21 May 2024 09:39
1856
ƏDƏBİYYAT

Gözəllikdən xoşbəxtliyə...

 Uzaqda olanı yaxınlaşdırmaq diləyilə kompyuterin arxasına keçirəm. Gözəlliyin rəngini seçirəm: rəngsizlik.

 İnsan öz ömrünün başlanğıcıdır; həm irəli, həm geri, həm sağa-sola, həm də yuxarı-aşağı hərəkət edə bilər. Bu mənada onun dayandığı nöqtə də özü üçün başlanğıcdır. Geriyə-irəliyə, sağa-sola hərəkətlər istənilən kimsəyə məxsus cəhətlərdir, amma yuxarı, yaxud aşağı istiqamət artıq insandan xüsusi qabiliyyət tələb edir. Sonuncular, həm hissi idrakın açdığı cığırlar, həm də insani üstünlüyün ali dərəcəsini təmsil edən daşıyıcı vasitələr hesabına gerçəkləşir. Hissi idrakın açdığı cığırlar gerçək aləmin hadisələri olduğu qədər sadə rekvizitiv göstəricilər hesab edilsə də, ali idrakın münasibətlərə qoşulması yeni dünyanın başlanğıcından xəbər verir. Bu nəyə bənzəyir?

 Düşünən varlıq zaman nöqteyi-nəzərindən həmişə irəliyə doğru gedir, geriyə yolu yoxdur. Bəs o, keçmişi necə qavrayr? O, keçmişi müxtəlif mənbələr: illüstrasiyalar, xatirə-memorial kompleksləri, təsvirlər, qravürlər, məqalələr, xəritələr, qələmə alınmış tarixi proseslər vasitəsilə öyrənir. Tarixin öyrənilməsi artıq canlı proses hesab olunmur. Ali idrakın münasibətlərə qoşulması da fiziki görünüş cəhətdən hadisələrə canlılıq bəxş edə bilmir. Tarixin öyrənilməsilə ali idraka keçid mərhələsi əsərsizlik, hərəkətsizlik baxımından bir-birinə bənzəsə də, birinci davamiyyət mənada sonlu, ikinci, əksinə, sonsuzdur. Əgər tarix hadisələrin nəzəri cəhətdən təkrarlanmasıdırsa, ali idrak qaranlıqları pillə-pillə özü dəf edir, daha doğrusu, öz yolunun işıqlatıcı qüvvəsi özü olur. Yəni birinci hadisə əyani vasitələr hesabına araşdırılır, lakin ikincinin əyani vəsaiti yoxdur və onun qismətinə oxşarlıq, bənzərlik kimi müqayisələr yazılmamışdır. Ali idrak sahibi insan məsafəni təkrarsız yolla təkbaşına qət edir.

Yer yuvarlaq olmasaydı, varlığın başlanğıc nöqtədən geriyə hərəkəti mümkün olmazdı.  

Əlbəttə, biz aşağı-yuxarı deyəndə iplə quyuya sallanmağı, yaxud Qaqarinin fəth etdiyi yüksəkliyi nəzərdə tutmuruq; nəhayətsiz dərinliklərlə sonsuz yüksəkliklərin bir-birinə qarışdığı əlçatmaz rahatlıqdan, ilahi zövqdən – gözəlliyin gözəlliyindən bəhs edirik.

Gözəllik nədir? Gözəllik zövq mənbəyidir; görünən, görünməyən cəhətləri var. Görünən gözəllik vizual, yəni həm adi göz, həm də xüsusi cihazlar vasitəsilə müşahidə olunur, görünməyən gözəlliyin termin olaraq eyni mənanı verməyən iki nəzəri tədqiqat sahəsi var. Onlardan biri düşünən varlığın mənəvi gözəlliyidir ki, ali idrakın hiss etdikləri bu mənada deyildir, çünki istənilən insanın mənəviyyatı vardır. Mənəviyyat məsələsi etikanın bölməsi olaraq fərqli varlıqlarda müxtəlif faiz nisbətinə malikdir və həyat tərzindən, cəmiyyətdəki mövqedən asılı olaraq dəyişir. Varlığın mənəvi keyfiyyətləri stabil olmadığı üçün insanların bu mövzuda dəyərləndirilməsi də mütləq səciyyə daşımır. Mənəviyyatın ölçü vahidi insan vicdanıdır. Vicdan əxlaqi dəyərlərin məcmuudur. Cəmiy­yətin idarəçiliyi, bir mənalı şəkildə, insan tələbatının vicdanlı dəyərləndirilməsindən asılıdır. Deməli gerçək dünyanın aparıcı amili cəmiyyətin vicdan nisbətidir ki, həm dağıdıcı, həm də qurucu təsirə malikdir.                 

Əgər insan öz arzularını həyata keçirmək üçün ağlının imkanlarından eninə-boluna istifadə etməsə, özünün beş inəkli olmasından ötrü qonşunun bir inəyini onun əlindən zorla, yaxud oğurluq yolu ilə almasa, məvəviyyat həmişə gözəldir.    

Mənəviyyat məsələsi güllə yarası almış itin zingiltisinə dözməyərək siqaret tüstülədəcək qədər kövrəlmək deyil, mövcud şəraiti idarə etmək baxımından həqiqətə son dərəcə yaxınlaşmaq bacarığıdır. Müşahidəçi qarşı tərəfi öz qəlbinin aynasına baxırmış kimi seyr etdiyindən bu məsələdə əsas rolu hissiyyat, yəni birinin digərini hiss etməsi deyil də, insan əməllərinin təzahürü oynayır. Özü görünməsə də, görünən hadisələrdə təzahür olunduğuna görə mənəviyyatı vücudu ələ gəlməyən gözəlliklə eyniləşdirmək olmaz.

Bəs vücudu ələ gəlməyən gözəllik nədir? Vücudu ələ gəlməyən gözəllik ali idrakın ideyaların ən yüksək pilləsilə uyğunluq təşkil etməsidir.   

Vücudu ələ gəlməyən gözəllik izah olunma nöqteyi-nəzərindən bir qədər çətin mövzudur. Bu, hadisələrin metafiziki dərk olunmasıdır ki, insan öz dayandığı yeri kainatın ən uca nöqtəsi hesab edir və maddi, fiziki olan heç nəyə qarşı meyilli olmur. Ən yüksək nöqtədə qərar tutan insan məkansız olduğu qədər də zamansızdır. Məkan olmayan yerdə zaman nəyi ölçsün?!

Fəlsəfə sözünün mənası hikmətə məhəbbət deməkdir, vücudu ələ gəlməyən gözəlliyin söz ilə ifadəsi itirilməyən xoşbəxtlik anlamına gəlir. Bu xoşbəxtlik hissetmə orqanları deyil, ali idrak vasitəsilə dərk olunur. Lakin necə? Məsələnin necəliyi şəxsiyyətin fərdi təkamülündən asılı olaraq fərqlidir.  

İnsan dünyaya gəlir və ölür. Hissi idrak sahiblərinin görüb-götürdüyü olumla ölümün arasında gerçəkləşir. Olum – ölüm aralığında çoxlu hadisələr, o cümlədən, müxtəlif siyasi, ədəbi, iqtisadi, elmi, kimyəvi, bioloji, texniki mübarizələr və hərbi əməliyyatlar formasında həyata keçirilən münaqişələr baş verir. Münaqişələr tərəfləri, qa qalib, ya da məğlub timsalında bir-birinin əlindən məkanı və zamanı sıra ilə almağa sövq edir. Olumla ölüm arasında gerçəkləşən bütün proseslərin predmeti materiyadır. Materiya hansı formada təzahür edir-etsin, insan şüurundan asılı olmayan bəlli mövcudluqdur, deməli vücudu ələ gələndir. Bəs vücudu ələ gəlməyən gözəllik nədir?

On iki il əvvəl bir şərqşünas alim – professor mənim “Dünya iradə və təsəvvür kimi” kitabım haqqında “Alman filosofuna vurulan azərbaycanlı qadın...” sərlövhəli məqalə yazmışdı. Məqaləni xatırlamam “vurulmaq”sözünün mahiyyətinə nüfuz etmək məqsədilədir. Əgər mən Hafiz Şirazini oxuyub ona heyran olmamışamsa, demək ki, oxuduqlarımı anlayacaq qədər iqtibas etməmişəm. Bu şairlər şairinin yaradıcılığı vücudu ələ gəlməyən gözəlliklərə vətəndir: eynən fəlsəfi ruh kimi. “Sürünmə kölgə kimi məqsədin ayağında, /Gələr özü qapıya bir zaman həvalə kimi”, – deyə səslənən Hafiz poetik əhvalımı bir dəfəyə və həmişəlik necə kökləyibsə, qanımı mey yerinə içsə, xəbər tutmaram. O zaman mən Cəmşidin cami-cəmini ölməz sənət incilərilə dolduran dəfinələr dəfinəsini  sevməyə bilərəm?!  

Bayron: – Mənim məhəbbətim dağın uca zirvəsindədir, – deyir.

Vücudu ələ gəlməyən gözəlliklər o zaman dərk olunur və xoşbəxtlik gətirir ki, insan artıq gerçək dünyanın hadisələrindən zövq ala bilməyəcək qədər yüksəkdədir.

Ağac əvvəlcə tumurcuqlayır, sonra çiçək açır, daha sonra meyvə verir. Bu, adi təbiət ha­di­sə­si­dir, zərərli proseslər baş verməsə, tsikl həmişə eyni ardıcıllıqla davam edir. İnsan da belədir: erotiki hiss çərçivəsində sevir, yaşayır, bəhər verir, lakin ilahi sevgilər çiçək açmaq üçün tumurcuqlamır, daha doğrusu, vücudu ələ gəlməyən gözəllik əbədiyaşar sehrinin təzahürsüz təzahürünə görə  ancaq və ancaq ali idrak sahibinə borcludur. Əslində, bütün sevgilər çiçək açmaq üçün doğulur, ancaq vücudu ələ gəlməyən gözəlliyin uğur böcəyinin qanadlarına bənzəyən qabıqlar arasında gizlənmiş  materiya yoxluğu onu idrak edən kəslərin nişanalma məharətindən asılıdır. Tumur­cuq sevgilər ona görə əbədiyaşardır ki, çiçək açmadıqları üçün onların müqəddəs bəkarətinə toxunan olmur.  

Düşünən varlığın təminolunma mexanizminin üç şəkli var: cismani, mənəvi, idraki. Birinci təminolunma sisteminə insanın cismi ilə baş verən hadisələr daxildir, məsələn, yemək, içmək, intim münasibətdə olmaq və s. O cümlədən, ikinci, yəni mənəvi ehtiyaclar gerçək təbiətdən – güldən, çəməndən, çiçəkdən zövqalma çərçivəsinin hüdudları arasında baş verir. Üçüncünü görünənlərin fonunda zəkanın görünməyənləri görmə qabiliyyəti aşkarlayir. Cismani təmin olunma mexanizmi zərurətdən əmələ gəlir, lakin mənəvi, idraki təmin olunmanı, nə zərurət yaradır, nə də məqsədli arzuetmə, sırf təsadüflərdən asılı prosesdir. Mənəvi təminolunma ilə idraki təminolunma arasındakı fərq ondan ibarətdir ki, birincinin əhatə dairəsini gerçək təbiətin əsrarəngiz görünüşü, ikincinin ilham mənbəyini vücudu ələ gəlməyən gözəlliyin təbiəti təşkil edir.            

 Sokrat sevgi haqqında: – platonik məhəbbət ruhi istək olaraq sosial varlığı həyatın mənasını dərk etməyə, olduğundan yuxarılara doğru yüksəlməyə sövq edir, insanı ölümsüzlüyə yaxın­laş­dıra­raq onun ölüm üzərində qələbəsinə zəmin yaradır, – deyərkən məhz vücudu ələ gəlməyən gözəlliyin doğurduğu sevgidən bəhs edir. 

 Fiziki nəsə etməyin mümkün olmadığı anlarda insan anidən necə sakit­lə­şir­sə, vücudu ələ gəlməyən gözəllik də sevgidən çalxalanan qarşı tərəfdə eyni təəssüratı oyadır.  Bu gözəlliyə qarşı cəlb olunan məhəbbət sevgilidən ötrü ölmək deyil, həyata xas olan sonsuz əzablardan nicat tapmaq və düşüncələr arasında vurnuxan birinin özünə qarşı duyduğu elə güclü şəfqət hissidir ki, insanı hönkürdür. Vücudu ələ gəlməyən gözəlik gözəlliyin mahiyyətcə dərk olunmasıdır.  

Uyğun sevgilərin hər statusdan olan insanların xilqətində özlərinə yuva qurmaq ehtimalı labüd­dür, həmin şəxs həkim, sığortaçı, yazıçı,  polis general-mayoru və s. də ola bilər.

  İ. Nəsimi insanın qarşı tərəfdə əks etdirdiyi uyğun  ilahi neməti – gözəllik tacında olan ən bahalı almazı özünün şah misrasıyla belə təsvir edir:

Səni bu hüsnü camal ilə, kamal ilə görüb,

Qorxdular Həqq deməyə, döndülər insan dedilər.

Göyərçin Kərimli,

AYB-nin üzvü