adalet.az header logo
  • Bakı -°C
24 Iyun 2026 09:10
75
ƏDƏBİYYAT
A- A+

Faiq Qismətoğlu yazır...

Cahangir Məmmədli,

Filologiya elmləri doktoru, professor

Mən Azərbaycan jurnalistikasında, bütövlükdə media sistemində öz yazı üslubu, publisistik yaradıcılığı ilə ictimai rəydə ayrıca yeri olan Faiq Hüseynov - Faiq Qismətoğlu haqqında yazıma bu başlığı nahaqdan seçmədim. Bu başlıq Faiqin uzun müddətdən bəri Vatsap ünvanının göstəricisi kimi çoxumuza tanışdır. Və yaradıcılığa başladığı zamandan özünə imza seçdiyi “Faiqoğlu” sözünün də qəribə taleyi var. Bu qəribəlik birbaşa Tanrı sevgisilə bağlıdır: Ulu Tanrı Faiqi 1956-cı il iyulun 1-də hamin o cavan Qismətə qismət payı vermişdir. Qismətdən Qismətə belə bir oğul payının Tanrı vergisi özünü çox tez doğrultmuşdu: Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulan bu Tanrı qisməti 1973-cü ildə həmin kəndin orta məktəbini bitirmiş, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  Jurnalistika fakültəsinə daxil olmuşdur. Mən Faiqin bioqrafiyasının bu cümləsindən sonrakı faktlarını bir müəllim – şahid formatında qeydləri bu bioqrafiyaya baxmadan özüm davam etdirmək istərdim. 

Əvvəlcə onu deyim ki, hər hansı bir ali məktəbin fakültəsində təhsil alan yüzlərlə tələbənin heç də hamısı müəllimin yadında qalmır. Yalnız o tələbə birbaşa müəllimin yaddaşına yazılır ki, həmin tələbə özünün təhsilə marağı, Universitetin, fakültənin ictimai işlərindəki fəallığı ilə diqqət çəkir. Yaradıcı fakültələrin tələbələri isə həm də öz ixtisasına elə tələbəlik illərindən maraq göstərmələri ilə yadda qalırlar. Şəxsən bir müəllim kimi tələbəni öz yaddaşıma köçürmək prosesi onun yaradıcılığa sevgisi ilə formalaşır. Mənim belə tələbələrim çox olub və onların içərisində Faiq də ayrıca yer tutur. Təhsil aldığı Jurnalistika fakültəsinin hələ birinci kursundan özünü jurnalist kimi göstərən Faiq Hüseynov fakültəni bitirəndən dərhal sonra Bakı Radio zavodunda nəşr olunan “İmpuls” qəzetində müxbirliyə başladı. 1990-cı il iyulun 25-dən “Ədalət” qəzetində şöbə müdiri vəzifəsində çalışmaqdadır. O da yaxşı yadımdadır ki, ədəbi-bədii, publisistik yaradıcılığı ilə hələ lap cavan vaxtlarında Azərbaycan ədəbi-ictimai fikrində böyük hörmət qazanmış Aqil Abbas həmişə özünün bitirdiyi Filologiya və Jurnalistika fakültələri ilə qırılmaz əlaqələr yaratmışdı. Məhz elə yəqin buna görəydi ki, bir gün məndən “İmpuls” qəzetinin müxbiri Faiq Hüseynovun yaradıcılıq xarakterini, fakültənin necə qiymətləndirdiyini soruşdu. Mən Faiqin elə o vaxtlardan yetkin bir jurnalist olduğunu mənə inanan Aqil Abbasa söylədim. Və cəmi bir neçə gün sonra Aqil Abbasın yaratdığı və bu gün də fəaliyyət göstərən “Ədalət” qəzetində Faiqin  - Faiq Qismətoğlunun məhsuldar yazılarını izləməyə başladım. 

Mən bu yerdə bir daha Qismətə qismətin Tanrı sevgisinə qayıtmaq istərdim: Tanrı Faiqə elə bir iş yeri, elə bir qəzet qismət elədi ki, bunun elə təkcə ünvanı Tanrı sevgisinin əyani ifadəsi oldu: “Ədalət”. Aqil Abbasın ədalətinin canlı ifadəsi olan “Ədalət” qəzeti öz yaradıcı kollektivinə daha bir ədalətli jurnalist  qəbul elədi...

Jurnlaitikamızda faəliyyət göstərən hər kəs yəqin ki, Faiq Qismətoğlunun “Ədalət” qəzetindəki yaradıcılığına bələddir. Şəxsən mən də həm bir oxucu kimi, həm də Faiq yaradıcılığının pərəstişkarlarından biri kimi bu imzanı daim izləyirəm. Həm də ona görə ki, “Ədalət” qəzeti özünün tipoloji xarakteri ilə mənə doğma bir mətbuat orqanıdır. Faiqin bu qəzetdə indiyədək ən azı 6-7 min yazısı dərc olunub. Bu yazılar təkcə günün ən aktual mövzularını əks etdirməklə deyil, həm də bu mövzulara Faiqin orijinal üslubu onları oxunaqlı edir. 

Əlbəttə, Faiq “Ədalət” də şöbə müdiridir. Onun bu vəzifəsi təkcə öz yazılarını deyil, həm də qəzetin digər əməkdaşlarının da yazılarına məsuliyyət daşıması ilə diqqət çəkir. Faiq öz yaradıcılığına mükəmməl fərdi üslub və problemə yanaşma ustalığı ilə  maraq doğurur. O, müraciət etdiyi hər bir mövzunun hansı janrda daha dolğun ifadəsinə xüsusi diqqət yetirir. Bu mənada Faiq daha çox publisistikaya güvənir. Onun problemə publisistik yanaşması oxucuda xüsusi maraq doğurur. Jurnalistin publisistik yazıları sırasında “Beyin axını”, “Gülməli və ağlamalı”, “Sənə yol göstərərəm”, “Kəndinə oxşayan adam” kimi əsərləri problemin publisistik ümumiləşdirilməsi ilə birbaşa maarifçiliyə xidmət edir. 

Faiq Qismətoğlunun “Qardaş”, “Nazirdən, Komitə sədrindən akademik olmaz”, “Usta Zeynal və ...”, “Bir ömrün tablosu”, “Bizi niyə aldadırlar?”, “Məktəb zavod deyil, cənablar!”, “Saralmış yarpaqlar”, “Onlar sanki bir mələkdi”, “Dünyanın ən yaxşı adamı”, “Səssiz ölüm” kimi yazıları elə sərlövhələrindən müəllifin – publisistin müşahidə bacarığını, tematika zənginliyini sübut edir. 

Mən hələ Faiqin tələbəlik illərindən onun yüksək mütaliə həvəsini hiss etmişdim. Klassik və müasir bədii ədəbiyyata marağı onu bədii yaradıcılığa da sövq etmişdir. Bu həvəs onu “Düyün” kimi maraqlı bir povest, “Sədr atı” və s. kimi hekayələr toplusu olan “Düyanın o üzü” kitabının ərsəyə gəlməsinə səbəb olmuşdur. Elə bədii ədəbiyyata güclü həvəsindən gələn bir faktdır ki, Faiq özünün həm publisistikasında, həm də vatsap ünvanında poeziyamızın Məmməd Araz, Ramiz Rövşən, Seyran Səxavət kimi ustadlarından gətirdiyi poetik sətirlərə söykənərək günün aktual problemlərini gündəmə gətirməkdədir. 

Faiq yaradıcılığı məktəbə, müəllim obrazına, təhsilə çox bağlıdır. Onun belə bir fikri var: “Biz bütün uğurlarımız üçün göydə Allaha, yerdə müəllimlərə borcluyuq”. Faiqin bu düşüncəsi onun müəllim əməyi ilə bağlı bütün yazılarının leytmotividir. O da təsadüfi deyil ki, lap bu yaxınlarda Azərbaycanın orta məktəblərində özünü göstərən məzun buraxılışı Faiqi bərk kövrətmişdi... Elə bu hissləri ilə bağlı bir esseni də beləcə adlandırmışdı: “Elə kövrəldim ki...” Faiq bu kövrək essesində orta məktəb məzunlarına xitabən özünün yarım əsr bundan əvvəl Böyük Bəhmənli kənd orta məktəbindəki məzun gününü xatırladır və müasir gəncləri məktəb həyatını sevməyə, qədəm qoyduqları yeni həyatda özlərini qurmağa çağırır. Essenin əsas istiqaməti yenə də şagird-müəllim münasibətlərinə yönəlir və müəllim müqəddəsliyinin şagirdlərə nümunə olduğuna xüsusi diqqət yetirilir. 

Faiqin bu essesini oxuyub mən özüm də orta məktəbi bitirdiyim günü xatırlayıb kövrəldim. Beləcə, Faiq qələmə aldığı bütün yazılarında hər kəsi düşünməyə, Vətənin, xalqın, Azərbaycanımızın qədrini bilməyə və bu xoşbəxt çağımızın ədəbi olmasına xidmət etməyə çağırır və Faiqin bu çağırışa haqqı var. Çünki özü bu günlərdə tamam olan 70 illik ömrünü məhs bu ideallarla yaşamışdır. 

Faiq harda olursa-olsun kollektivdə seçilən və bəyənilən iş yoldaşıdır. “Ədalət” qəzetinin yaradıcı kollektivi onu ən əziz adamları kimi qəbul edirlər. Faiq 46 il bundan əvvəl bizim Jurnalistika fakültəsini bitirib. Amma onun tələbəlik illərindən yarım əsr keçməsinə baxmayaraq özünü həmişə bu fakültənin tələbəsi hesab edir. 

Faiq atası Qismətin ocağında və Bakı Dövlət Universitetində Vətənə sevgi ilə böyümüş və tərbiyə almışdır. Təsadüfi deyil ki, o, Birinci və İkinci Qarabağ döyüşlərində ən fəal jurnalist kimi iştirak etmiş, Vətən müharibəsinin cəbhə xəttindən neçə-neçə canlı reportajlarını “Ədalət”in səhifələrinə yerləşdirmişdir. 

Uşaqlıq və gənclik illərini Füzulidə yaşamış Faiq bu doğma torpağın düşmən tərəfindən işğalı zamanı da, Böyük Zəfərimizdən sonra burda başlanan bu günkü quruculuq çağında da hər bir Füzulili kimi, həm də bir jurnalist kimi doğma torpağın sakinlərinin yanında olmuşdur. Faiqin publisistik yazılarının ən çoxu bu doğma torpağa həsr olunub. Elə bu yazılara görə publisist “Dan ulduzu”, “Qızıl qələm” mükafatlarına, “Əməkdar jurnalist” adına layiq görülmüşdür. Mən də Faiqi həm bir müəllim kimi, həm də jurnalist həmkarım kimi 70 illik yubileyini təbrik edir, ona yeni-yeni yaradıcılıq illəri arzulayıram.