adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
09 Iyun 2023 17:23
491
GÜNDƏM

Erməni diasporunun və təbliğatının gücü:“İtmiş günəşin narıncısı”

Erməni jurnalist, natiq, tərcüməçi, yazıçı Aşot Beqlaryanın Moskvada yeni kitabı çapa hazırlanıb.


Adalet.az xəbər verir ki,  “İtmiş günəşin narıncısı” adlı kitabda 44 günlük müharibə, 2-ci dünya savaşı, eləcə də “Artsaxın blokadası” haqqında hekayələr var.


Bunu erməni mediası sevinclə qeyd edir.

Xankəndidə doğulub boya-başa çatan, I Qarabağ savaşında erməni separatçılarının tərkibində Azərbaycana qarşı döyüşüb. Bu döyüşlərdə Beqlaryan ağır yara alıb. Yazıçı Beqlaryan deyib ki, hekayələr kitabı Böyük Vətən Müharibəsi zamanı itkin düşmüş babası haqqındadır.
“Atam, şair Ernest Beqlaryan ona bir sıra şeirlər həsr etmişdi, uzun illər atası haqqında hər hansı dəqiq məlumat almaq ümidi ilə yaşayırdı. Bu əsərlərin motivlərindən “İtmiş günəşin portağalı” romanında istifadə olunur. Kitabda həmçinin 2016-cı ilin dörd günlük aprel müharibəsi, eləcə də 2020-ci il müharibəsi haqqında hekayələr yer alıb”.
Kitab icmalı həmçinin “Artsaxın Azərbaycan tərəfindən davam edən blokadasından və bütün çətinliklərə qalib gələrək öz bəşəri dəyərlərini itirməməyə çalışan Artsax xalqından” bəhs edir.

Kitab Rusiyada tanınmış erməni ictimai xadim Yuri Navoyanın himayəsi ilə onun əsasını qoyduğu DİALOQ kitablar silsiləsi çərçivəsində nəşr olunacaq. Biblio-Globus onlayn kitab mağazasının erməni-rus klubunda təqdimat da nəzərdə tutulub.
Bəzilərinin adını indi eşitdiyi bu yazıçını Azərbaycanın yuxarı elitasına çoxdan tanışdır. Atəşkəs dövründə Beqlaryan separatçı qurumun rəhbərinin köməkçisi vəzifəsini icra edib.

Beləki, 2015-ci ildə Ukraynanın məşhur ədəbiyyat jurnalı "Vsesvit" (Kainat – red.) jurnalı Qarabağdan olan erməni yazıçı Aşot Beqlaryanın əsərlərinin yenidən çapını həyata keçirdi.
Həmin jurnalda Beqlaryanın əsasən müharibəyə həsr edilən povestləri yer alıb.
Hətta 2013-cü ildə "Vsesvit" jurnalı Aşot Beqlaryanın əsərlərini "Qarabağ ədəbiyyatı" adı altında çap eləmişdi. Proyekt jurnalın qondarma "Dağlıq Qarabağ Respublikasının Mədəniyyət və Gənclər Nazirliyi" ilə imzaladığı memorandum əsasında baş tutmuşdu.


P.S. Dəfələrlə ermənilərin Qarabağla bağlı çəkdiyi filmlər haqqında yazmışam. Əgər yadınızdadırsa bir neçə dəfə premyerası 11 sentyabr 2016-cı ildə Toronto Beynəlxalq Film festivalında baş tutmuş “Vədə” filmindən də danışmışdım. ABŞ-da yaşayan erməni Milyarder Kİrk Krekoryan Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan “Vədə” filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi. Film “Oskar”a namizəd oldu.Bütün türk dünyasına nifrətlə hədəflənmişdi. 

Digər bir film: ermənilərin "Qarabağ" haqqında çəkdiyi “Əgər külək əsərsə” filminin büdcəsi 12 milyon dollar oldu və hətta həmin film dünyanın ən məşhur “Kann film festifalı”nda (73-cü festival ) “ “ən yaxşı” 56 filmdən biri oldu. Filmin rejissoru erməniəsilli Nora Martirosyan Fransa vətəndaşıydı.
2020 –ci ildə Berlin Beynəlxalq Film Festivalının "Forum" proqramına "Qara Bax Artsax" filmi daxil edildi. Azərbaycanlıların internet üzərindən bütün etirazlarına baxmadan film festivalda nümayiş olundu. 

Daha sonra - 2016-cı ilin aprelində Qarabağda baş vermiş 4 günlük Aprel döyüşlərinə həsr edilmiş “Cənnətin qapıları” filmi 2020-ci ildə Moskva kinofestivalında nümayiş olundu. 

Bütün bunların fonunda Azərbaycan nəinki bu tədbirlərin qarşısını almaq, hətta tədbirlərin gedişinə mane olmaq kimi fikirlərə düşmədi. Nə Azərbaycan kinomatoqraflarının, nə senaristlərin, nə yazıçıların səsi çıxdı, nə də Azərbaycan diasporası "mıqq" elədi.

Yazını hazırlaya –hazırlaya düşünürəm ki, görəsən, hansısa bir yazıçımızın, ədibimizin 44 günlük Vətən müharibəsinə- ümumilikdə 30 ildir davam edən Qarabağ müharibəsinə həsr olunmuş hansısa bir kitabı Moskvada , rus dilində  nəşr olunubmu? Nəşr olunubsa, yəni bu haqda bilən varsa, bizə yazsın...


Əntiqə Rəşid