adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 10:48
1356
ƏDƏBİYYAT

 Görüş yeri, sevgi elanı və “Ağdam boyda adam” - REPORTAJ

Hə, əziz oxucularımız, söz verdiyim kimi, Ağdama bu dəfəki səfərimin təəssüratlarını sizinlə bölüşmək istəyirəm.
Millət vəkili, naşir, kinossenarist, jurnalist, nəhayət yazıçı Aqil Abbasın Ağdamda oxucuları ilə keçirilən görüşünü sizə ətraflı şəkildə danışmaq istəyirəm.

Ağdamlıların, yüz statusu olsa belə “bizim sadə Aqil Abbas” dediyi, “Ağdam boyda adam” adı verdiyi yazıçının yaradıcılıq gecəsinə həsr olunacaq tədbirin afişalarına elə beləcə də yazıblar:“Ağdam boyda adam”.
Ona görə də, zal ağzına qədər dolu idi.
Xüsusi olaraq dəvət aldığım bu tədbir 44 günlük müharibədən sonra Ağdam rayonunda ikinci tədbir idi. 2021-ci ilin 20 yanvarında Ağdamda nə qədər kədər yüklü, ağrılı-açılı idiksə, 20 aprel –cümə günü ikinci tədbirdə bir o qədər sevincli, fərəli , şən idik.

Bu hisslərin səbəbini tədbirin təşəbbüsçüsü və təşkilatçısı Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov tədbir iştirakçılarına “xoşgəldin” edəndən sonra aydın şəkildə izah etdi:” Vətən üçün canından keçən bütün vətən oğullarının ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin! Artıq həsrətlə Qarabağa tərəf baxıb köks ötürmürük!

Artıq Qarabağımız azaddır! Bu gün igidlərimizin canları bahasına alınan torpaqlarda geniş tikinti-quruculuq işləri gedir. Tezliklə hər kəs öz elinə-obasına qovuşacaq!”.

Tədbirin səbəbkarı –Aqil Abbas və tədbirin aparıcısı, bədii qiraətçi, Azərbaycanın əməkdar artisti, professor Azad Şükürovun hamını salamladıqdan sonra ”Əziz ağdamlılar, əziz qonaqlarımız, gəlin bütün şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edək!”təklifini hamı bir nəfər kimi ayağa qalxıb, icra etdi, arxasınca da Azərbaycan Himni oxuduq! Artıq məclisimizə start verilmişdi.

Əvvəlcə, oxucuları yazıçının həyat və yaradıcılığını əhatə edən qısametrajlı filmə tamaşa etdilər. Film Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının təş əbbüsü idi.


Beləliklə, nəinki, Qarabağda, eləcə də bütün Azərbaycanda, bütün türk dünyasında “məmə yeyəndən pəpə yeyənə” qədər hamının tanıdığı Aqil Abbas haqqında, daha dəqiq onun yaradıcılığı haqqında danışmaq üçün söz verilir şairi, tərcüməçi, publisist Vaqif Bəhmənliyə. Hörmətli publisistimiz yazıçının "Şirinlik" adlı ilk hekayəsindən tutmuş ən son “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” adlı əsərinə qədər hamısından biraz danışdı. Dedi ki, "Şirinlik" adlı ilk hekayəsi 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap olunub:

” Bir il sonra "Azərbaycan" jurnalında "Şəbədə Nazim" hekayəsi çıxıb və beləcə, yazıçı 1983-cü ildən bu günə qədər oxucuların ixtiyarına verilən bəlli sayda kitabı ərsəyə gətirib.

"Evləri köndələn yar", "Günah", "Batmanqılınc", "Ən xoşbəxt adam", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət gecəsi", "Qarda açan qan çiçəyi", "Qapqara uzun saçlar", "Ölülər", "Allahı qatil edənlər", "Dolu", "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" və digər əsərləri geniş oxucu auditoriyasına sahibdir.

Adı çəkilən roman və povestlərdən ibarət daha beş kitabı, deyildiyi kimi, Türkiyə və Cənubi Azərbaycanda nəşr edilib. "Dolu" romanı əsasında XXI əsr milli kinematoqrafiyanın ən baxımlı filmlərindən biri çəkilib.

O, sovet illərində komsomol mükafatının (öz zamanında yaradıcı gənclər üçün ən yüksək ödül), müstəqillik zamanı Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatının laureatı olub. "Qızıl qələm", "Məmməd Araz", "Dan ulduzu", "Humay", "Yaddaş", "Zeynalabdin Tağıyev", "İlyas Əfəndiyev" və s. Aqilin ədəbi-ictimai xidmətlərinə görə layiq görüldüyü dəyərlər sırasındadır. Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Möhtərəm prezident İlham Əliyev tərəfindən  "Şöhrət" və "Birinci dərəcəli Vətənə xidmət" ordenləri ilə təltif edilmişdir.

Vaqif Bəhmənli onu da dedi ki, yazıçı dostumun doyulmaz zövq və təşnəliklə mütaliə elədiyi ən qüdrətli, zəngin "roman", "dilogiya", "trilogiya" heç şübhəsiz ki, yazılan və yazılmayan Qarabağ kitabəsidir!! Milli nəsrimizdə Aqil Abbas canlı, yazıları əbədiyyən solmayan Qarabağ kitabəsinin müqəddəs sətirlərinə üz söykəmiş, onu dərindən oxumuş və dərindən heyrətlənmiş azsaylı ədiblərdən biridir.”
Bir sözlə, Vaqif müəllim çıxışı ilə bir daha sübut elədi ki, Aqil Abbas həqiqətən Qarabağın qələmidir!

Elə bu maraqlı söhbətdən sonra sevdiyimiz muğam ustası, Əməkdaş artist Səbuhi İbayev səhnəyə çıxdı, yazçı Aqil Abbası gözəl ifası ilə təbrik etdi, yanıqlı, şirin səsi ilə Ağdamlıların ürəyinə su səpdi!
Desəm ki, məclisin duzu da, balı da həm də yazıçı, şair, nasir, tərcüməçi, hamımızın sevimlisi Seyran Səxavət idi, inanın. Seyran müəllim təxminən 15-20 dəqiqə çıxış elədi.

Özü dediyi kimi, “imkan versələr bir neçə gün ancaq Aqil Abbasın yaradıcılığından, eyni zamanda dostluqlarından danışar . Bilirsiniz də, Aqil Abbasla 53 illik dostdurlar ,qardaşdan ötədilər.. Bu 15-20 dəqiqədə sidq ürəklə, 53 illik dostuna ehtiramını o qədər səmimiyyətlə biruzə verir ki... Bunu ancaq Seyran Səxavət edə bilərdi. Aqil Abbasla aralarındakı zarafatlardan danışanda isə zaldakıların qəhqəhəsi zalı silkələdi:

“Aqil azad adamdır, Aqil heç vaxt nə göstərişlə danışmadı, nə sifarişlə yazmadı, nə də sifarişlə hərəkət etmədi. Ürəyi necə istədi elə danışdı, həqiqət nədir onu dedi.Gəncliyində hələ “gənc jurnalist” ikən necə sadəydisə, elə sadə də qalıb. Baxmayaraq ki , indi artıq o Milli Məclisin deputatıdır, rəsmi şəxsdir. Bayaq Muğam Evinə gəlirik. Gəlib, gəlib, oturur pilləkənlərdə....Ay rəhmətliyin oğlu, yadından çıxıb? Sən deputatsan ee...”
Zal dübarə gülüşə qərq olur.


Yeri gəlmişkən, kim mənim fikirlərimlə razılaşmırsa, özü bilər, amma, Allah haqqı bu iki yazıçı sanki mənəvi cəhətdən eyni insandır.İstedadları, danışıq tərzi, yazı üslubu, emosionallıq, ironiya və yumor, xəlqilik , sadəlik, təəssübkeşlik, səmimiyyət... Həm də üzdən, boy-buxundan bir-birinə bənzəyirlər...
Azad Şükürov –aparıcı əməkdar artist Feyruz Səxavəti səhnəyə dəvət edəndə zaldan gurultulu bir alqış qalxdı. Feyruz müəllim həm fiziki oxşarlığı, həm də İfası ilə məclisə sanki bir Səxavət gətirmişdi. “Boğazlar”, zəngulələr sanki “Səxavət məndədir” deyirdi.İştirakçılar. həm Feyruza, həm Səxavətə sürəkli alqışlarla məhəbbətini ifadə etdi.

Belə qızgın,səmimi tədbirdə qiraət ustası sakit dayana bilərmi? Bilməz! Azad müəllim, həm səmimi ortamdan, həm zalı dolduran işıqlı insanların simasından, həm dəistedadlı xanəndələrin ifasından elə vəcdə gəldi ki, ən çox sevdiyi şair- Bəxtiyar Vahabzadənin “Baş” şeiri ilə məclisə bir rəng qatdı:



Vallah Bəxtiyar Vahabzadənin bütün külliyatı bir gözəllikdir, amma bu gözəllik həm də gözəl qiratlə söylənirsə, bu ikiqat gözəl alınır, desəm, sözümü qəribliyə salmayın! Həmişəki kimi Azad Şükürov diksiyası ilə yenə qəlbimizi fəht elədi.

Yəqin ki, oxucuları Aqil Abbasın Abdal-Gülablı Şakirin xatirəsinə yazdığı “ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA…” əsəri ilə tanışdılar. Ötən il həmin əsər kitab şəklində oxuculara təqdim olundu. Ağdam Dram Teatrının aktyorları həmin əsərdən kiçik bir hissəni səhnələşdirmişdilər. 

 



Vallah , əyalət aktyorları rola girməkdə, obrazı olduğu kimi tamaşaçıya çatdırmaqda heç də Bakıdakı “akademik teatrlar”dakı aktyorlardan əskik deyil. Hətta yüksəkdi, desəm yanılmaram.

Doğrudan tədbir, tədbirliyindən lap başdan əlin üzmüşdü. Bu artıq ədəbi-musiqili məclisə çevrilmişdi. Tədbirlərdə adətən “səbəbkar” sonda söz alar, fikirlərin söyləyər, düşüncələrin deyər. Yox e, bu tədbirlərdə belədir! Məclis, məclisdəki səmimiyyət, şeğiriyyət, musiqi Aqil Abbası elə ağuşuna almışdı ki, dayana bilmədi, mikrafonu Azad müəllimdən alıb. Bayaqdan ürəyini deşən , amma demək imkanı olmayan sözləri astaca-astaca deməyə başlayır:” Mən Ağcabədidə doğulmuşam, amma Ağdama o qədər vurğun olmuşam, o qədər sevmişəm ki... Ağdam Qarabağın paytaxtıydı və yenə paytaxtı olacaq.

Qarabağın ətraf rayonlarından yüz il bundan əvvəl Ağdama köçmüş qeyri-ağdamlılar Ağdamın Ağdam vaxtında ağdamlı olmaqları ilə fors edərdilər. Şəhər işğal olunandan sonra onlardan çoxu ağdamlı olduqlarını dandılar:
- Əşi, mənim babam filan rayondan köçmüşdü Ağdama...- Mənim babam bəhmən rayondan gəlmişdi…- Atamın nənəsi filan rayondandı…- Əşi, bizim əslimiz Sisyandandı. Ötən əsrin əvvəllərində gəlmişik buralara…Və sair və ilaxır.
Və bunu deyən adamların hamısını demək olar ki, tanıyırdım. Vaxtilə «ağdamlıyam» deyib şeşələndiklərinin də şahidi olmuşdum.
İndi Ağdam azad olunub, Möhtərəm Prezident İlham Əliyev yüz minlik qeyri-adi bir Ağdam şəhəri tikir. Baxıram, həmin adamlar yenidən “ağdamlı” olublar.

Seçkilər vaxtı görüşlərdə tez-tez belə bir sualla rastlaşırdım:
- Məllim, baxırıq televiziyadakı çıxışlarında da, yazılarında da deyirsən ki, mən ağdamlıyam. Amma tərcümeyi-halında yazılıb ki, Ağcabədinin Bayat kəndində doğulmusan, on yaşında köçmüsünüz Ağdama. Nəyin xətrinə deyirsən ağdamlıyam, axı sən ağcabədilisən?!Mən də adətən belə cavab verirdim:
- Bəli, mən Bayatdanam. Nə qədər Ağdam işğal altındadı, özümü ağdamlı sayıram. İnşallah, Ağdamı azad edərik, ondan sonra deyərəm ağcabədiliyəm.

Bu cavabdan sonra suala görə məndən üzr istəyənlər də olurdu.
İndi Ağdam azad olub. Ağdam azad olunandan sonra bir neçə dəfə bu dağılmış şəhəri, o viran olmuş şəhəri bitdə-bitdə gəzmişəm və görmüşəm ki, Ağdamın ölüsü də gözəldi.
Nə mutlu AĞDAMLIYAM deyənə!”
Bu monoloqdan sonra kim Aqil Abbası gurultu ilə alqışlamaz ki?

Elə həmin gurultulu alqışların sədası altında Aqil Abbas qarşısındakı stola düzdüyü kitabları qucağına yığıb, pilləkanlarla aşağıya, zaldakıların yanına endi. Kitablarını böyük məmnuniyyət hissi ilə ön cərgədə əyləşmiş Qarabağ qazilərinə, şəhid ailələrinə təqdim etdi. Aqil Abbasın bu qəfiladdımı daSeyran müəllim demiş “ürəyi istəyən kimi hərəkət etməsi də zaldakıların ürəyincə oldu. Yazıçının ən həssas zümrəyə mehribanlığı yenidən alqışlandı .

Növbəti dəfə Respublikanın Əməkdar Artisti Təyyar Bayramov səhnədə yer alır. Musiqi səslənən ilk andaca zal nəfəsini içinə çəkib Təyyar Bayramovun ifasına qulaq kəsilir.
Zaldakılardan uzaq olsun, elə bil “qurbağa gölünə daç atılıb”.


Musiqinin bitməsi ilə ağdamlıların fikirlərini sevimli yazıçıya bildirmək həvəsi cuşə gəldi.Yaşlı bir ana, 17 yaşlı gənc, orta nəslin nümayəndələri yazıçınınhəm ədəbi, həm dönə-dönə söylədilər. Vətən müharibəsi dövründə Aqil müəllimin Ağdama gəlməsini, raket yağmurunun altında camaatı ilə həmrəy olmasını, şəhid dəfnlərində iştirak etməsini, ağır günlərdə xalqının yanında olmasını yüksək qiymətləndirdiklərini bildirdilər!Hətta 44 günlük müharibədə oğlu şəhidlik zirvəsinə ucalmış Maya anım Quliyeva titrək səslə bildirdi ki, Aqil müəllim, biz sizi doğmamız kimi sevirik. Çünki nə doğmamız , nə də siz ən çətin anda bizi tək qoymadınız!
Xalq artisdi Mənsum İbrahimovun ifası məclisin “son zəngi” oldu. Zaldakılar yığıldı Aqil Abbasın başına hər kəs ürək sözünü demək, yazıçıdan avtoqraflı kitab götürmək istəyirdi. Oxucular, soruşa bilər: Bəs yazıçı sonda öz fikir və düşüncələrini iştirakçılarla bölüşmədi?
-Yox?
- Niyə?
- Çünki Aqil Abbas 1970-ci ildən bu günə qədər əlində qələm sözünü deyib. Heç vaxt qələmdən, kağızdan, sözdən uzaq olmayıb. Bu gün isə onu dəyərləndirən, sevən, görüşünə gələn oxucuların sözü – söhbətini dinləmək lazım idi! Dinlədik, gördük, bəyəndik! Bütün yazıçılara, şairlərə, jurnalistlərə, publisistlərə oxucu məhəbbəti arzu edirik! Elə Aqil Abbasa olan oxucu sevgisi qədər el-oba sevgisinə layiq olmağı arzulayırıq!

Xəbəri yerli-yataqlı sizə çatdıran isə Aqil Abbasın oxucusu, xüsusilə “Batmanqılınc”ın vurğunu Əntiqə Rəşid