adalet.az header logo
  • Bakı -°C
24 Fevral 2026 14:09
87
ƏDƏBİYYAT
A- A+

Fərəc Fərəcov: O, XOCALIDIR

Dərdlər yarışında ən uca dağdır,

Dərdini ellərə bəyan eyləyin.

Talanmış ocaqdır, qurumuş bağdır,

Naləsin ulduza, aya söyləyin.

 

Söyləyin cahanda yox belə dəhşət,

Bir gündə kəsilən minlərlə başlar...

Qırılan körpələr... o qanlı vəhşət,

Biganə dünyanı necə bağışlar?!

 

İblis xislətlilər “göz yaşı” tökür,

Məkrini dünyaya sırıyır müdam.

Əl atıb çürümüş palanlar sökür,

Qovrulur içində, mat qalır adam.

 

Saxta “soyqırımlar” cırır yaxasın,

Yalanlar dünyada yeriməkdədir.

Qonşumuz bu yolda satır çuxasın,

Aləmi beləcə səriməkdədir.

 

Amandı qardaşlar, ayılın, görün,

Sanmayın bunları adi zarafat.

Qaldırın haqq səsin bu yerin, göyün,

Birləşin bu yolda, durun farağat.

 

 Bu gün vaxtı deyil sərvət yığmağın,

Erməni çağatək bələklənibdi.

Bu gün vaxtı deyil gendə durmağın,

Dünyanın başına kül ələnibdi.

 

İşlək beyinləri, yazan əlləri,

Arayıb, axtarıb çox etməliyik.

Bəşəri çaşdıran hədyan dilləri,

Özümüz güc tapıb yox etməliyik,

 

 

Biz də zəhmət çəkək, biz də söz deyək,

Haqq girsə ortaya düşmən dalıdır...

Namərd qonşulara indi “döz deyək”,

Soyqırım vardısa, o, Xocalıdır!

 

Fevral, 2002