adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Iyun 2022 10:55
2310
ƏDƏBİYYAT

Əsirgəmə məndən dualarını... - Adil Şirin (şeirlər)

Şair ömrü

Ulduzlara baxıram,

İçin-için alışaraq, yanaraq -

Ömür, sanki qızıl qanla

Bir bənd şeir yazılmış yaşıl yarpaq...

 

Dağlar, gözləyin məni

Fələk bağlayıb yolumu,

Kələfçələyib qolumu.

Kim deyir qaranlıqda

İşıqtək sönəcəyəm...

Dağlar, gözləyin məni

Bir gün geri dönəcəyəm.

 

Ya bir bahar axşamı,

Ya bir yağışlı gündə.

Ya qalxanla dönəcəyəm,

Ya da qalxan üstündə.

 

Yaşasaydı

Qarabağ uğrunda gedən döyüşlərdə

şəhid olmuş igid döyüşçü

Elçin Müzəffər oğlunun xatirəsinə

 

Yaşasaydı bir qız sevərdi,

Heyva gülü, nar çiçəyi.

Bədirlənmiş Ay doğanda

Susdu onun ürəyi.

 

Yaşasaydı bir ev tikərdi,

Pəncərəsi gündoğana.

İndi bir gül qız solur hardasa,

İndi namaz üstə ağlar bir ana.

 

Yaşasaydı o mənə dost olardı,

Doğma qardaşdan irəli.

İndi göy üzündədi,

Tanrının ətəyində çırpınır əli...

 

Alın yazısı

Rüzgarlara qoşulub uçur, uçur

Axar suların aydınlığına.

Ömrün qızıl çağlarında,

Bəyaz sularda yarpaqlar.

 

Yelkənsiz qayıqlar kimi,

Üzür, üzür qərq olur.

Axar bəyaz suların aydınlığı,

Qara rüzgarlarla dolur...

 

Yelkənsiz bir yarpaq qayıqda,

Mənim taleyim üzür bu gün.

Göz yaşını göstərmədən,

Axıb gedir bəyaz sular...

Boz günlərdə

Boz-bulanıq günlərdə

Haçansa yazdığım şeirlər

Bir ilıq təsəllidi

Bu ilıq təsəlli də artıq

Ovutmur qəlbimi, bu da bəllidir.

 

Min illərdi insanlar

Əyir Femidanın tərəzisini

Ümid sonda ölmür daha

İndi əvvəlcə ümidi öldürürlər.

 

Bir ömür yaşayır hər şair

Bir şeir yazanacan,

Bir dua edənəcən

Neçə yol öldürürlər şairi

Bir gün tabutu çiyinlərdə gedənəcən.

 

Sən

Əlim çatmayacaq qədər,

Səsim yetməyəcək qədər,

Uzaqsan, uzaqsan sən.

 

Bəzən göy üzündə bəyaz bir mələk,

Bəzən yer üzündə.

Taleyinə gülümsəyən

Körpə bir uşaqsan sən.

 

Bəzən içimi yandırıb yaxan

Bir sirr, bir günahsan.

Bəzən pəncərəmdə bədirlənmiş Ay,

Bəzən gözlədiyim bir sabahsan.

Bəzən iki damla göz yaşı,

Bəzən qərib ahsan...

 

Taleyin dönəndə, bəxtin yatanda

Qızım Nərgizə

Bu yay gecəsində ulduzlar solğun,

Bu gecə mələktək girdin yuxuma.

Bu yay gecəsində ürəyim yorğun,

A qızım, od düşüb yorğun ruhuma.

 

Ay da haradasa yoxa çıxıbdı,

Yuxusuz gecələr əzabdır mənə.

Sanki bəxt ulduzum göydə axıbdı,

Qızım, ipək səsin titrədi yenə.

 

Yenə də bu dünya başıma dardı,

Yenə də göz yaşım içimə axır.

İlahi, nə xoşbəxt günlərim vardı,

İndi ayrılıqlar arxamca baxır.

 

Qızım, bu şəhərdə qəhr oluram mən,

Axşamlar dənizdə günəş batanda.

Ay da yoxa çıxır göyün üzündən,

Taleyin dönəndə, bəxtin yatanda.

 

Əsirgəmə məndən dualarını

Sənsiz yaşamaram deyirdim, gülüm,

Bir zindana dönər sənsiz bu dünya.

Niyə yaşayıram, mən niyə sənsiz

O ötüb keçənlər bəlkə bir röya.

 

Həsrətin hər zaman kəsib yolumu,

Vəfalı köpəktək önümdə durub.

Bağlayıb əlimi, tutub qolumu

Bəzən dərdli-dərdli boynunu burub.

 

Pəncərə önündə ümidsiz, yorğun

Dayanıb baxaram, gözüm yol çəkər.

Nə uzanan yollar gətirər səni,

Nə də bu həsrətin məndən əl çəkər.

 

Niyə yaşayıram, mən niyə sənsiz

Məhbəs divarları yıxılmır niyə.

Nə yerə sığıram, nə göyə sənsiz,

Bu həsrət, bu hicran yox olmur niyə.

 

Bəlkə bu bir yuxu - harda, hardayam?..

O isti, mehriban baxışın hanı?

Yaman çətindəyəm, yaman dardayam

Əsirgəmə məndən dualarını...

Payız ayrılığı

Göy üzü qəfildən tutulur, dolur,

Yarpaqlar tökülür, yarpaqlar solur.

Ötən bir məhəbbət xatirə olur,

Unut məni, unut məni, əlvida.

 

Bir də bu şəhərdə çıxma qarşıma,

Taleyə qarışma, baxta qarışma.

Daha bir kimsədən məni soruşma,

Unut məni, unut məni, əlvida...

 

Taleyə inandım, baxta inandım,

İnandım, aldandım, yenə inandım.

Haqqın qapısında gəlib dayandım,

Unut məni, unut məni, əlvida...

 

Payız ayrılığı kəsdi yolumu,

Qırdı qanadımı, qırdı qolumu.

Ömür bumu, tale bumu, bəxt bumu?-

Unut məni, unut məni, əlvida.

 

Axşam düşür

Dərmansız dərdlərə tutular könül,

Dost qara bağlayar, fələklər gülər.

Analar ağlayar, oğullar susar,

Oğullar ağlasa, analar ölər.

 

Mən naşı deyiləm, naşı deyiləm,

Bu dünya fanidi, ömür girovdu.

Sevgilər, sevdalar şirin röyadı,

Ölüm bir ovçudu, könül bir ovdu.

 

Axşam düşür... Bayraq kimi yellənir,

Pəncərəmin sarı güllü pərdəsi.

Ürəyimi dəlik-deşik eyləyir

Uçub gedən qərib quşların səsi.

 

Axşam düşür... Könüllər havalanır,

Nəğmələr də kövrəlir ayrılıqda.

Fani dünya şairlərin əyninə,

Ax, Allahım dar gəlir ayrılığa...

 

Sən mənə sevgi ver

Necə əlçatmazsan,

necə uzaqsan

Məni xəyalların qoynundan qopar.

Ölümdən betərmiş sənsiz yaşamaq,

Apar sən məni də özünlə apar.

Bu hicran nə yaman aldatdı bizi,

Gecikmiş bir eşqin əsiri olduq.

Bu hicran hər zaman aldatdı bizi,

Aylı gecələrdə saralıb solduq.

 

Aylı gecələrdə səni düşünmək,

Hər şeydən betərmiş demə dünyada.

Sən yoxsan bu həyat yox imiş demək,

Batmışam kədərə, qəmə dünyada.

 

Neyləyim, hayana, kimə üz tutum,

Tətiksiz, çaxmaqsız tüfəng kimiyəm.

Sən mənə sevgi ver, sevgi bir udum

Həsrətdən çatlamış ürək kimiyəm.

 

İnciklik

Neçə gündü

Telefonun susur sənin

Neçə gündü təsəlli arayıram

gözəl xatirələrdə.

Elə bil məndən küsüb

İnciyib sənli xatirələr də.

 

Həqiqət naminə

Çıxmadı dostların çoxu sınaqdan,

Sürtük izlər gördüm çaydaşı kimi.

Bir vaxt cəzb edənlər məni uzaqdan,

Düşdü gözlərimdən göz yaşı kimi.

 

Açdım ürəyimi doğmaya, yada

Həqiqət naminə yolları yordum.

Zaman atlı oldu, mənsə piyada,

Ömrümü kül edib göyə sovurdum.

 

Neyləyim

Bu gün sənin ad günündür, əzizim,

Yolum bağlı, gələmmirəm, neyləyim.

Gözlərində gilələnər göz yaşın,

Əlim çatmır, siləmmirəm, neyləyim.

 

Könlüm dualarla ovunmur daha.

Mələk göyə çəkir, fələk günaha.

Ölüm çox ucuzdur, torpaq çox baha,

Gücüm çatmır, öləmmirəm, neyləyim.

 

İtirmişəm günün, ayın vaxtını,

Yazı yazan necə yazdın baxtımı?

Tufan qopdu şimşək vurdu taxtımı,

İstəsəm də güləmmirəm, neyləyim.

 

Cavanlığım uçdu getdi əlimdən,

Qaçqın oldum, köçkün oldum elimdən.

Məhbəslərdə ayrı düşdüm gülümdən

İndi daha biləmmirəm, neyləyim.

 

Adil, yenə coşar təbin, ilhamın

Kim söndürər haqdan yanan bir şamı?

Həsrətinlə qarşılaram axşamı,

Tənhalıqda qalammıram, neyləyim.

 

A dünya

Cavanlıqda məclislərdə tost dedim,

İnsanlara qardaş dedim, dost dedim.

Şeir yazdım, dərd üyütdüm, qəm yedim,

Gənclik bitdi, dostlar getdi, a dünya.

 

Dünya dondu, mən çeşmətək çağladım,

Cihad dedim misir qılınc bağladım.

Ölən öldü, qalan qaldı - ağladım,

Kim deyir ki, cihad bitdi, a dünya.

 

Mənim qəlbim uca dağ şəlaləsi,

Mənim ruhum göydə Ayın haləsi.

Qeybdən gəlir mələklərin xoş səsi,

Fələk mənə zülm etdi, a dünya.

 

Dağ başında o gördüyün daş qala,

Mən hördüyüm, sən hördüyün daş qala...

Biz atları çapıb getdik dördnala,

Dağlarda izimiz itdi, a dünya.

P.S. Bu gün dəyərli söz adamı, tanınmış  və sevilən şair Adil ŞİRİNİN  DOĞUM günüdür! Bu  münasibətlə  onu  yenises.az  və oxucuları  ürəkdən TƏBRİK edirlər!