30 Yanvar 2025 16:55
198
MƏDƏNİYYƏT

Erməni bəstəkarın Qarabağa həsr etdiyi opera ABŞ səhnəsində - Bəs bizimkilər?

ABŞ-ın Boston şəhərində gənc erməni bəstəkar Qriqori Balasanyanın 44 günlük müharibəyə həsr etdiyi “Səssiz göz yaşları” operasının təqdimatı olub.

Adalet.az
xəbər verir ki, Qriqori Balasanyanın "Səssiz göz yaşları" adlı ilk operasının premyerası 2024-cü ildə olub. Noyabrın 16-da Fenvay Opera Klubu ilə birlikdə guya real bir hekayəyə əsaslanan opera bir ailənin taleyini təsvir edir: Tamaşaçılar gənc bəstəkarın əsərini çox isti qarşılayıblar, bəziləri musiqidən və filmdə təsvir olunan hadisələrdən dərin təsirlənib. İndi bəstəkar planlaşdırır ki, opera ABŞ-ın digər şəhərlərində səhnə alsın.

Qeyd edək ki, Google-ni ələk –vələk etdim, Qarabağdakı qələbəmizə aid bir opera yazılması ilə bağlı xəbərə rast gəlmədim.
 Amma onu da qeyd edək ki, Vətən müharibəsi dövrü və sonrasında vətənpərvərlik ruhunda mahnılarımızın zəfərdən, qələbədən bəhs etməyə başladı. Zəfər Günü münasibətilə ötən 4 ildə yaranan və qələbəmizə ithaf olunan mahnılardan bir neçəsi aşağıdakılardır:

Elçin Cəfərov - “Millətəm”, Çinarə Məlikzadə - “Azərbaycan”, Xatirə İslam - “Kəndinə qayıdır, xan”, Səmra Rəhimli - “Şuşa, biz qayıtmışıq”,
Röya Ayxan - “Qələbə” və.sair

n.

İnsafən qeyd edək ki, 2023-cü ilin 7 noyabınrda M.Maqomayev Adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Zəfər” musiqi və teatr festivalı çərçivəsində 8 noyabr “Zəfər” gününə həsr olunan konsert keçirildi. İlk musiqi nömrəsi olaraq dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uverturası səsləndi. Ümumiyyətlə, bu konsertdə Üzeyir bəyin Əhməd Cavadın sözlərinə “Çırpınırdın Qara dəniz” və sonda “Koroğlu” operasından “Çənlibel” xoru səslənməklə sanki dahi sənətkarın ruhu da bu zəfəri müjdələdi. Unudulmaz bəstəkarımız Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu da musiqi bayramına xüsusi bir rəng qatdı. Bu heç...

Konsertin proqramında  Zəfərə həsr edilən əsərlər də vardı.  Bunlardan Xalq artistləri Firəngiz Əlizadənin “Zəfər Marşı” (sözləri müəllifindir), Dadaş Dadaşovun “Qələbə uverturası”, Faiq Sücəddinovun “İthaf” (sözləri Baba Vəziroğlunundur), Eldar Mansurovun “Ulu torpaq” (sözləri Nahid Hacızadənindir), Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Əsgər marşı”, “İrəvan Türk Cümhuriyyətinin Dövlət himni” (sözləri İsmayıl Böyüktürk və Abdulla Cəfərlinindir), “Zirvə” (sözləri Aydan Xəndanındır) əsərlərini və mərhum bəstəkar Rauf Əliyevin “Şuşanın dağları başı dumanlı” simfonik poemasını qeyd edə bilərik.

Təəssüf ki, indiyə qədər Zəfərimizə həsr edilən musiqilərimiz nəinki ABŞ-da , ümumiyyətlə, heç bir xarici ölkəyə çıxmayıb. Heç Biləcəridən o tərəfi görməyiblər...Əslində heç ortada nə bir opera var, nə operetta var... 

Əntiqə Rəşid