adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
17 Aprel 2024 09:28
1056
HADİSƏ

Hadı Rəcəbli VƏFAT ETDİ - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib.  Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb", - deyə məlumatda qeyd olunur.

***

Azərbaycan Milli Məclisinin sabiq deputatı Hadı Rəcəbli dünyasını dəyişib.

Adalet.az xəbər verir ki, H.Rəcəbli bu gün 76 yaşında vəfat edib.

Qeyd edək ki, Hadı Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub.

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləyib. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.

Ehtiyatda olan mayordur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.