İdman komplekslərinin birində 16 yaşlı bir gənc idmançını özündən yaşca böyük bir nəfər döyür, sonra da bıçaqla vurub öldürür. Özü də hadisə hamının gözü qarşısında olur. Ətrafdakılar heç bir müdaxilə eləmir, qoyun kimi gözlərini döyüb baxırlar.
Əslində bu qətl hadisəsini kənardan müşahidə edənlər də cinayətə cəlb olunmalıdırlar. Onlar da bu qətlin iştirakçlarıdırlar.
Yadınızdadırsa bu yaxınlarda Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında bir qazi hamının gözü önündə üzərinə benzin tökərək intihar etmişdi. Və hətta bir nəfər də laqeydcəsinə bu hadisəni telefona çəkib sosial şəbəkədə yaymışdı. Bilmirəm hadisəni telefona çəkənə cinayət işi qaldırdılar, ya yox, amma qaldırmalıydılar. İnsanlarda bu laqeydlik nədən yaranıb? Fikirləşmirsiniz ki, sabah elə ictimaiyyətin gözü qarşısında sizin övladınızı da bıçaqlaya bilərlər və onda da necə indi sən laqeydsən, hamı da laqeyd qalar.
Gənclər arasında belə bıçaqlanma hadisələrinin sayı artır. Bunun bir günahkarı mətbuatdır, bir də bu məsələlərə laqeyd qalan ictimaiyyət.
Mətbuat kriminal aləmdən bəh-bəhlə o qədər materiallar verir, gənclər də həvəsə düşür.
Bu yaxınlarda Rəşad Dağlı bir nəfəri bıçaqlayıb öldürüb. Saytlar, sosial şəbəkə hamı qalxıb Rəşadın müdafiəsinə. Hamı onu haqlı sayır.
Allahın verdiyi canı bircə Allah ala bilər. Ona görə də Azərbaycan daxil olmaqla bütün sivil ölkələrdə ölüm hökmü ləğv olunub.
İndi öldürən oğlan da idmançıdı, yəqin idmançılar da yığışıb onu müdafiə edəcəklər. Belə şeymi olar?
Daha ciddi tədbirlər görülməlidir, xüsusilə bu işdə televiziyalarımız fəallıq göstərməlidir, maarifçilik proqramlarının sayı artırılmalıdır. Saytlar, sosial şəbəkələr də bu məsələyə birtərəfli yanaşmamalıdır. Şərh yazanlar bilməlidirlər ki, bu, onların özlərinin də, övladlarının da, yaxınlarının da başına gələ bilər.
Nə isə, yazılası çox şey var, yazmaq olmur.