06 Iyun 2024 11:05
1750
ƏDƏBİYYAT

Ən qiymətli  təbii sərvət

1995-ci ildən başlayaraq hər il bir mötəbər ölkənin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişiklikləri Konfransı  (  sayca 29-cu- COP29) bu il noyabr ayının 11-dən 24-dək Bakı şəhərində keçiriləcəkdir. Bu məqsədlə  25 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev  Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili “ elan edilməsi haqqında  Sərəncam imzalamışdır. Sərəncama əsasən həmrəylik ilində   görüləcək işlərə aid təsdiq edilmiş tədbirlər planı Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonu da daxil olmaqla bütün respublika ərazisini əhatə edir. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası beynəlxalq aləmdə iqlim dəyişmələrinin  fəsadlarına qarşı aparılan mübarizədə uzun müddətdir ki, öz töhfəsini verməkdədir.

Dünyada yer səthindən atmosfer havasına ildə 50 milyard tona yaxın istilik yaradan qazlar buraxılır. Yeni meşələrin salınması  və   yaşıllıq ərazilərin artırılması   həmin qazların təsirinin azalmasına müəyyən dərəcədə kömək göstərir. Mütəxəssislərin fikrincə  1 hektar  meşə sahəsi sutkada 230-280 kq karbon qazını udub, 180-200 kq oksigen qazını havaya buraxır.  İqlim dəyişikliklərinə müsbət təsir göstərən faktorlardan biri olan mövcud meşələrin göz-bəbək kimi qorunması, bərpa edilməsi və yeni-yeni meşə sahələrinin salınmasıdır. Respublkamızda  meşələr təbii mühitin oksigenlə zənginləşməsində və su balansının  tənzimlənməsində mühüm rol oynayır. Bundan əlavə küləklərin, sel və daşqınların, torpaq sürüşmələrinin və s. qarşısının alınmasına da onlar böyük fayda verir. Mütəxəssislərin açıqlamasına görə 1 hektar meşə 200 nəfər insanın normal sağlamlığının qarantı hesab olunur.

Müdriklər meşələri planetimizin “ağçiyərlər”i, “təbiətin oksigen fabriki” adlandırıblar.  Çünki meşələrin insanlara verdiyi fayda ölçüyəgəlməz dir.Yəni meşələr insanların sağlamlığına, bitkilərin və heyvanat aləminin inkişafına, iqlim şəraitinin normallaşmasına müsbət təsir göstərir.  Qışda havanın temperaturunun 3-5 dərəcə yüksək olmasına, yayda isə bir neçə dərəcə aşağı düşməsinə, rütubətliliyin tənzimlənməsinə də meşələr münbit şərait yaradır. Dünyada meşə örtüyünün sahəsi təxminən 4 milyard hektara bərabərdir. Meşələrin 20,2 faizi və ya 809 milyon hektarı Rusiyanın, 11.9 faizi, yəni 478 milyon hektarı Braziliyanın, 7,75 faizi və ya 310 milyon hektarı Kanadanın, 7,57 faizi, yəni 303 milyon hektarı isə ABŞ-ın ərazisində yerləşir. Ümumdünya meşə ehtiyatlarının 1900 milyon hektarı və ya 47,5 faizi adları yuxarıda qeyd edilən həmin 4 olkənin payına düşür. Meşə sahəsinin böyüklüyünə görə Çin, Avstraliya, KDR, İndoneziya, Peru və Hindistan 5-10-cu yerlərdə qərarlaşıb. Vaxtıkən yer kürəsinin quru hissəsinin 56%-i meşə örtüyü ilə əhatə olunduğu halda, indi isə bu göstərici 30%-ə enib. Araşdırmalara görə son 200 ildə  dünyada meşə örtüyü 2 dəfə azalmışdır.

Meşələr təbiətin ən nadir kompleksi hesab edilməklə ölkəmiz ərazisindəki su, hava və torpaq  kimi komponentlərin tənzimlənməsinə geniş imkan və şərait yaradır. Respublikamızda meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Meşə ilə örtülü olan sahələr  isə 1021,86 min hektar təşkil edir. Bu rəqəm ümumölkə ərazisinin 11,8 faizi deməkdir.

Azərbaycan meşələrinin özünəməxsus faydası və üstün cəhətləri olduğuna görə onlar I qrupa daxil edilmişlər.Meşələrin torpaqqoruyucu,sutənzimləyici, iqlimsaflaşdırıcı,  sanitar-gigenik və s.  xüsusiyyətləri vardır. Bu cəhətləri qoruyub saxlamaq, meşələri daha da inkişaf etdirmək  məqsədilə uzun illərdir ki, ölkəmizdə meşələrə qulluq edilməsi, onların mühafizəsi,  sahəsinin daha da artırılması üçün yüksək səviyyədə iş aparılır. Çünki qonşu respublikalarla müqayisədə ölkəmizdə meşələrin sahəsi nisbətən azlıq təşkil edir. Məsələn, qonşu Gürcüstanda meşələrin sahəsi ölkə ərazisinin 39 %-ni, Rusiya Federasiyasında isə 44%-ni əhatə etdiyi halda  bu göstərici Azərbaycanda 11,8 % təşkil edir. Respublikamızda meşə ehtiyatları 1213,7 hektardır.Bu rəqəm ölkə ərazisinin         14%-ni təşkil edir. Meşələrin 49%-i Böyük Qafqazda, 34%-i Kiçik Qafqazda, 15%-i Talış dağ bölgəsində, 2%-i isə Aran regionunda yerləşir. Respublikada hər adambaşına 0,12-0,14 hektar meşə sahəsi və ya 17 kubmetr oduncaq düşür.

Dövlətimiz ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan xalqının milli sərvəti sayılan meşələrin qorunmasına,bərpa işlərinə, yeni meşələrin, meşə zolaqlarının və yaşıllıqların salınmasına xüsusi diqqət və qayğı ilə yanaşmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə ekoloji siyasətin əsasını qoydu. Respublikamızın ən dəyərli milli sərvəti sayılan meşələrimizin inkişafı yolunda sanki yaşıl işıq yandı. Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası əsasında ekoloji strateqiyaya xüsusi diqqət yetirildi. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə  Milli Fəaliyyət Proqramı” qəbul edildi. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qəbul edilmiş qanun  Ümummilli liderimiz tərəfindən təsdiq edildi. 2000-ci ildə isə Milli Məclisdə daha iki qanun - “Ətraf mühitin mühafizəsi haqqında” və “ Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul edildi.

Ümummilli liderimiz  Heydər Əliyevin 26 dekabr 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra  respublikada bütün təbii sərvətlərin, o cümlədən, meşələrin qorunması və inkişafı sahəsində  geniş imkanlar  yarandı.  Hazırda Meşələrin inkişafı Departamentinin tabeliyində olan regional  Meşə Mühafizəsi və Bərpası, Meşəsalma və  Regional Meşə Tingliyi müəssisələri  ölkəmizdə  meşəbərpa, meşəsalma, əkin materiallarının yetişdirilməsi, toxum tədarükü və s. işləri uğurla həyata keçirir. Müasir qanunvericiliyə əsasən yalnız sanitar-gigenik tələblərə görə ağacın kəsilməsinə icazə verilir.

Ulu Öndərimiz Heydər Əliyev 18 fevral 2003-cü il tarixdə “Azərbaycan Respublikasında  ekologiyaya dair milli proqramın təsdiq edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən ölkədə meşələrin qırılmasının yolverilməz olduğu, onların torpaqqoruyucu, susaxlayıcı, havatəmizləyici kimi vacib olan sanitar-gigenik və sosial-ekoloji funksiyalarının daha da artırılması qarşıya əsas məqsəd kimi qoyuldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1993-cü ilin II yarısından başlayaraq Bakı və Abşeronun yaşıllaşdırılması, ölkədə təbii sərvətlərin, o cümlədən meşələrin qorunmasının xüsusi nəzarətə götürülməsi, həmin illərdə Azərbaycanın UNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiya”ya və digər beynəlxalq sazişlərə qoşulması ekologiya sahəsində respublikamızın  dünyada nüfuzunun daha da artmasına təkan verdi.

2020-ci ildə Vətən müharibəsi zamanı Azətbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən  siyasəti, iqtidar-xalq-ordu üçlüyünün sarsılmaz birliyi, eləcə də şanlı ordumuzun əsgər və zabitlərinin  qəhrəmanlığı sayəsində 30 il işğal altında olan torpaqlarımız düşməndən azad edildi. Nəticədə Qarabaq və Şərqi Zəngəzur regionunda olan 261 min hektar meşə fondu ərazisinin də  işğalına son qoyuldu. Hal-hazırda həmin yerlər minalardan tədricən təmizləndikcə  bu ərazilərdə meşələrin bərpası işləri geniş vüsət alıb. Çünki erməni işğalı zamanı 100 min hektar meşə sahəsi düşmən tərəfindən qəsdən yandırılmış, ya da qiymətli ağac növləri kəsilərək onlardan mebel, çəllək və s. düzəltmək, tikintidə və oduncaq kimi istifadə etmək məqsədilə Ermənistana aparılmışdır.

Tarixən  su çəkmək, ağac əkmək, bağ salmaq, meşələrə və meşə ətəklərinə qulluq etmək  xalqımız arasında mühüm  xeyirxah əməl, böyük  savab iş hesab olunub. Ulu babalarımızın bu gözəl adət və ənənəsinin bu gün də geniş miqyasda  respublikamızda davam etdirilməsi Müzəffər Azərbaycan dövlətinin, şanlı xalqımızın  qlobal iqlim dəyişikliklərinə  ən layiqli töhfəsidir. Gəlin, hər adama bir ağac əkək, yaşıllıq və  meşə fondumuzu artıraq. Meşələrin və kolluqların yanğından mühafizə olunmasına çalışaq! Bununla da iqlim dəyişikliyinin müsbət istiqamətə yönəldilməsinə öz köməyimizi göstərək!

Zakir Bayramlı,şair-pubilisist, AYB  və AJB-nin üzvü