 10 ildə bu qədər əzəmətli, irimiqyaslı işlər görüb? Kənardan söz deməyə nə var ki… O insan bədbəxtdir ki, durub, ancaq nəyin üstündə durduğunu bilmir. Görür, ancaq nəyi gördüyünü anlamır, dərk etmir. Əgər gözlərini silib yaxşı-yaxşı baxsalar, fikirlərini sağlamlaşdırsalar, onda görəcəklər ki, üstündə durduqları Heydər Əliyevin qurduğu Azərbaycan, gördükləri isə hər gələn qonağın heyran kəsildiyi, Ilham Əliyevin gördüyü işlər nəticəsində günü-gündən çiçəklənən, inkişaf eləyən Azərbaycandır.
Mən zərrə qədər də şübhə eləmirəm ki, İlham Əliyev demokratik şəraitdə keçəcək bu prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gələcək. İlham Əliyev bundan sonra hələ çox-çox illər Azərbaycana lazım olacaq. Çünki Heydər Əliyevin Azərbaycanla bağlı böyük arzuları var idi. O, arzuları Prezident İlham Əliyev mütləq həyata keçirməlidir. Xalqımız öz prezidentini sevir, onu dəstəkləyir, onunla qürur duyur.
Yenə təkrar edirəm: Əgər üstündə durduğumuz Heydər Əliyevin qurduğu yeni Azərbaycandırsa, onu inkişaf etdirən, bugünkü möhtəşəm səviyyəyə çatdıran İlham Əliyevdir.
Böyük Cavidimiz də «Azər» poemasında elə bil bu günümüzü görüb, qələmə alıb.
Haq da, həqiqət də göz önündədir,
Yer altında deyil, yer üstündədir.
Bəxtiyarsan əgər çəkdiyin əmək
Cahan süfrəsinə versə bir çiçək.
- Bu yaxınlarda ölkəmizə səfər edən Rusiya prezidenti Vladimir Valadimiroviç Putin Azərbaycanda son illər baş verən dəyişiklikləri xüsusi olaraq qeyd etdi. Eyni fikir türkdilli xalqların dövlət başçılarının Qəbələdə keçirilən görüşündə də səsləndirildi. Bu aydın həqiqəti başqaları görürkən nə üçün bir coxları görülən işləri, qazanılan uğurları ləkələməyə çalışırlar. Əvvəlki söhbətlərimizin birində siz prezident İlham Əliyevin gördüyü işləri Səməd Vurğunun poetik deyimi ilə qiymətləndirdiniz. Bu, məncə fikrin çox uğurlu və həm də yerinə düşən ifadəsi idi:
Dağların döşündən yollar çəkilsin,
Yollar kənarında güllər əkilsin.
Açılısın hər yerdə məktəb, mədrəsə.
Balalar quş kimi versin səs-səsə.

- Bu gün fövqəldövlətlərdən biri olan Rusiyanın dövlət başçısı Vladimir Vladimiroviç Putin Azərbaycana gəlib onun inkişafından, möhtəşəm uğurlarından, dünya dövlətləri arasında layiqli yerindən danışırsa bu, İlham Əliyevin əldə etdiyi böyük nailiyyətdir.
Qaldı Səməd Vurğunun misralarına, həqiqətən gözəl misralardı. Bu, Səməd Vurğunun «Vaqif» pyesində Vaqifin dilindən deyilsə də əslində minillər boyu xalqımızın arzusu olub. İlham Əliyev Azərbaycanı o babalarımızın arzuladığı gözəlliklər diyarına döndərir.
Təkcə Vladimir Vladimiroviç Putin deyil, Azərbaycana gələn bütün dövlət başçıları qısa müddət ərzində gördükləri yeniliklərdən, inkişafdan heyranlıqlarını gizlədə bilmirlər. Bu şəxsiyyətlərin Azərbaycan prezidentinin gördüyü işlərə bu cür yüksək qiymət vermələri xalqımız üçün başucalığıdır və dövlətimizin gələcək nailiyyətlərinin rəhnidir.
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv olmasına 156 dövlət səs verdi. Bəs bu nailiyyəti görməmək mümkündürmü? Azərbaycan elə bir templə inkişaf edir ki, bunu təkcə Azərbaycanın dostları deyil, digər dövlətlərin başçıları da yüksək dəyərləndirirlər. Bəs bütün bunları görən xalq kimə səs verməlidir?
İlham Əliyev haqqında İsrail kimi bir dövlətin prezidenti, Nobel mükafatı laureatı Şimon Peres deyir ki, o, çox yüksək intellektual potensiala malik dövlət xadimidir. Və İlham Əliyevin gördüyü işləri təqdir edərək bildirir ki, mən hesab edirəm ki, bu cür potensialı olan, yüksək intellekti, qurub-yaratmaq arzusu olan prezidentlə xalq xoşbəxtdir.
Heydər Əliyev nahaq yerə demirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram. Yenə deyirəm, İlham Əliyev xalqın xoşbəxtliyidir.
Nədən, Avropanın mərkəzində Belarusda Aleksandr Lukaşenko artıq dörd dəfə prezident ola bilir (20 il). Hesab edirəm ki, beşinci dəfə də seçiləcək. Vladimir Vladimiroviç Putin demək olar ki, növbəti 10 ilin də prezidentlik qarantiyasını alıb. Nursultan Nazarbayev artıq 25 ildir ki, Qazaxıstanın prezidentidir. Və bu ölkələrin xalqları başqalarından heç də pis yaşamırlar. Sual olunur: Bəs Azərbaycanda niyə olmasın?
Demokratik dəyərlər deyə hallandırılan, əslində bir çox ölkələrdə xaotik vəziyyət yaratmaq istəyində olanlar Azərbaycanın belə sürətli inkişafını həzm edə bilmirlər. Azərbaycanın başında güclü şəxsiyyətin, dövlət xadiminin olmasını istəmirlər. Halbuki bu saat Azərbaycan bütün uğurları ilə dünyada ən sürətlə inkişaf eləyən, demokratik dəyərlərə sayğı göstərən ölkələrdən biridir.
- Əli müəllim, siz ölkənin ən gərgin vaxtlarında ulu öndər Heydər Əliyevlə çiyin-çiyinə işləmisiniz. Bir dəfə söhbət zamanı dediniz ki, Heydər Əliyev elə vaxt olurdu ki, sutkanın 20 saatını işləyirdi. Bu çətinliyi, gərginliyi çoxları bilsə də prezidentlik eşqinə düşənlər yenə çoxdur. Prezident olmaq doğrudanmı asandır? Mən bu sualı niyə verdim? Vallah, elə adamlar prezidentlik iddiasına düşür ki, heyrətlənirsən. Xidməti olmadan, daşı-daş üstə qoymadan, məktəb keçmədən, nəhayət xalqın inamını, hörmət və məhəbbətini qazanmadan prezident olmaq olarmı?
- Əzizim, təsadüfi adam da prezident ola bilərmi? Təsadüfi adam ölkəni faciələrə, ölümə sürükləyər. Biz bütün bunları görmədikmi? Prezident olmaq istəyən adam böyük məktəb keçməlidir. Görün, böyük Hadi nə gözəl deyib:
Məktəb nə demək? Rəhbəri irşadü səadət.
O rəhbərlər ki, öz ağıllı idarəetmələriylə xalqı, milləti səadətə, xoşbəxtliyə aparırlar, onlar özləri də xoşbəxtdirlər, mənsub olduqları xalq da.
Əbülfəz Elçibəy xalqını, millətini dərin məhəbbətlə sevən böyük vətəndaş və türkçü idi. Amma prezidentlik səriştəsi yox idi. Azərbaycan 1992-1993-cü illərdə dağılmaq, parçalanmaq, məhv olmaq təhlükəsi altında idi. Keçən müsahibələrimizdə mən bunu xırdalığınacan izah etmişəm. Yəni, bunlar gözümüzün qarşısında baş vermiş hadisələrdi.
1991-ci ildə Belarusda Şuşkeviç hakimiyyətdə idi. Hiperinflyasiya 1000 faizi keçmişdi. Ölkə aclıqla üz-üzə qalmışdı. Aleksandr Lukaşenko ölkəni fəlakətdən qurtardı.
1998-ci ildə Boris Yeltsinin vaxtında Rusiya artıq əyalətlərə parçalanmaq təhlükəsi altında idi. Baxmayaraq ki, Boris Yeltsin böyük siyasi xadim idi, oliqarxiya dövlət idarəçiliyini faktiki olaraq ələ keçirmişdi. Çernomırdin kimi bir adam oliqarxiyanın təsiri altında idi. Lujkov oliqarxiya ilə əlbir idi. Qaydar, Popov kimiləri öz populist fikirləri ilə dövlətin iqtisadiyyatını defolt həddinə çatdırmışdılar. Yeltsin qalmışdı demokratiya dalğasında onu hakimiyyətə gətirənlərin əlində. Vladimir Vladimiroviç Putin gəldi, gör onların qarşısını necə ustalıqla aldı. Putin böyük Heydər Əliyevin əsl qrossmeyster gedişlərini elədi. Potanin, Xodorkovski, Berozovski, Qusinski kimi «əjdahaları» dizi üstə çökdürdü. Onlar artıq Rusiyaya müharibə elan etmişdilər.
Dünyada demokratiyanın beşiyi olan, dünya iqtisadiyyatının 30 faizindən çoxunu əlində saxlayan, beynəlxalq siyasətdə baş rol oynayan super dövlət ABŞ ötən əsrin 30-cu illərində nə vəziyyətə düşmüşdü. Hətta bəzi ştatların ABŞ-dan ayrılmaq təhlükəsi yaranmışdı.
Bu vəziyyəti yaradan da ABŞ-ın prezidenti idi, 1919-cu ildə oliqarxiyanın (milyarder Endryü Millon seçkilərdən sonra maliyyə naziri təyin edildi) dəstəyi ilə hakimiyyətə gələn Qardinqin həyata keçirdiyi səbatsız siyasət nəticəsində ölkə demək olar ki, çökmüşdü. Bu acınacaqlı vəziyyətdən ABŞ-ı xilas edən dünyamiqyaslı böyük şəxsiyyət Franklin Ruzvelt oldu. O Ruzvelt ki, ABŞ-ın tarixində 4 dəfə seçilən yeganə prezidentdir. Yəni, bu dediklərim ona dəlalət edir ki, hər adamdan prezident olmaz. Bu xüsusi bir istedaddır. Heydər Əliyev gəlməsəydi Azərbaycanın taleyi necə olardı? Azərbaycan olmazdı!
İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin böyük məktəbini keçib. Və elə ona görədir ki, bütün istiqamətlərdə həyata keçirdiyi siyasət ölçülü-biçilidir. Həm daxili, həm də xarici siyasət tarazlaşdırılmış ağıllı siyasətdir.
- Azərbaycanın xarici və daxili siyasətində varislik prinsiplərinin bərqərar olması, ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərə sadiqlik, istehsalın canlanması, əhalinin rifah halının yaxşılaşması, yeni-yeni iş yerlərinin açılması və sair problemlər ölkə başçısının fəaliyyətində prioritet istiqamət kimi göstərilir. Xüsusən Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz təmin olunması da İlham Əliyevin ardıcıl, dəyişməz, prinsipial mövqeyindən xəbər verir. Bu barədə sizin fikrinizi bilmək maraqlı olardı.
- Dağlıq Qarabağ çox çətin problemdir. Düşünürəm ki, prezident İlham Əliyev bu məsələnin həlli ilə bağlı bütün mümkün addımları atır. Xüsusilə Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində gördüyü işlər məndə daha çox ümid yaradır.
Düşünürəm ki, bu problemin həllində ATƏT-in Minsk Qrupunun üzvlərindən biri kimi Rusiyanın konstruktiv səy göstərməsindən çox şey asılıdır. Mənim bu qənaətim təsadüfi deyil. Bircə faktı qeyd etməyi lazımlı hesab edirəm. 1992-ci ildə prezident Boris Yeltsinlə Əbülfəz Elçibəy görüşdən sonra mətbuat nümayəndələri qarşısına çıxarkən Yeltsin Əbülfəz Elçibəy tərəfə işarə edərək belə bir bəyanat verdi: «O belə düşünür, ona elə gəlir ki, Dağlıq Qarabağ məsələsinin həllinə ABŞ-ı qatmaq lazımdır”. Əgər bəyanatın tonunu və Yeltsinin ironiyasını nəzərə alsaq, çox mətləblərin üstünü açmış oluruq. Boris Yeltsin demək istəyirdi ki, qat ABŞ-ı bu işə, qat görüm, Qarabağ məsələsini necə həll edəcəksən? Baxmayaraq ki, üstündən 20 ilə yaxın bir vaxt keçib, məsələnin həlli daha da çətinləşib. Hesab edirəm ki, yenə də Rusiya faktoru önəmlidir. Vladimir Putin o şəxsiyyətdir ki, onunla dostluq qurmaq olar.
- Siz İlham Əliyevin seçkilərdə mütləq qələbə qazanacağını bildirir və Azərbaycanın xoşbəxt gələcəyinin Heydər Əliyev ideyaları ilə bağlı olduğuna inanırsınız. Bu inam, bu qətiyyət nədən qaynaqlanır?
- Heydər Əliyev həmişə deyirdi ki, mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.
Burada heç bir pafos yoxdur. Bu sevgini yaradan Azərbaycan xalqının böyük dəyərləri – dili, zəngin tarixi, mədəniyyəti, musiqisi, böyük ədəbiyyatı, bəşər sivilizasiyasına verdiyi qiymətli töhfələr və ulu öndərin özünün yaratdıqlarıdır – hansılar ki, İlham Əliyevin fəaliyyətinin qürur mənbəyidir. Bu dəyərlərin inkişafına yönəltdiyi səylər isə fəaliyyətinin başlıca istiqamətlərindən biridir. Görün, dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoy «Anna Karenina» əsərində bu dediklərimi necə məharətlə, ustalıqla kriteriya halına gətirmişdir, (formullaşdırmışdır):
«O xalqın tarixi var və o xalq gələcəyi olan xalq sayılır ki, özünün mövcud olmasındakı bütün vacib dəyərləri tanıyır və onları qoruyaraq uca tutur».
Yeri gəlmişkən, bu məqamda böyük dəyərlərimizin dünyada təbliğində müstəsna xidməti olan, çoxşaxəli fəaliyyəti ilə daim prezidentimizə dayaq olan Mehriban xanım Əliyevanın titanik zəhmətini xüsusi qeyd etmək lazımdır.
Mehriban xanımın atdığı bütün addımlar Azərbaycanın intibahına, çiçəklənməsinə xidmət edir. Azərbaycanın dəyərli simalarını, musiqisini, xalçasını nadir mədəniyyət incilərini YUNESKO səviyyəsində dünyaya nümayiş etdirmək, ilk dəfə Vatikanda ən gözəl rəssamlıq əsərlərimizin sərgisini keçirmək, minilliklərə söykənən maddi-mədəniyyət abidələrimizin erməni işğalçıları tərəfindən vəhşicəsinə məhv edilməsini beynəlxalq səviyyədə ittiham etmək – bütün bunlar xalqa, millətə sədaqətlə xidmət etmək nümunəsidir.
İlham Əliyevin prezident seçkilərində mütləq qələbə qazanacağına inamım isə ulu öndər Heydər Əliyevin arzularının addım-addım həyata keçməsiylə bağlıdır. Heydər Əliyev nə deyirdi?
«Mən İlham Əliyevə özüm qədər inanıram». Biz də inanırıq, bütün Azərbaycan da inanır. Buna ən böyük sübutsa günbəgün inkişaf edən, böyüyən, çiçəklənən, inamla gələcəyə baxan Azərbaycandır!
Söhbəti yazdı: Zülfüqar Şahsevənli,
«Respublika»
Digər Xəbərlər
12 Dekabr 2025 12:24
Gələn il dünyanın müxtəlif nöqtələrində savaş enerjisi yüksələcək- 2026-cı ilin astroloji-siyasi təhlili
12 Dekabr 2025 09:10
“O, mənə zəng vurub dedi ki, Moskvada Azərbaycanda dövlət çevrilişi etmək üçün...”
09 Dekabr 2025 20:39
Hikmət Hacıyev və Armen Qriqoryan ilk dəfə birlikdə müsahibə verdilər
08 Dekabr 2025 11:21
Donor qanında infeksiyalar daha erkən aşkarlanacaq - MÜSAHİBƏ
24 Noyabr 2025 12:00
“Şeir qəlbin səsidir...” - MÜSAHİBƏ
24 Noyabr 2025 11:14
Şəkərli diabet riskiniz varsa... -Səhiyyə Nazirliyinin mütəxəssisi aydınlıq gətirir
21 Noyabr 2025 11:59
YAP milli maraqlara xidmət edən fəaliyyəti ilə xalqın etimadını qazanıb
17 Noyabr 2025 11:29


Bakı -°C

