adalet.az header logo
  • Bakı 19°C
01 May 2023 14:24
1316
MÜSAHİBƏ

Firəngiz Sabirqızı: “Ədəbiyyatın inkişafına mane olanlar Elza Seyidcahan kimi “şairlərdir””

Müsahibimiz gənc yazar Firəngiz Sabirqızıdır.
 

- Müasir ədaəbiyyatın inkişafına mane olan amillər nələrdir və ya kimlərdir?

- Müasir ədəbiyyatın inkişafına mane olan amillər,şairlərin bir-birini bəyənməməsi, sevməməsidir. Televiziyada bir məşhur şairdən soruşurlar ki,gənclərdən kimi bəyənirsiniz, şair ya da yazıçı kimi? Deyir ki, heç kimi. Halbuki baxırsan elə gənclər var ki, həmən məşhur şairdən də gözəl,çalarlı,dərin mənalı yazır. Gənclərə yolu irəlidəki yaşlı şairlər, yazıçılar açmalıdır. Bizdə isə təssüf ki, bu yoxdur. Ədəbiyyatın inkişafına mane olanlar isə Elza Seyidcahan kimi “şairlərdir”.
 

- Müasir ədəbi mühit sizi qane edir?

- Müasir ədəbi mühit indi çox təssüf ki, internetdən ibarətdir... Kitab qoxusu,kağız qoxusu gəlməyən ədəbiyyat məni qane etmir..
 

- Müasir ədəbi mühitdə bəyəndiyiniz imzalar varmı? Kimləri oxuyursunuz?

- Müasir ədəbi mühitdə bəyəndiyim bir neçə şair var ki, özümü ağrılı hiss edəndə, boş hiss edəndə Səadət Cahangiri,Turac Hilalı və bir neçə gənc şair var ki onları oxuyuram. Hətta bir şerini bir neçə dəfə oxuyuram.

- Ümumiyyətlə, dövlət yazıçıya və ya şairə dəstək olmalıdır?

- Şair və yaxud yazıçı maddiyatı düşünüb yazırsa, demək ki, o alver edir. Ramiz Rövşən deyir ki, küləklə doldururam ciblərimi ,kənardan baxanlar elə bilsin ki ciblərim pulla doludur. Amma....Dövlət hər halda yenə də şairinin,yazıçısının yanında olmalıdır.
 

- Sosial şəbəkədə daha çox giley edən yazarlardansınız... Səbəb nədir?

- Səbəbi odur ki,məndən zəif yazarlar daha çox diqqət önündədir, daha çox ictimaiyyətə şair kimi təqdim olunur. Hal-hazırda televiziya kanallarında oturub şeir oxuyan “şairlər”mənə qıcıq verir. Özəl kanallar olduğuna görə, efirə çıxmaq da maddiyyatla bağlıdır.
 

- Azərbaycanda yazıçının və şairin sosial durumu ürəkaçandır?

- Xeyr, ən istedadlı yazarlar ehtiyac içində çabalayır.
 

- Əgər ürəkaçan deyilsə, buna səbəb kimlərdir?

-Heç kimi səbəb gətirə bilmərəm. Çünki heç kim gəlib bizə deməyib ki, sən şair və ya yazıçı olmalısan.
 

- Son dövrlər oxuduğunuz kitablar hamsılardır?

- Demək olar ki, mənim,stol üstü gündəlik kitablarım var. Ramiz Rövşənin kitabları,yüz dəfə oxuduğum şeirləri hər gün yenidən oxuyuram. Və bu mənə rahatlıq verir. Cavabın axtardığım suallara cavab tapmağa kömək edir.
 

- Firəngiz Sabirqızı üçün İNSANLIQ anlayışı nədir?

- İnsanlıq, Tanrılıqdır. Tanrılıq da İnsanlıq. Allah insanı yaratdı ki, onu tanısınlar. El arasında belə bir söz var, İnsan oğlu. Amma yolunu azanda ona deyirlər ki, adam balasısan.

Əntiqə Kərimzadə