23 Noyabr 2023 16:52
1625
MƏDƏNİYYƏT

Günay Əfəndiyeva beynəlxalq konfransda çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva  20-21 noyabr 2023-cü il tarixlərində Bakıda Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası, növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransda çıxış edib.

Günay Əfəndiyeva çıxışında Türkdilli dövlətlərdə keçmişdən bu günədək davam edən qadınların ictimai fəallığından və qadınlara olan münasibətdən bəhs edərək, Türk Dünyasının tarixində mühüm iz qoymuş və əfsanəyə çevrilmiş qadın hökmdarlar, diplomatlar, yazıçı və şairələrdən söz açıb. 

Fondun birinci prezidenti həmçinin müasir zəmanəyə nəzər salarkən, Türk Dünyasının öndə olan qadınlarının nümunəsi kimi Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirərək, onun rəhbərliyi altında həyata keçirilən layihələrin, təşəbbüslərin və xeyirxah əməllərin həm ölkənin daxilində, eyni zamanda beynəlxalq aləmdə mühüm nüfuz qazandığını qeyd edib.

Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinə danışaraq,   təşkilatın beynəlxalq səviyyəli layihə və tədbirləri ilə sivilizasiyaları bir araya gətirdiyini, xalqları yaxınlaşdırdığını, mədəni diplomatiya yoluyla dövlətlərarası, qlobal əməkdaşlığın, həmrəyliyin daha da gücləndirilməsinə töhfə verdiyini bildirib.  O, Fond tərəfindən həyata keçirilən layihələr sırasında  “Azərbaycan qadın şairələrinin poeziya antologiyası” kitabının ingilis, alman, italyan, bolqar, ispan, portuqal, ərəb və digər dillərdə nəşr edilməsi, dahi mütəfəkkir Nizami Gəncəvinin ölməz əsərinin adını daşıyan və yeddi türk kökənli ölkəni - Azərbaycanı, Qazaxıstanı, Qırğızıstanı, Türkiyəni, Özbəkistanı, Türkmənistanı və Macarıstanı təmsil edən peşəkar qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun yer aldığını vurğulayıb.

Günay Əfəndiyeva Yaxın Şərqdə, Şərqi Avropada və digər bölgələrdə silahlı münaqişələr zamanı yüzlərlə qadın və uşağın həlak olmasının qəbuledilməzliyini bildirib. Eyni zamanda, Afrikada yüzlərlə qadının aclıqdan, qida yetərsizliyi, lazımi səhiyyə xidmətlərinin olmaması səbəblərindən həyatlarını itirdiyi qeyd edib.

Fondun təsisçi prezidenti nitqində qurucu üzv ölkəsi olan Azərbaycanın Qarabağ bölgəsində tarixi abidələrin, əl sənətlərinin 30 illik işğal nəticəsində yerlə yeksan edildiyinə diqqət çəkərək, dünya ictimaiyyətini ikili standatlara qapılmamağa, obyektivliyi itirməməyə, ədalətsizliyə göz yummamağa çağırıb.