11 Iyun 2025 13:59
378
ƏDƏBİYYAT

ƏSIL ZIYALI, ALIM, VƏTƏNDAŞ MÖVQEYİ OLAN Professor Nazim İmanov

Hər zaman olduğu kimi, müasir dövrümüzdə də ətrafımızda elə alimlər, ziyalılar və məmurlar vardır ki, onların xidmətləri çox şəffaf olduğuna görə xalq qarşısında və ya mənsub olduğu camiyyə qarşısında xüsusi hesabat vermələrinə ehtiyacı duyulmur. Çünki onların hesabatlarını onlar verməsə də belə, xalq görür və qiymətləndirir. Belə alim-ziyalılardan, ictimai xadimlərdən biri də Azərbaycan xalqının yaxşı tanıdığı, qiymətləndirdiyi və dəyər verdiyi səxsiyyətlərdən olan professor, iqtisadçı alim, keçmiş siyasi xadım-deputat, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli (İmanov)dur. Həqiqətən də, Onun 70 illik yubiliyi ərəfəsində xüsusi hesabat verməsinə heç bir ehtiyac yoxdur. Bizə elə gəlir ki, onu səxsən tanıyanlar, onun əvəzinə, onun adına, onun ömür yolunun yuvarlaq bir pilləsində məmnuniyyətlə hesab verə bilərlər.

Görkəmli elm adamlarının və ziyalılarının ömür yolu illərlə deyil, yaratdıqları ilə, qoyub getdikləri və ya gedəcəkləri elmi mirasla, xalqın yolunda  gördükləri işlər, zamanın ruhuna verdikləri nəfəs və yol göstərən işıqlı fikirlərlə dəyərləndirilir. İqtisad elmləri doktoru, professor, əqidəli ziyalı və ictimai xadim, Azərbaycanda iqtisad elmi düşüncəsinin müasir məkanını formalaşdıran əsas səxsiyyətlərdən biri olan Nazim Müzəffərlinin(İmanov) 70 illik yubileyi bu baxımdan həm elm-təhsil, həm cəmiyyət, həm də dövlət üçün əhəmiyyət daşıyan hadisədir. Bu yubiley sadəcə bir yaş göstəricisi deyil, həm də iqtisadiyyatın və iqtisad elminin yeni inkişaf mərhələsinə doğru yürüşündə bir yeni nəfəs, bir atəşin döyünən ürək və müdrik zəkanın sönməz işığıdır.

Professor Nazim İmanov Milli iqtisadi fikir tarixinə yazılmış addır.

Nazim Müzəffərli-İmanovun elmi irsi, inzibatı, siyasi və ictimai fəaliyyət trayektoriyaları bir-birini tamamlayan paralel vəhdətlərdir. Onun elmi fəaliyyəti ilə dövlətçilik maraqları arasında heç vaxt təzad olmayıb. Əksinə, iqtisadiyyatın dərin sirlərinə nüfuz edən  alim hər zaman ölkənin milli maraqlarını elmi əsaslarla qoruyub, iqtisadi siyasətin düzgün formalaşmasına, xüsusilə post-münaqişə dövründə bərpa işlərinin elmi yönləndirilməsinə sanballı töhfələr verib.

2024-cü ilin dekabrında Prezident İlham Əliyevin “Rossiya-1” kanalına verdiyi müsahibədə Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın 150 milyard ABŞ dolları həcmində qiymətləndirilməsi ictimaiyyətin və beynəlxalq aləmin diqqətini cəlb etdi. Bu rəqəmin arxasında duran böyük elmi-intellektual zəhmətdə, şübhəsiz ki, Nazim İmanovun rəhbərlik etdiyi elmi qrupun, onun başında dayanan şəxsiyyətin məsuliyyətli rolu vardı. Həmin rəqəm sadəcə statistik göstərici deyildi – o, həm də Azərbaycanın ədalətli mövqeyinin, haqq səsinin dünyaya çatdırılması yolunda elmin necə səfərbər olunduğunun göstəricisi idi. Bu prosesdə Nazim Müzəffərlinin rəhbərlik etdiyi tədqiqat qrupu yalnız akademik təhlillə kifayətlənməmiş, tarixi ədalətin bərpası üçün konkret hesablama və iqtisadi əsaslandırma modeli ortaya qoymuşdur. Dövlət komissiyasının elmi məsləhətçisi kimi belə bir tarixi əhəmiyyətə malik sənədin hazırlanmasında onun verdiyi töhfə iqtisad elminin dövlətin siyasi-hüquqi strategiyasına necə transformasiya oluna biləcəyinin təntənəli nümunəsidir.

Post-konflikt dövrün iqtisadiyyatı elə elmdən dövlət siyasətinə gedən yoldur.

Professor Nazim İmanovun Azərbaycan iqtisad elminə gətirdiyi ən mühüm yeniliklərdən biri də post-konflikt ərazilərin bərpası istiqamətində yaratdığı elmi məktəbdir. Bu sahə üzrə konseptual əsasları o, hələ xeyli illər əvvəl həmkarı ilə birlikdə yazdığı "Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar" kitabında ortaya qoymuşdu. Həmin əsər Qarabağ müharibəsinin davam etdiyi dövrdə və zəfərdən xeyli illərəvvəl yazılmışdı. Bu əsər, bu konsepsiya Azərbaycan xalqının gələcək çağırışlarına ünvanlanmışdı.Bu əsər elmi proqnoz, gələcəyə strateji mesaj idi.

Hazırda erməni işğalından azad olunmuş ərazilərin iqtisadi bərpası, dayanıqlı məskunlaşdırma və yeni iqtisadi modelin qurulması istiqamətində aparılan elmi tədqiqat işləri məhz Nazim müəllimin başçılığı ilə ETN İqtisadiyyat İnstitutunun əsas elmi platformaları üzrə həyata keçirilir. Bu, elmin praktikaya, tədqiqatın icraya çevrilməsi yolunda örnək hesab olunacaq bir uğurdur.

Professor Nazim İmanov Dünya miqyasında qəbul olunmuş fikir adamıdır.

Onun fikirləri yalnız milli sərhədlərlə məhdudlaşmayıb. Nazim İmanovun elmi əsərləri xüsusilə də "Azərbaycanın reytinqi (beynəlxalq elmi müqayisələrdə)" və "İqtisadiyyatın sosialyönlüyü: sağçı və solçu sistemlərdə" adlı kitabları təkcə Azərbaycanda deyil, beynəlxalq elmi dairələrdə də geniş əks-səda doğurub. O, iqtisadi modellərin ideoloji çərçivələrlə məhdudlaşmadığını sübuta yetirərək göstərmişdir ki, dövlətin iqtisadi siyasətinin səmərəsi konkret göstəricilərdə ifadə olunaraq, əhalinin rifah səviyyəsi ilə ölçülməlidir. Onun bu yanaşması strateq-alim mövqeyinin ifadəsidir. Alimin bu kimi tədqiqatları nəinki elmi ictimaiyyətin, hətta siyasətçilərin də iqtisadi idarəetmə problemlərinə yenidən baxmasına səbəb olmuşdur. Nəticə odur ki, iqtisad elminin imkanlarına məhz Nazim Müzəffərli kimi alimlərin sayəsində dövlət idarəetmə orqanlarınayenidən etibar edirlər və onun tövsiyyələrindənistifadə edirlər..

Professor Nazim İmanovun həyat yolunun Elmi-intellektual fəlsəfəsi təqdirə layiqdir.

Professor Nazim İmanovun fəaliyyəti, elmi axtarışları, pedaqoji və idarəçilik qabiliyyəti onun fitri istedadından, zəngin daxili aləmindən və mübariz əqidəsindən doğur. Onun gənc yaşlarından başladığı elmi axtarışlar – 1982-ci ildə AMEA-da yazdığı namizədlik dissertasiyası, 1987-ci ildə Moskvada nəşr olunmuş və mükafata layiq görülmüş "Təbiətdən istifadə sferasının iqtisadi münasibətləri" kitabı ilə başlayıb, indiki yüksək elmi-fəlsəfi düşüncə zirvəsinə qədər uzanan bir yol təşkil edir.Onun gənclik həyatında siyasi fəaliyyət və təcrübə də az yer tutmur. O, ölkənin Milli Məclisinin deputatı kimi Azərbaycan iqtisadi qanunvericiliyinin əsaslarını formalaşdıran islahatlarda iştirak edib, dövlət idarəçiliyində elmin fəal təmsilçisi olmuşdur.

Professor Nazim İmanov təkcə iqtisadçı alim deyil, həm də strateji düşüncəyə malik zamanla yarışan şəxsiyyətdir.

Professor Nazim Müzəffərli-İmanov sadəcə elmi tədqiqat nəticələrilə tanınan alim deyil. O, həm də Azərbaycan ziyalısının hansı məziyyətlərə malik olmalı olduğunu öz həyatı ilə sübut etmiş şəxsiyyətdir. Dövlətə, millətə, elmə və gənc nəslə bağlılığı ilə seçilən, hər addımında ədalət və yüksək düşüncə nümayiş etdirən bir aydındır. Onun yetişdirdiyi gənc alimlər, apardığı elmi tədqiqatlar, yaratdığı elmi məktəblər və yazmış olduğu əsərlər yalnız bu gün üçün deyil, gələcək üçün də möhkəm təməl rolunu oynayır.

Professor Nazim Müzəffərli 70 illik ömrünə elmi təmkin, milli ruh, strateji baxış və bəşəri dəyərləri sığdırmağı bacaran, ölkənin iqtisad elmini sadəcə rəqəmlər və cədvəllər yox, həm də insan və cəmiyyət taleyinə xidmət edən bir səviyyəyə yüksəltməyi bacaran nadir şəxsiyyətlərdəndir.

Professor Nazim İmanovincə yumora malik ictimai xadimdir.

Nazim İmanov təkcə elmi əsərləri ilə deyil, həm də incə yumoru, ironik təhlili və yüngül sarkazmı ilə seçilən yazıçı təbiətli bir ziyalıdır. "Milli Məclisin ağlamalı gülməcələri" kitabı bunun ən gözəl nümunəsidir. Bu kitabda Nazim müəllim hadisələri gülüş arxasında gizlədərək, elə dərin təhlillər verir ki, oxuyarkən həm gülürsən, həm də dərindən düşünməyə vadar olursan. Bıidiyimizə görə həmin gülməcələr seriyasını Nazim müəllim indi də davam etdirir.Əslində bu da xalqa fayda verməyin bir usuludur. Hadisələrin təkcə görüntüsünü deyil, mahiyyətini, səbəblərini və nəticələrini incə, xəfif yumorla təqdim edə bilmək də böyük bacarıqdır.

Nazim müəllim Zəfərdən sonrakı iqtisad elminin misiyasına da aydınlıq gətirmişdir.

Professor Nazim İmanovun həyat yolu işıqlı, nurlu bir yoldur. Bu yolda o, təkcə özünə işıq saçmayıb, başqalarına da yol göstərib. İqtisad elmi sahəsində yüzlərlə alim onun məktəbindən keçib. Elmi rəhbər kimi tələbələrinin təkcə mövzularına deyil, onların insan kimi formalaşmasına da təsir göstərib. Çünki onun üçün iqtisadiyyatda insan amili öndə olduğu kimi, elmdə də insan ilk sıradadır.

Nazim İmanovun yubileyi təkcə bir alimin, ziyalının, ictimai-siyasi xadimin yaşı ilə ölçülmür.Onun yubileyi bir ictimai-siyasi düşüncənin, bir elmi baxışın, bir həyat fəlsəfəsinin, bir vətəndaş yetişdirmə məktəbinin yubileyidir.

Qarabağda Böyük Zəfərdən sonra həyata keçirilən sosioloji araşdırmaların təşkili və təhlilində də Nazim İmanovun rəhbərliyi özünü göstərdi. ADA Universiteti və İqtisadiyyat İnstitutunun birgə keçirdiyi üçmərhələli tədqiqatların elmi rəhbəri kimi o, cəmiyyətin yenidənqurma proseslərinə münasibətini ölçdü, dövlət idarəetmə orqanlarına öz tövsiyyələrinitəqdim etdi.

Nazim müəllimin səxsində Zəkanın və vətəndaşlıq borcunun harmoniyası əks olunmuşdur.

Əsl alim yalnız bilən deyil, həm də dərk edən, tətbiq edən, öyrədən və istiqamət verəndir. Nazim Müzəffərli (İmanov) həm elmi nailiyyətləri, həm də cəmiyyətin ehtiyaclarını nəzərə alan fəaliyyətləri ilə bu anlayışın canlı təcəssümüdür.O, zəkanı zəhmətlə, düşüncəni məsuliyyətlə, ideyanı missiya ilə birləşdirən, elmin təməl prinsiplərini Azərbaycanın dövlətçilik ideyalarına inteqrasiya edən bir şəxsiyyətdir.

Bu günlərdə 70 yaşını tamamlayan Nazim müəllim bir dövrün, bir elmi məktəbin, bir millətə xidmət fəlsəfəsinin adıdır. Bu yubiley, sadəcə bir təqvim ili qeydinin deyil, zəkanın, əqidənin, elmi-intellektual fədakarlığın təntənəsidir.

Bu böyük alimə sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları və yetişdirdiyi gənclərin nailiyyətlərində öz adını görmək xoşbəxtliyi arzulayırıq.

Hörmətli professor Nazim Müzəffərli (İmanov), Sizə sağlam, işıqlı və uğurlarla dolu yeni yaşam onillikləri arzulayırıq.

  Əlövsət Qaraca Əliyev,

Iqtisad elmləri doktoru, professor