30 May 2025 12:31
230
GÜNDƏM

"Əməkhaqqı fərqi pensiya məbləğində özünü göstərir" - Deputat

"Gender bərabərliyinin ən mühüm elementlərindən biri də sahibkarlığın inkişafında qadınların rolu ilə bağlıdır. Fərdi sahibkarların 77 faizi kişi, 33 faizi isə qadındır. Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, kiçik sahibkarların 16 %-i, orta sahibkarların isə 8 %-i, qadınlardır. İri sahibkarlar arasında isə qadın yoxdur. Bu baxımdan, orta və iri sahibkarlıq subyektlərində qadınların daha yaxından iştirakının təşviq edilməsi vacibdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu fərq əməkhaqqı arasındakı fərqdə də özünü göstərir:

"Belə ki, qadınların orta aylıq əməkhaqqı 791 manat, kişilərdə isə 1160 manatdır. Doğrudur, bunun bir sıra obyektiv səbəbləri olsa da, bu fərqin minimumlaşdırılması prioritetliyini qoruyub saxlayır. Digər tərəfdən, əməkhaqqı fərqi pensiya məbləğində də özünü göstərir. Bu baxımdan, qadınların pensiya məbləği hesablanan zaman keyfiyyət meyarlarından və eləcə də xüsusi əmsallardan istifadə məqsədəuyğun olardı".

Nicat