28 Oktyabr 2024 10:29
179
GÜNDƏM

 “Ginnesin Rekordlar Kitabı”na düşən Bakı metrosu: Səhlənkarlığın öldürdüyü 289 nəfər

Bakı Metropoliteni QSC-də vaxtaşırı problemlər üzə çıxır. Xatırlayırsınızsa, Onlardan biri də bir neçə gün əvvəl -19 oktyabrda üzə çıxdı. Bu “Nizami” – “28 May” tunel yolunda qatarın tüstüləməsidir. Baş verən hadisə ilk deyil.

Ümumiyyətlə, Bakı Metropoliteni QSC-də vaxtaşırı ciddi problemlər yaranır, gecikmələr baş verir, nasazlıq səbəbi ilə qatarlar depoya göndərilir və s. Sözün əsl mənasında “Bakı Metropoliteni” can üstündədir. Köhnə infrastruktur, köhnə qatarlar artıq az qala hər kəsdə narahatlıq yaradır.Bakı sakinləri və qonaqlar narahat olmaqda haqsız deyillər.

Adalet.az xəbər verir ki, dünyanın ən dəhşətli metro qəzası kimi “Ginnesin Rekordlar Kitabı”na düşən bir hadisə məhz Bakıda baş verib. Beləki, 1995-ci il oktyabrın 28-də "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər ağır yaralanıb.

Qatar tuneldə alışdığından və xilasetmə əməliyyatının lazımi səviyyədə olmaması səbəbindən faciənin miqyası böyük olub. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisə terror əməli hesab olunmayıb, texniki qəza kimi qiymətləndirilib.

Uzun müddət araşdırma aparan istintaq qrupu hadisənin terror aktı olduğunu istisna edib. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb.

Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi yararsız olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı yanlış sayılıb. Təhlükəsizlik qaydalarına riayət etməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur. Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub.

Qeyd edək ki, təhlükəli anlar sentyabr ayında da baş verib. Metronun "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

P.S. "Böyük Ermənistan " dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları - 1887-ci ildə yaradılmış "Armenakan”, sonradan "Hnçak» və "Daşnaksütyun” partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiya-larından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşdular . İnsanlığın əleyhinə olan həmin sənədlər planlı şəkildə həyata keçirildi.

1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olur və 49 nəfər yaralanır. 

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da 28 May metrostansiyasından çıxıb metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarının ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur və 58 nəfər isə yaralanır.

Ən pisi isə odur ki, səhlənkarlığın, laqeydliyin törətdiyi faciə nəticə etibarı ilə düşmənin vurduğu zərbədən qat-qat ağır olur! Metrodan istifadə edən sərnişinlərimizi Allah qorusun! 

 

Əntiqə Rəşid