adalet.az header logo
  • Bakı -°C
28 Iyul 2026 17:33
68
ƏDƏBİYYAT
A- A+

Aytəkin Səfərəliyeva: Əzizlənə bilmirəm

Əzizlənə bilmirəm,
Əzizim demə mənə.
Sudan qorxan adamam,
Dənizim demə mənə.

​Bir damcı göz yaşında
Boğularaq ölərəm.
Dən götürən quş kimi
Hürkə-hürkə gələrəm.

​Sən yollar keçmiş adam,
Mən kənardan bir cığır.
Sən dağı daşıyarsan,
Mənə daş gələr ağır.

​Ürəyinə bir sözüm
İz qoyarsa, bağışla.
Ayrılıq bizə tərəf
Üz qoyarsa, bağışla.

​Xəstəsinə dönərsən
Həkim ayrılıqların.
Anası, atasıyam
Yetim ayrılıqların.

​Güllərə gül demərəm,
Sənə tikan batırsa.
Gəl oxşayım könlünü,
Bir tumara yatırsa.

​Sözləri baldan şirin,
Ürəyi kəhriz adam.
Adın yaddaşımdadı,
Həmişə əziz adam...