adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Mart 2024 12:27
1696
MƏMLƏKƏT

"Gərəkirsə, Azərbaycan üçün şiə olaram"- Tələt Paşa və qatili Soqomon Teyliryan 

İl 1918 ,  sentyabrın 6- sı... Osmanlı dövlətinin baş naziri Tələt Paşa Berlinə gedərək, Almaniyanın hökumət rəsmiləri ilə vacib layihənin qəbulu üçün danışıqlar aparır. Layihədə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Bakının azad edilərək, Azərbaycan paytaxtına çevrilməsi haqqında əsas müddəalar var idi. Onun professional diplomatik danışıqlarının sayəsində Azərbaycan Cumhuriyyəti dünyada tanındı və yeni qurulmuş bir dövlət kimi qeydə alındı ...


Daha sonralar Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşov  Tələt paşa ilə görüşür. Görüşdə Tələt Paşa Topçubaşova Rusiyanın səfiri ilə olan dialoqunu danışır. Deyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin Osmanlı tərəfindən tanınmasını istəməyən rus səfiri  məzhəb söhbəti ilə aramızı vurmağa çalışırdı:”Siz sünnisiniz onlarsa, şiə... Nədən onlara belə xoş münasibət göstərirsiniz?”
Tələt Paşa rus səfiri belə cavablandırdığını deyir:” Əgər məzhəb bizi ayırırsa, onda mən şiəyəm”.

Bəli, bu həmin müasir Türkiyənin təməlini qoyan və böyük xilaskarlarından olan, Anadoluda türk millətinin əbədi əmin-amanlığını təmin edən Tələt Paşaydı. Tələt Paşa dəfələrlə isbat edib ki,  Azərbaycanı da öz dövlətindən və xalqından seçməyib.
Tələt Paşanın göstərişi ilə hərbi nazir Ənvər Paşa Azərbaycana hərbi yardım məsələsində müstəsna rol oynayıb.

Azərbaycan xalqı erməni və rus silahlılarının qarşısında yalnız  qalarkən, mart soyqırımı dəhşətlərini yaşayarkən Osmanlı dövlətinin əsas liderləri olan Tələt Paşa və Ənvər Paşanın təşəbbüsü nəticəsində Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda 4 iyun 1918-ci il tarixində hərbi müqavilə bağlandı.

Həmin müqavilənin 4-cü maddəsi əsasında Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı Nuru Paşanın başçılığı ilə Türk qoşunlarının bir alayı Quzey Azərbaycana yardıma göndərildi və erməni-rus silahlı birliklərinin Bakı qırğınının qarşısı alındı. Cümhuriyyətimiz quruldu. Tələt Paşa bir türk oğlu olaraq Azərbaycanı belə sevirdi.


Mühacirliyə gedən yol

1874-cü ildə Osmanlı imperiyasının Ədirnə vilayətində doğulan Məhmət Tələt ağlı, savadı, uzaqgörənliyi və xalqına məhəbbəti ilə seçilən bir fəxarətli türk olub.Osmanlılnın baş naziri kimi məsuliyyətli bir məqama çatmaq üçün böyük sınaqlardan keçib. O, Ənvər Paşa və Camal Paşa ilə birgə məşhur Üç Paşa iqtidarını quraraq dövlətin modernləşməsində vacib rol oynayıb.Tələt Paşa müharibə dövründə dövləti içdən sarsıtdığı güman edilən ermənilər daxil olmaqla bəzi ünsürlərin Anadoludan çıxarılmasına dair köç qanunun hazırlanması və tətbiqində yaxından iştirak edib. Bu qərar gələcəkdəki Türkiyə Cümhuriyyətinin müəyyən separatizm cərəyanlarından yan keçməsinə səbəb olur.
Ancaq ABŞ prezidenti Vudro Vilsonun vasitəçiliyi ilə Osmanlı dövlətinin yeni sülh müzakirələrinə başlaması Tələt Paşa hökumətinin fəaliyyətinə əngəllər yaradır. Nəticədə 1918-ci ilin oktyabrında Tələt Paşa sədrəzəmlikdən istefa verir və eyni ayda Əhməd İzzət Paşanın yeni hökumət kabinetini qurmasıyla vəzifəsi tamamilə sona çatır. İttihad və Tərəqqi Cəmiyyətinin təşkilatın ləğvinə qərar verdiyi 1 noyabr 1918 tarixli son iclasına rəhbərlik edən Tələt Paşa o gecə Ənvər və Camal Paşa kimi Cəmiyyətin digər önəmli üzvləri ilə birlikdə alman gəmisinə minərək Sevastopola, oradan isə Berlinə mühacirət ediblər.

 

Ölümə meydan oxuyan ADAM

Tələt Paşanın görkəmli türk yazıçısı, qadın hüquqları uğrunda mübariz, milliyyətçi yazıçı Xalidə Ədib Adıvara dediklərindən: “Balkan müharibəsində eyni sayda türk və müsəlman qətliama uğradı, amma dünya cinayətkarcasına buna baxıb susdu. Mən inanıram ki, bir millət öz maraqları üçün əlindən gələni edir və işində müvəffəq olursa, dünya bu millətə pərəstiş edər. Mən etdiyim iş üçün ölməyə hazıram və zatən bilirəm ki, bunun üçün öləcəm”.

Hətta Tələt Paşa ölümünə az qalmış qələmə aldığı xatirələrində belə qeyd edib: “Məni bir gün küçədə güllələyəcəklər. Alnımdan qan axaraq yerə səriləcəyəm. Yataqda ölmək nəsib olmayacaq. Ziyanı yoxdur, gəlib vursunlar. Vətən mənim ölümümlə bir şey itirməyəcək. Bir Tələt gedər, min Tələt yetişər!”.

Tələt Paşa 1921-ci il martın 15-də Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək eyni il iyunun 3-də məhkəmə tərəfindən sərbəst buraxılır. Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilir.

Təəssüf ki, Tələt Paşanın ölümündən sonra nəşr olunan xatirələrindən başqa yazılı heç bir əsəri yoxdur. Hayriyə adlı xanımla evli olsa da, bu evlilikdən övladı olmaıb.

Yeri gəlmişkən, Osmanlı İmperiyasının son dönəminin tədqiqatçısı, Sürix Universitetinin professoru Hans Lukas Kizerin "Tələt paşa, müasir Türkiyənin atası, soyqırım memarı" kitabı  2021-ci ildə türk dilinə tərcümə edildi. Məlumatda bildirirldi ki, tərcümə Türkiyənin bir sıra kütləvi informasiya vasitələri tərəfindən qalmaqalla qarşılanıb. Əvvəla "soyqırımın memarı" ifadəsi narazılıq doğurub. İkinci məqam isə tərcüməni həyata keçirən "İletişim Yayınları" Nəşriyyatının "müasir Türkiyənin atası" ifadəsini "ittihatizmin beyni" ifadəsilə əvəzləməsidir. Nəticədə nəşrin adı belə olub - "Tələt paşa, ittihatizmin beyni, soyqırımın memarı".

(Maraqlıdır ki, kitab Türkiyədə soyqırımı iddiasının təbliğat vasitəsi kimi təsnifatlandırılıb. Bununla bağlı hansısa tədbirin görülüb-görülməyəcəyi açıqlanmadı.Təəssüf doğuran bir hal -red-Ə.R)


Qətli törətdikdən sonra 42 il rahat yaşayıb 63 yaşında ölən terrorçu Soğomon Teyliryan


Tələt Paşanın qətlə yetirilməsi "erməni genosidi" bəhanəsi ilə atılan ilk addım idi. Terror əməliyyatının adı isə "Namezis" idi. Daşnaksütyun köç sırasında ölən ermənilərin intiqamını almaq üçün "Nemesis" (yunan mifologiyasında intiqam mələyi deməkdir) əməliyyatı keçirilirdi. Belə ki, terrorun həyata keçirilməsinin əsas təşəbbüskarları Armen Qaro və Şaqan Natali olublar.

Soqomon Teyleryanın bir erməni olaraq türklərə qarşı o qədər nifrət dolu idi ki, böyük qardaşı, hərbi həkim olan Vazgeni və onun arvadını türklərə xidmət etdiyinə görə öldürdürmüşdü. O məhkəmədə tək Tələt Paşanı öldürdüyünü desə də bu faktlarda ortaya çıxdı.
Acı bir fakt olsa da düzünü deyək ki, erməni suiqəsdçi Teyliryan Berlində Tələt paşa üçün təşkil olunan suiqəsdi uğurla yerinə yetirdikdən sonra öz ölkəsində “milli qəhrəman” zirvəsinə yüksəlib. Olaya o vaxtkı Türkiyə Cümhuriyyəti təsir edə bilməyib.

 Ermənistanın Şirak bölgəsində daşnak suiqəsdçi Soqomon Teyliryana aid 2015-ci ildə, uydurma və qondarma “erməni soyqırımı”nın yüz illiyində görə heykəl inşa olunub. Ən pisi də odur ki, heykəlin ayağının altında təsvir edilən Tələt paşanın kəsik başı əslində bütün türklərin təhqir olunmasıdır. Daha pisi isə odur ki, Soğomon kimi iyrənc bir terrorçu 42 il yaşayıb. 63 yaşında ölüb.

Bunu da xatırladım: Qətldən sonra Anahit Tatikyanla evli olan Soqomon Belqrada köçdü və 1950-ci ilə qədər orada yaşadı, əvvəlcə Kasablankaya , sonra Parisə , sonra isə ABŞ-ın San-Fransisko şəhərinə köçdü . Orada poçt işçisi kimi çalışıb və Saro Melikyan adı ilə yaşadı.

Əməli -niyyəti iyrənclik olan ermənilər: Nifrət, qisas, qətl, terror


25 iyul 1922-ci ildə erməni terrorçuları tərəfindən Tiflisdə öldürülən Osmanlı dövlətinin keçmiş hərbi donanma naziri Camal Paşanın üstündə tapılan və oğluna ünvanladığı məktub Tələt paşanın öldürülməsinin və bu kimi digər qətllərin səbəbini izah edir: “Oğlum, növbə mənimdir… Tələt və Səid Həlim paşalardan və digər günahsız dostlarımdan sonra məni də öldürəcəklər. Cinayətin səbəbi isə həqiqəti danışmağıma mane olmaq istəyidir”.
Bəli, Camal Paşa haqlı idi. XX əsrin əvvəllərində ermənilər tərəfindən həyata keçirilən "Nemezis" planı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperatorluğunun mühüm simaları qətlə yetirildi. Hücumları həyata keçirən terrorçulardan bəziləri yaxalansa da, sonradan müxtəlif adlar altında azadlığa çıxarıldılar.

Ənvər Paşa da 4 avqust 1922-ci ildə Düşənbə yaxınlığında Hakop Melkumyan tərəfindən qətl edildi. 

Dünyaya özlərinin soyqırıma məruz qaldığını bəyan edən ermənilər 1973-cü ildən etibarən yenidən Türkiyə diplomatlarını hədəfə almağa başladılar. Bu dəfə ermənilərin rəhbərliyini ASALA (Erməni gizli ordusu), "Erməni Soyqırımı Ədalət Komandoları", "Erməni İnqilab Ordusu" terror təşkilatları ələ aldı. Hücumlar zamanı onlarla diplomat öldürüldü, amma terrorçuların çoxu yenə də cəzasız qaldı.

Türkiyə sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu söyləmişdi.

 Bu gün Tələt Paşanın ölümündən 103 il keçir! Mənim bu günkü arzum: 103 dəfə Allah sənə rəhmət eləsin PAŞAM!

 Əntiqə Rəşid