“Göy gənələr” - Pərvanə BAYRAMQIZI yazır

Udan simasızlar, uduzan dürüstlər dünyasındayıq. (yəqin ki, "ölkəsində" deyə düzəliş edənlər olacaq) Cümlənin təhlilində ortaya daha çox əyriliklər çıxır. "Udan simasızlar" deyəndə saxta parıltılar, şöhrət düşkünləri, istədiklərini müxtəlif yollarla əldə etmişlər ağıla gəlir. "Uduzan dürüstlər" deyəndə isə adamın qəlbi göynəyir, gözləri yaşarır, ta nələrisə izah etməyə heyi qalmır. Udan simasızlar uğurlarını uduzan dürüstlərin gözlərinə kül üfürərək, çox vaxt da haqlarını tapdayaraq qazanırlar.
Hara baxırsan alçaq, kimi tərpədirsən həyasız. Bir qisim də alçaqdan, həyasızdan qorxub yaltaqlanan əqidəsiz.
Səssiz-küysüz adamları görən, eşidən olmur. Çığırıb-bağıranların sorağı isə yuxarılardan gəlir.
Tələbi, xahişi, iddiası, təmənnası, umacağı olmayanların yanından saymazyana ötürlər, yumruğunu stola döyənləri, hədə-qorxu gələnləri çağırıb nə istədiyini soruşur, arzusuna çatdırırlar.
Haqsızlıqdan qurulan sistemdə zəif iradəlilər tab gətirə bilmirlər. Bəziləri kiminsə, nəyinsə qorxusundan pis bildiyi hər şeyi edir. İşini itirmək istəməyənlər ədalət hissini, nüfuzunu qorumaq məqsədilə susanlar şəxsiyyətini, özünü itirmək istəməyənlər də özgələri itirirlər. "Özgələrin" şəxsində özlərinə olan sevgini, inamı öldürürlər.
Yaxşı kimi tanıdıqlarımız yaltaqlandıqca gözlərimizin qarşısında əriyib yox olurlar. Onlar zalımlardan qorxduqca biz onların eybəcərləşməklərindən qorxuruq.
Xarabalığın təsviri ta necə olar? Tarmar olmuş cəmiyyətin sözlə görüntüsü "ədalətsizlik" kəlməsidir. Rəssam işləsəydi iyrənc mənzərələr çəkərdi, söz adamı da eybəcər cəhətlərdən kəlmələr yaradır.
Xarabalıqda yaşayırıq, amma hamı özünü cənnətdə hiss edir: kimi bataqlığa bənzəyən, kimi də dumduru mavi suları andıran mənəviyyatı ilə. Kimi başqalarının həyatından çırpışdırdığı xoşbəxtliyi ilə xoşbəxtdir, kimi də özgələri məmnun etməyə sərf elədiyi bədbəxt taleyi ilə.
Yadımdan çıxmamış bunu da deyim: səviyyə, özündənrazılıq, yekəxanalıq, həyasızlıq söz götürə bilməmək deyil. Özünü bütün yaxşılıqlara layiq bilməyi və özünü göylərin fövqündə hiss etməyi özünə dəyər verməklə qarışdırmaq olmaz.
Dirəşib istədiyini almaq mübarizə üsulu sayılmır. Belə adamları biz tərəfdə "göy gənə" adlandırır, hərəkətini də "adamın üzünü cırmaq", "kirpik qoparmaq" kimi frazeoloji birləşmələrlə ifadə edirlər. Səbəbini bilmirəm. Hər halda bənzərliyi olmamış olmaz...
Digər Xəbərlər

YAZIÇI SÖZÜ VƏ OXUCU ETİRAFI - Səlbi Baxış

Şövkət Zərin Horovlunun “Axırıncı gediş” romanı haqqında…- Mənzər Niyarlı yazır

"Ulduz"lu görüşlər"in növbəti qonağı Azər Turan olub - FOTOLAR
jpg-1744439969.jpg)
19 yaşına 28 insanı ölümdən qurtaran igid: Rahib Məmmədovun xatirə gecəsi

Milyon ürək bir qələm, yaxud başqasının eşqinə qafiyə tapmaq - Pərvanə BAYRAMQIZI yazır

Şəhid oğlundan atasına təsirli şeir: “Gəl bir dəfə dərdləşək” - VİDEO

QÜRBƏTDƏ DOLAŞAN QƏRİB RUH - Zəka Vilayətoğlu yazır
