30 Noyabr 2023 11:51
1610
MƏDƏNİYYƏT

“Ermənilərin beyninə girmək istəyirəm, qeyri-səmimi sülh istəmirəm...”

“Şəxsən mən istəyərdim ki, Ermənistan ziyalıları ilə növbəti dəfə görüşüm, sözün düzü bunu çox həyəcanla gözləyirəm. Onlara deyəcək sözlərim var. Çünki problem ermənilərin beyinlərindədir”

Bunu Adalet.az-a açıqlamasında Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib. A.Salayev erməni aktyor Ruben Babayanın Azərbaycan ziyalıları ilə növbəti dəfə görüş təklifinə hazır olduğunu bildirib:

“Onlar nə vaxta qədər düşünəcək ki, Azərbaycanın ərazisi tarixi erməni torpaqlarıdır, azərbaycanlılar isə Altay dağlarından köçən bir tayfadır heç vaxt ortada sülhdən söhbət gedə bilməz. Nə vaxta qədər bu təsəvvür bunların ictimai şüurunda olacaq onda da heç bir şey aramızda yaxşı ola bilməz. Görüşdə bu fikirlərimi onlara demək istəyirəm. 
Onlara sual vermək istəyirəm ki, Bakıda Şirvanşahlar Sarayını, Qız qalasını kaçevniklər tikib? Azərbaycanın milli xörəkləri bir qazanda yox, ayrı-ayrı bişirilir. Bu kaçevniklərin yeməyidir? Azərbaycanın muğamı kaçevniklərin musiqisidir, geyimi onlarındır? Belə suallar çoxdur. 

Dünya inqilabı ideyası var. Böyük Alman ideyası. Bunların da beynində “Böyük Ermənistan” ideyası var idi. Belə ideyalar isə həmişə fəlakətə uğrayır. Onların problemi o oldu ki, komunistlərdən fərqli olaraq erməniləri dünya ictimaiyyəti dəstəklədi və böyük zərər vurdu. Biz isə öz üzərimizdə işləyib ölkə kimi bunu həyata keçirdik və nəticəsi də göz qabağındadır. Səmimi deyim ki, ermənilərin beyninə girmək istəyirəm. Qeyri-səmimi sülh istəmirəm, çünki onun nəticəsi olmayacaq. Onların beynindən bu ideya çıxmalıdır. Ermənilər deyirlər ki, Nizami Gəncəvi fars şairidir, çünki fars dilində yazıb. Ona belə çıxır ki, Sayat Nova Azərbaycan şairidir. Bəs onda niyə erməni şair Azərbaycan dilində yazıb? Deməli onun qəlbi bu dildə döyünüb. Şairin məcburən başqa dildə yazmağı qeyri-mümkündür. Onlara sual vermək istəyirəm ki, erməni dərsliklərində Sayat Nova haqda dərs keçirlər?”.

Qeyd edək ki, Ermənistanın O.Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan Azərbaycan mədəniyyət nümayəndələri ilə növbəti görüşə hazır olduğunu bildirib. Xatırladaq ki,  44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan ictimai xadimləri arasında ilk və sonuncu görüş 2021-ci ilin dekabrında Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun vasitəçiliyi ilə təşkil edilib. Həmin görüşdə Xalq yazıçısı Kamal Abulla, Xalq artisti Fərhad Bədəlbəyli, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak edib. 

Vasif Əlihüseyn