29 Sentyabr 2023 11:40
490
SİYASƏT

Hədəfimiz: 8 anklavın həlli və Qərbi Azərbaycanlıların yurduna dönməsi

Azərbaycanın Qarabağda mütləq və qəti qələbəsi artıq təmin olunub. Qalib Dövlətimizin digər problemlərlə bağlı planları həyata keçirmək üçün qollarını çırmalayacağına əminik və bunu müzəffər ordumuzdan eyni zamanda müzəffər Ali Baş Komandandan gözləyirik.

Söhbət Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Bu kəndlər delimitasiya prosesində Azərbaycana qaytarılmalıdır.
Xatırlayırsınızsa, elə Prezident Əliyev Çin mediasına da müsahibəsində bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.
Onu da xatırlayırıq ki, Ermənistanın 10 noyabr bəyanatında 8 kəndi delimitasiya və demarkasiya zamanı geri qaytaracağı öhdəliyi götürdüyü haqda hələ o vaxt məlumat yayılmışdı.

Nəhayət Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin mayında Azərbaycanın 86,6 min kv.km ərazisinin Ermənistan tərəfindən tanındığını, Qarabağın da həmin əraziyə aid olduğunu elan etdi. Tarixi mənbərə görə, 1920-ci ildən 1929-cu ilə qədər – yəni Azərbaycan Xalq Cümhuriyyəti ruslar tərəfindən işğal olunduqdan sonra keçən 9 il ərzində Qərbi Zəngəzur, Göyçə tam, Qazax ərazisinin 4,1 min kv.km-i, üstəlik, Naxçıvan bir hissəsi (Dərələyəz mahalına qatılıb) Ermənistana verilib və nəticədə Ermənistanın sahəsi 1929-cu il 18 fevrala qədər 29,8 min kv.km-ya çatdırılıb. Bu ərazi vermələrinin heç birində referendum keçirilməyib, xalqın razılığı alınmayıb; bunu Zaqafqaziya SFSR bir qərarla həll edib.

Erməni ekspert Karen İgidyan Paşinyanın məlum açıqlamasını şərh edərkən demişdi ki, əslində bu qərar Azərbaycana yeni hədəflər verir: “İkinci addım Zəngəzur məsələsi olacaq, sonra İrəvan məsələsi qaldırılacaq. Şübhəsiz ki, Azərbaycan çalışacaq ki, həmin müqavilədə “azərbaycanlılar Ermənistana qayıtsın” bəndi olsun və burada yeni, böyük, güc münaqişəsi yaranacaq”.


Hətta erməni türkoloq Varujan Qalstyan Brüsseldə may ayında keçirilmiş üçtərəfli görüşdən həyəcanlı açıqlamalarla çıxış etdi. Türkoloq erməni tərəflərin “Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsiplər” baradə razılığın əldə edilməsinə verdiyi şərh belə oldu: “Bu qeyri-müəyyən ifadə faktiki olaraq Ermənistanın Tavuş və Ararat vilayətlərindəki anklavları (Qazax rayonuna aid 7 kənd və Sədərək rayonunun Kərki kəndi) Azərbaycana təhvil verəcəyi anlamına gəlir. Yəni ərazi Azərbaycana təhvil veriləcək və ondan sonra biz oradan xüsusi icazə ilə keçə biləcəyik. Burada Gorus-Qafan yolununu xatırlamaq yerinə düşər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qazaxın 7 yaşayış məntəqəsi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrlimli kəndləri Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır .Bildirək ki, həmin kəndlər SSRİ dövründə aparılan qeyri-qanuni delimitasiya işləri zamanı Azərbaycanın əsas hissəsindən ayrı salınıb.
Eyni zamanda, məlumat üçün xatırladaq ki, həmin 7 kənd 1990-92-ci illərdə Ermənistan ordusu tərəfindən işğal edilib.

Əntiqə Rəşid