Gözəlim məmləkətdə talayan talayanadır... - Əzizə İsmayılova yazır
Hələ nə qədər Alimpaşa`lar var yan-yörəmizdə bir Allah bilir... Hər küncdən, hər bucaqdan bir Alimpaşa boylanır üstümüzə...
Haqqımızı yeyirlər, "niyə belə olmalıdır? Niyə axı olmalıdır belə?" deyə şüvən salıb bizi borclu çıxarırlar, yolumuzun dalana dirənməsi və asi olmamız üçün əllərindən nə gəlirsə edirlər bütün Alimpaşalar... Alırlar, satırlar, tikirlər, qururlar - özlərindən böyük Alimpaşaya rast gələnə kimi nə istəsələr, necə istəsələr elə də edirlər...
Yaxşı da edirlər, belə baxanda. "Siz salim olun, cümlə cahan batsa da batsın!" Dünyanın nizamını dəyişən deyilək ki...
Hər gün gördüyümüz, bildiyimiz şeylərdir, bir gün #xəbər`ə çevriləndə elə təəccüblənirik ki, sanki Marsdan biraz əvvəl enmişik...
Dəyişən heç nə olmayacağını bilə-bilə özümüzü nəyəsə inandırmaq istəyirik. Təəccüblənəcək heç nə olmadığını bilə-bilə nəyəsə təəccüblənirik də öz aləmimizdə. Təəccüblənmək həsrəti var içimizdə... Nafilə. Düzən bu, düzən... dəyişən yalnız adlar və soyadlar olacaq....
DTX tərəfindən həbs edilən Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun əksər cinayətləri oğlunun adına rəsmiləşdirdiyi məlum olub.
DTX-nin yaydığı rəsmi açıqlamaya görə, A.Məmmədov icra başçısı kimi vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib.
Həmçinin, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib.
Bununla da, xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəyib. Bundan başqa, Alimpaşa Məmmədov mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manatı oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırıb.
Alimpaşa Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mwvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".