adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 09:00
57
LAYİHƏ
A- A+

HEÇ BİR ÖLKƏ 44 GÜNDƏ BELƏ MÖHTƏŞƏM QƏLƏBƏ QAZANA BİLMƏYİB

Dünya tarixində o qədər  müharibələr olub ki, saymaqla qurtarmaq olmaz. Məsələn, yüzillik müharibə… İyirmi beşillik müharibə… Yeddillik müharibə… Beşillik müharibə… Bu müharibələrdə nə qədər  qəsəbələr, şəhərlər, kəndlər dağıdılıb, nə qədər insan öldürülüb. Bəlkə də dünyada ən böyük şeytan, ən böyük iblis, müharibə edən, şəhərləri, kəndləri dağıdan, insanları gözüyaşlı qoyan qaniçən dövlət başçılarıdır. O dövlət başçılarından birinin adı Hitler də olub, Napoleon da olub və başqa rəhbər şəxslər də. Amma görünən  odur ki, onlar şəhərləri, kəndləri, qəsəbələri dağıtsa da bu, cəzasız qalmayıb. Çünki həmin adamlar da necə ölüb onu heç yaxınları da bilmir. Üstəlik də həmin qaniçən, qəddar diktatorların nəslindən bir adam belə yoxdur. Çünki onlar lənətlənmiş və qarğışlanmış dövlət başçılarıdır. 

Nə isə, keçək əsas məsələyə. Yəni Azərbaycanın İkinci Qarabağ savaşında apardığı 44 günlük  möhtəşəm döyüş yoluna. Həmin döyüş yoluna  nəzər salanda biz nələri görürük? Biz Ali Baş Komandan, prezident İlham Əliyevin qətiyyətini, Azərbaycan əsgərinin döyüşkənliyini, xalqımızın bütövlüyünü və birliyini  görürük. Bizim xalq, bizim millət həmişə çətin gündə, ağır gündə birləşməyi bacaran xalqdır. Biz bunu 20 Yanvar hadisələrində, Xocalı faciəsində və eləcə də digər gözüyaşlı günlərimizdə görmüşük. Bu xalq o xalqdır ki, əliyalın rus tanklarının qabağına çıxdı və özünün müstəqillik yolunda ilk addımını atdı. Yəni şəhidlərini verib yeni bir tarix yazdı. Bu, həmin xalqdı!

Bax, ordan başlayan yol zaman-zaman gəlib Qarabağa çıxırdı. O Qarabağa ki  30 ildən çox erməni  işğalı altındaydı. O Qarabağa ki onun dağları, meşələri, çayları, ormanları, gülləri, çiçəkləri ağı deyib ağlayır və bizi gözləyirdi. Biz 30 il  səbr etdik, dözdük, dedik ki, bəlkə beynəlxalq hüququn müstəvisində bu məsələlər həll olunar. Düşündük ki, BMT-nin çıxartdığı 4 qətnamə nə vaxtsa icra olunar. Çox təəssüf ki, nə dünya birliyi, nə də Birləşmiş Millətlər Təşkilatı bizə kömək etmədi və öz çıxartdığı qətnaməsini icra etmədi.  

Ona görə də Ali Baş Komandan İlham Əliyev bütün məsuliyyəti öz üzərinə götürdü, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusuna  əks hücuma keçmək  haqqında əmr verdi. Bu əmri  ordumuz və xalqımız düz 30 iliydi gözləyirdi. Dəstəylə maşında döyüşə gedən əsgərlərimiz  sanki toy-bayrama gedirdilər. Onların çöhrəsində qorxudan əsər-əlamət yox idi. Əksinə, döyüşə  gedən əsgərlərimizin sifətində ruh yüksəkliyi, döyüşkənlik, əzmkarlıq hiss olunurdu. Bunların hamısını mən özüm görmüşdüm və şahidi idim. Və bu əsgərlər yalnız döyüş bölgələrinə qələbə üçün gedirdilər. Maşınlarda və ağır texnikalarda Horadiz şəhəri  istiqamətinə hərəkət edən döyüş karvanlarında olan əsgərlərimiz elə bil ki, qələbənin bir addımlığında dayanmışdılar. 
Bəli, onlar həqiqətən də qələbənin bir addımlığında idi. Çünki sentyabrın 30-na qədər həm Füzulinin, həm də Cəbrayılın ona yaxın kəndi, eləcə də yüksəkliklər erməni işğalından azad olunmuşdu. Və həmin yerlərə Azərbaycan bayrağı sancılmışdı. Azərbaycan əsgərinin heç bir qüvvə, heç bir güc, heç bir silah qarşısını ala bilmirdi. Çünki onlar  qələbənin sevincini və dadını hiss etmişdilər. Hiss etmişdilər ki, hər kənd, hər qəsəbə, hər şəhər uğrunda döyüş onları böyük qələbəyə aparır. 

Həmin dövrdə bizim qəzetin əməkdaşı Emin Piri də  Cəbrayıl və Füzuli istiqamətində döyüşürdü. Onunla dəfələrlə  telefon əlaqəsi yarada bildim. Hər dəfə də Emin qardaşımız deyirdi ki, Füzulinin, Cəbrayılın hər daşı, hər qayası, hər ağacı bizim üçün müqəddəsdir. Biz hər qarış torpağı  erməni işğalçılarından azad edəndə, Allaha and olsun, o torpaqdan əyilib öpürdük. Elə bilirdik anamızı öpürük. Axı Ana da Vətəndir,  Vətən də Anadır! 
Bir dəfə hücuma keçərkən biz mühasirəyə düşdük. Saatlarla döyüşdük, amma ümidimizi itirmədik, biz bilirdik ki, Azərbaycan  ordusu 90-cı illərdə olan ordu deyil, bizə kömək gələcək və biz mühasirədən çıxacağıq. Bax, həmin anlarda bizim köməyimizə xüsusi təyinatlılarımız gəldi. Artıq  patronlarımız da tükənirdi, amma səbrimiz və ümidimiz tükənmirdi. Bir də gördük ki, ermənilərin mövqeyi xüsusi təyinatlılarımız tərəfindən darmadağın edildi. Ölənlər öldü, qaçanlar da heç qaça bilmədi, onları da xüsusi təyinatlılarımız it kimi gəbərtdilər. Biz mühasirədən çıxmağı bacardıq və yenidən xüsusi təyinatlılarımızın azad etdiyi yüksəklikdə dayandıq. Hava soyuq olsa da içimizdəki  Vətən sevgisi, Vətən məhəbbəti, qələbəyə gedən yol  bizi üşüməyə qoymurdu. Bizi üşüməyə qoymayan həm də böyük qələbəyə olan inamımız  idi. 

Emin Piri həm də o vaxtlar deyirdi ki, mən dostlarıma və evdəkilərə söz vermişəm ki, Şuşanı azad edəcəyəm. Bəli, mən Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Hadrutun azad olunmasında bir Azərbaycan zabiti kimi nəyi bacarırdımsa onu elədim. Yəni mən son ana qədər əsgərlərimizin yanında oldum. Biz Şuşaya qədər gedib çıxdıq. Şuşa döyüşü isə daha dəhşətli idi. Burda  bir neçə yaxın dostumuzu itirdik. Onlar işğal altında olan torpaqlarımızı qaytardılar, ancaq özləri qayıtmadı. Amma içi mən qarışıq bütün əsgərlərimiz və zabitlərimiz Vətənə olan borcumuzu qaytara bildik. Elə gün olurdu ki, ac-susuz qalırdıq, bəzən üç-dörd gün su tapa bilmirdik, amma bu ümid bizi böyük qələbəyə qovuşdurdu və sevinci bizə yaşatdı.

Azərbaycan xalqının İkinci Qarabağ savaşında möhtəşəm qələbəsi onu deməyə əsas verir ki, bizim ərazi bütövlüyümüzə, dövlətçiliyimizə zərbə vurmaq istəyən bütün xarici qüvvələr həmişə belə bir dərs alacaq. Çünki Azərbaycan Ordusu bu gün dünyanın ən güclü, ən qüdrətli və ən döyüşkən ordusudur. Azərbaycan əsgəri Vətənin azadlığı yolunda, müstəqilliyi  uğrunda ən ağır döyüşlərə belə həmişə hazır olub və bu gün də hazırdır.

Eşq olsun  Azərbaycan Ordusuna!

 

Emil Faiqoğlu

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb