“Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var” – Politoloq
“Rusiya Hindistana dəmiryolu çəkmək istəyir. Rusiya baş nazirinin müavini Marat Xusnullin Rusiyanın Bosfor və Hörmüz boğazındakı riskləri azaltmaq üçün Hind okeanına dəmir yolu çəkilə biləcəyini söyləyib. Rusiyalı rəsminin sözlərinə görə, boğazlardan istifadə çətinləşdikcə, Türkmənistan, İran, Əfqanıstan və Pakistan ərazisindən dəmiryolları çəkilə bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, Rusiyadan Hind okeanına dəmiryol ideyasının yeni olmadığını deyib:
“Rusiya hələ Böyük Pyotrun hakimiyyəti dövründə Rusiya imperiyasının Şərq ticarətinə birbaşa çıxışını təmin etmək məqsədilə planlar qururdu. Birtaniya imperiyası dənizlərə hakim idisə, Rusiya imperiyası Hind okeanına qədər uzanan quru yollarına hakim olmaq istəyirdi. Rusiya bir daha bu təklifə Birinci Dünya Müharibəsinin astanasında qayıdır. Rusiya Dövlət Dumasında Rostov-Bakı-Tehran marşrtununu Hindistana qədər uzanması ideyası müzakirə olunurdu. Ancaq mövcud regional risklər və Birinci Dünya müharibəsi layihənin reallaşmasına əngəl oldu”.
Onun sözlərinə görə, üstündən 100 ildən çox vaxt keçdikdən sonra Rusiya Hind okeanına quru yol layihəsini yenidən müzakirəyə çıxarıb:
“Dəmiryolunun Mərkəzi Asiya və İran üzərindən Hindistana uzanması düşünülür. Rusiya bu layihəni Bosfor boğazına alternativ hesab edir. Rusiyanın Sankt-Peterburq şəhərində Hindistanın Mumbay şəhərinə qədər olan məsafə 7 min kilometrdən çoxdur. Dəmiryolu müxtəlif ölkələrdən keçməlidir. Bu ideyanın reallaşması çətin görünür. Çünki, Avrasiya bölgəsində 100 il əvvəlki qeyri-sabitlik bu gün də mövcuddur”.
Politoloq deyib ki, Kremlin yeni layihəyə müraciət etməsinin bir neçə səbəbi var:
“Birincisi, Rusiya Ukrayna müharibəsinə görə Avropa bazarını itirib. Rusiya Avropa ölkələrinə neft və qaz sata bilmir. Bu səbəbdən Rusiya diqqətini Asiya bazarına yönəldib. İkincisi, Rusiya Ukrayna müharibəsi fonunda raket zərbələrinə tuş gəlib. Rusiyanın yanacağa böyük ehtiyacı var. Rusiya hazırda Hindistana satdığı neftin qarşılığında bu ölkədən yanacaq alır. Ancaq Hindistandan dəniz yoluyla Rusiyaya çatdırılan yanacaq baha başa gəlir. Ona görə də Rusiya Hindistandan aldığı yanacağı quru yolla əldə etmək istəyir”.
E.Şahinoğlu bildirib ki, Rusiya Ukrayna müharibəsinə qədər Hindistana cəmi 3 faiz neft ixrac edirdi:
“Hazırda Rusiyanın Hindistanın neft idxalındakı payı iyul ayında rekord səviyyəyə yüksəlib. Rusiya nefti iyul ayında Hindistanın ümumi neft idxalının 50,83 faizini təşkil edib. Bu, gündəlik təxminən 2,47 milyon barel neft deməkdir. Hindistanın Rusiyadan neft idxalı ötən ilin iyul ayı ilə müqayisədə 62,4 faiz artıb. Hindistan neft emalı zavodları ABŞ-ın sanksiya təhdid qarşılığında bu ilin əvvəlində Rusiyadan neft alışını azaltmışdı. Ancaq fevralın sonlarında ABŞ-İran müharibəsinin başlaması səbəbindən Yaxın Şərqdən tədarükün pozulması səbəbindən Hindistan Rusiyadan neft idxalını yenidən artırdı. Hindistanın bütün ölkələrdən ümumi xam neft idxalı gündə təxminən 5 milyon barel təşkil edir, Rusiyadan isə idxalı gündə təxminən 2,5-2,8 milyon barel civarındadır. Odur ki, dəmiryolu ideyası Hindistanın da maraqlarına cavab verir. Ancaq dəmiryolunun tikintisi üçün bölgədə sabitlik bərqərar olmalı və bölgə ölkələri arasındakı mübahisələr həllini tapmalıdır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Avqust 2026 11:16
“Ermənistan Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən çıxmağa çalışır...”
20 Avqust 2026 10:35
“Suren yəqin ki, erməni qadınları döyüş növbətçiliyinə cəlb etməklə...”
20 Avqust 2026 10:19
“Artıq güc yalnız güclü dövlət və zəif dövlət münasibəti ilə izah olunmur”
20 Avqust 2026 08:24
“Laçın Zəfərin yaratdığı müasir şəhərə çevrilib”
19 Avqust 2026 16:29
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
19 Avqust 2026 16:16
“ABŞ zərbələrinin bərpa olunması ehtimalını yüksək dəyərləndirə bilərik...”
19 Avqust 2026 10:56
Deputatlarımız Qazaxıstana gedir
19 Avqust 2026 10:31


Bakı -°C

