"Gerçək islahat onların boğazlanmasından başlayır" - FAZİL MUSTAFA yazır

FİRUZ MUSTAFA
35683 | 2020-05-05 09:06

XIX əsrin böyük rus şairiNekrasovun"Müasirlər”(1875) poemasındakı"Ən ağır dövrlər də oldu, lakin əclaflar olmadı”ifadəsi sonradan İlya İlf və Yevgeni Petrovun məşhur"12 stul”əsərinin qəhrəmanı İppolit Matveyeviç haqqında yazılmış məqalənin sonunda da xatırladılaraq, bir aforizm olaraq yaddaşlara yerləşmişdi.

COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin dövrlərə də, xeyli zaman keçdikdən sonra, həmin ifadələrlə bir başqa formada qayıdılacağını indidən təxmin etmək olar.

Siyasi, iqtisadi, sosial xarakterli narazılıqlar, ədalətsizliklər bütün zamanlarda müzakirə mövzusu olub; rüşvət də, korrupsiya da narahatedici ittiham mövzusu kimi dünyanın hər köşəsində müzakirə aktuallığını itirməyib; iqtidar-müxalifət qarşıdurması, yaxud uyuşmazlığı demokratiyanın "evcik-evcik oyunu” kimi həmişə yerində durub; lakin məhz epidemiya və ya başqa təbii fəlakət dövründə ehtiyacı olan insanlar üçün nəzərdə tutulan yardımı mənimsəmək, məşhur aforizmin tərs üzü olan"ən pis zamanda da əclaflar olur”gerçəyini daha çox qabartdı.

Bir-birinin ardınca icra başçılarının öncüllüyündə bir sıra vəzifəli şəxsin öz rayonunun feodal ağası obrazında yoxsul insanların haqqına girməsi, büdcə vəsaitlərini ən bəsit acgözlük formaları ilə mənimsəməsi, hətta epidemiya dövründə bunu daha azğınlaşmış formada etməsi səbr kasasının dolması üçün kifayət edərdi.

Bir icra başçısı konkret inzibati ərazi vahidində ölkə prezidentini təmsil edir. Əhali ilə onun arasında ən səlahiyyətli vasitəçidir. Mahiyyətcə, prezidentin idarəetmə prinsiplərini ən yüksək səviyyədə anlayan və onu yerlərdə tətbiq edən bir kimlik olmalıdır.

Hansısa bir rayon sadəcə statistikada qeyd olunan sakinlərdən ibarət deyil. Hər rayonun öz elitası var və burada ziyalı və ağsaqqal anlayışı böyük şəhərlərdən daha fərqli və konkret məna ifadə edir.

Demək ki, yaxşı niyyətli vasitəçi bir rayonun idarəetməsini bu nüfuz sahibi insaların iştirakçılığı ilə gerçəkləşdirməyə maraqlı olmalıdır.Hətta Milli Məclisin qəbul etdiyi "İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq yaradılması zəruri sayılan icra hakimiyyətləri yanında İctimai Şuraların da bir fürsət olaraq dəyərləndirilməməsi bölgələrdə neqativ halların çoxalmasının əsas səbəblərindən biri olaraq görülməkdədir. Əslində, bu İctimai Şuralar rayonun nüfuzlu insanlarının idarəetmədə iştirakı ilə yanaşı, həm də ictimai nəzarət funksiyasını həyata keçirdiyinə görə, birbaşa təmiz niyyətli icra başçısı onun canlı orqanizmə çevrilməsində hamıdan çox maraqlı olmalıdır.

Kimsəyə sirr deyil ki, hər hansı bir icra başçısının və digər vəzifəli şəxslərin əməlləri barədə prezidentə müvafiq qurumlar vaxtaşırı məlumatlar çatdırır, prezident də bu məlumatları başqa mənbələrdən dəqiqləşdirir, durumun nə dərəcədə ciddi olduğu müəyynələşdirəndən sonra öz təmsilçisinə və digər vəzifəli şəxslərə qarşı qanunun tələb etdiyi addımların atılmasına yaşıl işıq yandırır.

Əslində, bu baş verənlərin ən maraqlı tərəfi prezidentin ən sərt tədbirləri öz təyin etdiklərindən başlamasındadır. "Öz təmsilçimdir, özüm təyin etmişəm” düşüncəsi ilə güzəştli baxışın olmaması bütün vəzifəli şəxslərdə ölkəmiz üçün faydalı sayıla biləcək bir narahatçılıq yaradıb.İnsanlar hər hansı bir vəzifəyə can atarkən, hələ də anlamaq istəmirlər ki, vəzifə bir insan üçün talamaq, oğurlamaq fürsəti deyil, məhz xidmət fürsətidir.İndi ölkədə prezidentin cəmiyyətə açıq şəkildə bəyan etdiyi tezislər də bunun üzərində qurulub:"Ölkəyə, onun vətəndaşına xidmət üçün varsansa, gəl!”

Bu ölkənin dirçəlişi, islahatların taleyi məhz bölgələrdən başlayır. Bölgələrdə yaranmış durum, bəzi başçıların səriştəsiz və dərəbəylik formasında idarəçiliyi əhalinin əhəmiyyətli hissəsini Bakıya axına məcbur edib. Halbuki bu insanlar şəhərdəki gecəqondularda lümpen həyatı yaşamaqla faydasız, ələbəxan, günəmuzd təsadüfi iş tapmaqla keçinən durumundan normal kənd təsərrüfatı ilə məşğul olmaqla ağayana yaşamaq imkanı qazana bilərdi.Ancaq bir icra başçısı dərhal min hektarlarla torpağı öz əlinə keçirərək, rayonun bütün təsərrüfat strukturlarını, bələdiyyəsini öz şəxsi təsərrüfatının dirçəlməsi üçün səfərbər edirsə, kiçik təsərrüfatına su tapa bilməyən kəndli daha nə edə bilər ki?! Şələ-şüləsini də yığıb, üz tutur böyük şəhərin lümpen həyatına.

Burada daha iki faktora diqqət yetirmək çox önəmlidir.

Dövlət Təhlükəsizliyi Xidmətinin iş prinsiplərində köklü dəyişiklik göz qabağındadır.Əvvəllər bu qurum özəl sektorun canını oxuyaraq və pulunu qopararaq prezidentə də quraşdırılmış saxta informasiyalar verməklə, xüsusi bir banda kimi fəaliyyət göstərirdi. Himayəçisiz hansısa iş adamı bir yerə sərmayə qoya bilmirdi ki, Mahmudov bandası dərhal üstünə çöküb xərclədiyinin iki qatnı da əlindən alacaq. Hətta bir zamanlar "Çovdarovçuluq” deyilən bir cərəyanın müstəntiqlərinin Rusiyadan gəlmiş və öz kəndinə asfalt çəkmiş iş adamını pul tələb etməklə döyərkən, söylədiyi"Dövlət ölüb ki, sən kəndə asfalt çəkirsən?”ifadəsi acınacaqlı real mənzərəni ortaya qoyurdu.

Dövləti öldürmək üçün səfərbər olmuş bandanın bu ifadə ilə ironiya manifestinə çevrildiyi bir dövrü də arxada buraxmalı olduğumuzu vurğulamaq olar. Prezidentin bu bandanın üzərinə qətiyyətlə yeriməsi, mahmudovçuluğun ifşasından və Əli Nağıyevin təyinatından sonra bu mühüm qurumun öz funksional fəaliyyətinə yenidən qayıtmış olması xeyli anlayışları dəyişdi.Artıq hədəfdə xalq deyil, iş adamı deyil, xalqa qarşı soyğunçuluq edən, dövlətə qarşı təxribat yaradan qüvvəllər seçilməyə başladı.Bunun adı da təyinatına uyğun olaraq dövlətin təhlükəsizliyini qorumaq idi.

Keçirilən bir neçə uğurlu əməliyyat, əslində, başqaları üçün zaman məsafəsinə görə islah olunmağa yetərincə şansları da təqdim etmişdi."Ən ağır dövrlərin daha böyük əclafları”dəyişmək istəməyəndə, dövlətin ata qulaqburmasını qanunun sərt dubinkası əvəz etməyə başlayır və özü dəyişməyən adamların layiq olmadığı mövqelər, məkanlar layiq olduğu alternativlərlə dəyişdirilir.

Ancaq məsələnin yalnız Dövlət Təhlükəsizliyi Xidmətinin üzərinə yüklənməsi ilə bütün bu dərəbəyliklərin qarşısını almaq nə dərəcədə mümkün olacaq?

Məhz burada ikinci faktorun aktuallığı üzə çıxır. Bir rayonda bir vəzifəli şəxsin hansı səviyyədə olması həm də rayonun polisinin, prokurorluğunun, məhkəməsinin və digər dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və yaxud fəaliyyətsizliyinə də ən ciddi təsirini göstərir.Başçının özbaşınalığı digər strukturların da bu əməllərin iştirakçısına çevrilməsinin əsas səbəbidir. Odur ki, ilk növbədə Azərbaycanda islahatlar yuxarıdan aşağıya qədər məhkəmə sistemində, hüquq-mühafizə orqanlarında ciddi kadr və düşüncə dəyişikliyindən başlamalıdır.

Artıq ölkənin yeni baş prokurorunun təyin olunması, prezidentin onun qarşısında yeni idarəetmənin prinsiplərini cəmiyyətin gözü qarşısında sadalamsı bu istiqamətdə yeni bir başlanğıcı ehtiva edirdi.

Bir anlığa düşünək, görək, hansı başçıdan vətəndaş məhkəməyə müraciət edərək haqlı olduğu halda prosesi udmaq şansına sahibdir?DTX-nın gəlməyini gözləməkdənsə, bir məhkəmə sisteminin nüfuzunu qaldırmaqla, onun icra başçılarının iradəsindən xilas etməklə daha effektli balanslaşdırma yaratmaq olmazmı?

Söhbət konkret olaraq Biləsuvardan, Neftçaladan, Ağstafada, Yevlaxdan getmir,bütün bölgələrdə məhkəmələrin nüfuzu qalxmalıdır, müstəqilliyi artırılmalıdır ki, özbaşınalığın, qanunsuzluğun qarşısını yarandığı anlardan almaq mümkün olsun.

İvan Qolikov"Böyük Pyotrun əməlləri”(1788-1789) əsərində yazırdı ki, rus çarı oğurluğa qurşanmış məmurları xalqın "onlara sayğısının itirilməməsi üçün” şahidlər olmadan öz çubuğu ilə cəzalandırırdı. Sonradan bu, rusların leksikonuna"Pyotrun dubinkası”kimi daxil oldu. Hətta Pyotr knyaz Menşikovun oğurluq cinayəti ilə bağlı bilgiləri alanda, qeyd edir ki,"Günahı çox böyükdür, ancaq xidmətləri daha böyükdür”.Bu səbəbdən də knyazı pul cəriməsi ilə cəzalandıraraq, bu dubinkanın sonuncu olacağını, ardınca heç nəyin bağışlanmayacağını söyləyir.

Azərbaycanda da təqribən analoji mənzərənin şahidi oluruq. Ölkə prezidentinin ürək ağrısı ilə həm əyalətdəki məmurlar, həm də mərkəzi orqanlarda özbaşınalıq edən vəzifəli şəxslər barədə söylədiyi fikirlər bunu deməyə əsas verir ki, artıq kiminsə köhnə xidmətlərinin kölgəsində özünü rahatlıq tapması dövrü yekunlaşıb.Ən sərt formada əhaliyə qarşı quldarlıq və soyğunçuluq düşüncəsiylə baxan kimsəyə güzəşt olunmayacaq.

"Ən ağır dövrlərdə” boy göstərən əclaflıqlara qarşı isə daha sərt davranılacaq. Əslində, əsl islahatlar da müəllimin, süpürgəçinin, iş adamının, fermerin boğazından çəkib çıxaranların boğazlanmasından başlayır.


TƏQVİM / ARXİV