Əli Şirin Şükürlü: Ədəbi suprematizm: 1 esse + 1 şeir
1.Filosofun qeydlərindən:
(gözəllik haqqında esse)
Gözəliyin, belə demək mümkünsə, yeni təyinini hələ bir neçə il əvvəl “Qum saatı” telefiziya verilişində verməyə çalışmışdım. Deyəsən, maraqlı reaksiya da doğurmuşdu. Yeni təyin deyəndə, əlbəttə, burada müəyyən oxşar fikirlərə, bu anlayışla bağlı tanış fəlsəfi refleksiyalar da rast gəlmək mümkündür. Lakin gözəlliyi gerçək olanla – həqiqətlə assosiasiya etmək, düşünürəm, maraqlı olar hər halda. Çünki bu təyinin həm də praqmaqtik tərəfləri vardır ki, gözəl görünmək naminə zahiri görünüşə edilən həddən ziyadə müdaxilələrin də mahiyyətinə işıq sala bilər.
Fikirlərimiz fəlsəfi mahiyyət daşısa da, akademiklikdən (elmi üslubdan) qaçıb populyar üsluba üstünlük verəcəyəm ki, daha tez anlaşılan olsun. Bizanslı Foti deyib ki, mən həqiqəti gözəlliyindən tanıyıram. Yəni gözəl olan nə varsa həqiqidir – bir sözlə, gözəlliyin mahiyyətində həqiqət var. Analoji fikiri Eynşteyn qravitasiya (ümumdünya cazibə qanunu) qanunu barədə söyləyib: Qravitasiya qanunu o qədər gözəldir, yanlış ola bilməz.
Gözəlliyin təbiəti həqiqətdən, həqiqətin meyarı gözəllikdən ibarətdir demək. Demək, gözəlliyin əsl göstəricisi onun mahiyyətində olan həqiqətdir, yəni gözəllik mahiyyətcə elə həqiqətdir. Müəyyən həddə qədər gözəlliyə xələl gətirmək qeyri-mümkündür; o həddə qədər ki, gözəllik öz həqiqi təbiətindən aralı düşməyib.
Mən bu essedə yalnız bir nümunə gətirəcəyəm daha estetik mahiyyət daşıdığından: İnsanın zahiri görkəminə edilən müdaxilələrdən. Bir şərtlə, mən bu müdaxilələri sadədən mürəkkəbə dayişdikcə oxucu da bu dəyişmələri göz önündə canlandırsın gərək.
Təsəvvür edin: qadın (Mütləq deyil o, çox gözəl olsun. Hərçənd çox gözəl olsa daha yaxşıdır, çünki bu halda gözəlliyin mahiyyəti daha yaxşı açıla bilər.) makiyaj edir – müəyyən həddə qədər bu ona yaraşır sözsüz. O həddə qədər ki, ona məxsusluq öz təbiiliyindən çox kənar düşməyib. Təbiilik isə varlığın həqiqət göstəricisidir. Müəyyən həddən sonra, makiyajın ölçüsü artdıqca bayağılıq başlayır. Bayağılıq isə təbiiliyin əksi olaraq yalan göstəricisidir. Bayağılıq artdıqca gözəllik öz həqiqi təbiətindən uzaqlaşır və həqiqi təbiətindən uzaqlaşdıqca tədricən öz tərsinə çevrilməyə başlayır (hər şey özündə tərsini saxlayır). Elə bu çevrilməni plastik əməliyyatlara da aid etmək olar ki, oxucu həddən ziyada bədən şəkilləmələrinin nəticələri ilə tanışdır.
İnsan vücudu öz gerçək mahiyyətindən – təbiilik kimi həqiqətindən uzaq düşdükcə, gözəllik öz tərsinə çevrilməyə başlayır. Beləliklə də gözəllik yerini bayağılığa, qeyri-estetik olana verməklə həqiqətini itirmiş olur. Həqiqətindən uzaq düşdükcə isə varlığın öz tərsinə (yalana) qeyri-səlis keçidi başlayır. Gözəlliyin əsl göstəricisi isə onun həqiqətidir. Hər bir gözəllik isə özündə müəyyən dərəcədə tərsini saxlayır, əsl göstəricisi olan həqiqət azaldıqca isə tədricən tərsinə keçidi baş verir.
Qismətiniz daima gözəllik, idrakınız işıqlı olsun!
2.P.S. Mövzuya uyğunluğu (hər iki mətndə qeyri-səlis təfəkkür modelindən istifadə olunmuşdur) nəzərə alınaraq bir şeir təqdim olunur:
şair-filosof
şair poetik düşünən filosofdu – deyir Haydeger.
mən də düşünürəm neçə illərdi:
yaranan nə varsa –
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə dönər.
həyat var a – asta-asta ölümdü elə düşünsən dərindən,
düşünsən dərindən
sevgi – bir az da nifrətdi, nifrət – bir az sevgi,
sevinc – bir az kədərdi, kədər – bir az sevinc,
xoşbəxtlik – bir az bədbəxtlikdi, bədbəxtlik – bir az səadət.
qələbə - məğlubiyyətdi həm də,
məğlubiyyət – qələbə.
(hər şey ifratda öz tərsinə çevrilər). elə çevrilər
bir də görərsən sevinc kədərə dönüb,
səadət acıya, qələbə məğlubiyyətə
ya da tərsinə - odur ki gəlin şükür edək tale verənə.
varolan – yox olandı,
yoxolan – var olan.
ölüm – həyatın davamı; yoxolma deyil,
şüurun məhsulu – bu yerdə, deyəsən, səhv edər şüur.
şair – poetik düşünən filosofdu.
mən də
düşündüm, düşündüm, düşündüm...
və şeir yazdım:
payız gəldi. saralan yarpaq
elə həmin yarpaqdı,
rəngini dəyişib sadəcə.
payız gəldi yenə də.
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa