adalet.az header logo
  • Bakı -°C
13 Iyul 2026 18:20
101
SİYASƏT
A- A+

"Güclü Azərbaycan uğrunda mübarizə bitmir"

Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda etdiyi çıxış ölkəmizin qarşısında duran mövcud çağırışların qiymətləndirilməsi ilə yanaşı, Azərbaycanın qarşıdakı onilliklər üçün strateji inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Dövlət başçısının Azərbaycana firavanlıq arzulamayan qüvvələrin heç vaxt geri çəkilməyəcəyi barədə söylədikləri xalqımızın uzun illərə söykənən tarixi təcrübəsinə əsaslanan nəticədir.

Şübhəsiz ki, Azərbaycan uzun illər ərzində təkcə torpaqlarının 20 faizinin işğalı və açıq hərbi təcavüzlə deyil, həm də siyasi təzyiqlər, informasiya manipulyasiyaları və ikili standartlarla üzləşib. Ölkəmizin müstəqil xarici siyasəti, sürətli iqtisadi inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi və milli maraqların ardıcıl şəkildə qorunması Cənubi Qafqaza yalnız öz geosiyasi maraqları prizmasından baxan bəzi dairələri heç də qane etmirdi.

Son illərin tarixi hadisələri Azərbaycan Prezidentinin nə qədər haqlı olduğunu bir daha göstərdi. Hələ yaxın keçmişdə bir çoxları Azərbaycanın ərazi bütövlüyünün bərpasını mümkünsüz hesab edirdi. Uzun illər bizə mövcud vəziyyətin dəyişməz olduğu təlqin edilir, işğalla barışmağa çağırılır, real nəticə verməyən sonsuz danışıqlara ümid etməyimiz istənilirdi. Lakin Azərbaycan sübut etdi ki, beynəlxalq hüquq sadəcə kağız üzərində qalan bəyanat olmamalıdır.

Azərbaycanın vaxtilə işğal altında olan bütün ərazilərinin azad edilməsi dövlətimizin tarixinə əbədi həkk olunmuş tarixi hadisədir. Bu, sadəcə hərbi qələbə deyildi. Bu, tarixi ədalətin bərpası, milyonlarla vətəndaşın ümidlərinin yenidən dirçəlməsi və dövlətimizin tam suverenliyinin təmin olunması idi.

Qələbədən sonra baş verənlər də ən azı bunun qədər əhəmiyyətli oldu. Dünya azad edilmiş ərazilərdə misilsiz bərpa və quruculuq işlərinin şahidi oldu. Uzun illər dağıntı və viranəlik hökm sürən torpaqlarda bu gün müasir şəhər və kəndlər salınır, avtomobil və dəmir yolları çəkilir, beynəlxalq hava limanları istifadəyə verilir, yeni enerji infrastrukturu yaradılır, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın müasir inkişafının rəmzinə çevrilərək dövlətimizin imkanlarını bütün dünyaya nümayiş etdirir.

Təbii ki, hadisələrin bu cür inkişafı hər kəsi qane etmirdi. Dünya erməniliyi uzun illər ərzində baş verən hadisələri öz maraqlarına uyğun şəkildə təqdim etməyə, işğalın nəticələrini dəyişməz reallıq kimi qəbul etdirməyə çalışıb. Təəssüf ki, aparıcı dünya dövlətlərinin bir hissəsi də açıq siyasi qərəz nümayiş etdirirdi. Bir çox ölkələrdə erməni lobbisinin güclü təsiri altında olan siyasətçilər beynəlxalq hüququn tələblərinə göz yumur, hadisələrə münasibətdə açıq seçicilik nümayiş etdirirdilər. Məhz buna görə də onlar güclü, müstəqil və qalib Azərbaycanı görmək istəmirdilər.

Lakin tarix kabinetlərdə verilən bəyanatlarla yazılmır. Tarixi xalqın iradəsi, dövlətin gücü və Vətən müdafiəçilərinin qəhrəmanlığı yaradır. Bu gün xüsusilə vacibdir ki, Azərbaycanın tarixi qələbələri yalnız regionun siyasi xəritəsini dəyişməyib, eyni zamanda yeni ictimai dəyərlər sistemini formalaşdırıb. Gənclərimizin artıq yeni milli qəhrəmanları var — doğma torpaqların azadlığı uğrunda misilsiz şücaət göstərmiş zabitlər, əsgərlər, çavuşlar, könüllülər. Onların qəhrəmanlığı milli yaddaşımızın ayrılmaz hissəsinə və vətənpərvərlik tərbiyəsinin əsas dayaqlarından birinə çevrilib.

Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəyə malik, Vətəninə sadiq gənc nəslin yetişdirilməsinin vacibliyi barədə söylədiyi fikirlər xüsusi aktuallıq daşıyır. Dövlət təkcə iqtisadi nailiyyətlər və ya müasir silahlarla güclü ola bilməz. Onun əsas dayağı ortaq dəyərləri bölüşən, ölkəsinin tarixini bilən və milli maraqları qorumağa hazır olan insanlardır.

Yeni nəsil azərbaycanlılar həqiqi qəhrəmanlıq, fədakarlıq və Vətən sevgisinin real nümunələri üzərində yetişməlidir. Onlar süni şəkildə yaradılmış kumirləri deyil, azad edilmiş şəhər və kəndlərimizdə yenidən Azərbaycan Dövlət Bayrağını ucaldan əsl qəhrəmanları örnək götürməlidirlər.

Bu gün Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə son nöqtə deyil, milli dirçəliş prosesinin başlanğıcı oldu. Qarşıda ölkəmizi iqtisadiyyatın daha da gücləndirilməsi, elmin inkişafı, müasir texnologiyaların tətbiqi, dövlətin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi kimi mühüm vəzifələr gözləyir. Bu məqsədlərə yalnız yüksək təhsilli, məsuliyyətli və Vətəninə sadiq vətəndaşlarla nail olmaq mümkündür.

Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər fəaliyyət proqramı kimi qəbul edilməlidir. Güclü Azərbaycan uğrunda mübarizə həqiqətən də bitmir, sadəcə yeni formalar alır. Əgər dünən qəhrəmanlarımız Vətəni döyüş meydanında müdafiə edirdilərsə, bu gün gənc nəsil onun nailiyyətlərini iqtisadiyyatda, elmdə, diplomatiyada, informasiya məkanında və yüksək texnologiyalar sahəsində qorumaq məsuliyyətini daşıyır.

Azərbaycan artıq bütün dünyaya sübut edib ki, ən mürəkkəb sınaqların öhdəsindən gəlmək gücünə malikdir. İndi isə ümumi vəzifəmiz əldə olunmuş tarixi nailiyyətləri qorumaq, Qələbə nəslinin layiqli davamçılarını yetişdirmək və müstəqil, güclü, suveren Azərbaycan dövlətinin daha da inkişafını və tərəqqisini təmin etməkdir.

 

Ülvi Quliyev,                                                                                                

Milli Məclisin deputatı