09 Mart 2023 12:15
1456
MÜSAHİBƏ

Həkim: “Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə alır” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nefroloq Hikmət İsmayılov böyrək əvəzləyici müalicə alan xəstələrdən danışıb.

Həkimin nazirliyin rəsmi saytına verdiyi müsahibəni təqdim edirik:

- Hikmət müəllim, bu gün Ümumdünya Böyrək Günüdür. Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz...

- 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü kimi qeyd edilir. Bu, böyrəyin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Həmin günün qeyd olunmasının əsas məqsədi beynəlxalq və dövlət təşkilatlarının, siyasi strukturların diqqətinin səhiyyəyə cəlb edilməsi, səhiyyə sisteminin inkişafına yardım göstərmək, böyrək xəstələrinin problemi ilə əlaqədar səylərin birləşdirilməsidir.
Həmçinin məqsədlər sırasında tibbin bu sahəsində mütəxəssislərin təcrübə mübadiləsinin aparılması, böyrək xəstəliklərinin profilaktikası, müalicə keyfiyyətinin yaxşılaşdırılması, xəstələrə yardım göstərilməsi üçün yeni dərman preparatları və tibb avadanlıqlarının hazırlanmasına diqqəti cəlb etmək də var.

- Dünyada və Azərbaycanda böyrək əvəzləyici müalicə alan xəstələrin statistikası necədir?

- Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə (BƏM) alır və bu sayın 2030-cu ilə qədər 5-10 milyona çatması gözlənilir. Hazırda Azərbaycanda 3678 nəfər dövlət vəsaiti hesabına proqram üzrə hemodializ müalicəsi qəbul edir. Eyni zamanda, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 54 hemodializ mərkəzi 700 dializ aparatı ilə təchiz olunub.

- Doktor, bəs hansı böyrək əvəzedici müalicə ən uyğun hesab olunur?

- Böyrək əvəzləyici müalicəyə hemodializ, periton dializi, böyrək transplantasiyası və son vaxtlar sınaqdan keçirilən qarın boşluğuna implantasiya oluna bilən süni böyrək (implantable artificial kindey) aiddir.

Əgər xəstənin yaşı, əsas xəstəliyi və s. uyğundursa, böyrək köçürülməsi ən uyğun böyrək əvəzləyici müalicə növü hesab olunur. Böyrək transplantasiyasının əsas üstünlüyü ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin orta ömür müddəti əhəmiyyətli dərəcədə yüksəlir.

- Böyrəklərin xroniki xəstəliyi nədir? Xəstəliyin mərhələsini necə təyin etmək olar?

- 3 aydan artıq davam edən böyrək zədələnməsi və funksiyasının azalması böyrəklərin xroniki xəstəliyi (BXX) adlanır. Xəstəlik 5 mərhələyə bölünür ki, bu da xəstənin müalicə taktikasına və son mərhələdə böyrək çatışmazlığı və ürək-damar ağırlaşmalarının inkişaf riskinə görə fərqlənir.

BXX-nin mərhələləri yumaqcıq filtrasiya sürətinə (YFS) əsasən müəyyən edilir. 1-ci və 2-ci mərhələlərdə xəstəlik demək olar ki, simptomsuz keçir. 3-cü mərhələdən artıq klinik təzahürlər aydın görsənir. 4-cü mərhələdə xəstə psixoloji baxımdan böyrək əvəzləyici müalicəyə hazırlanmalıdır.

5-ci terminal mərhələdə yumaqcıq filtrasiya sürəti 15 ml/dəq az olur. Xəstəyə dializ və ya böyrək transplantasiaysı məsləhət görülür. Uyğun donorun olduğu zaman preemtiv (dializə düşmədən) böyrək nəqli tövsiyə olunur.

- Dializ və onun metodları haqqında məlumat verərdiniz...

- Hemodializ - orqanizmdə əmələ gələn artıq mayenin və zərərli maddələrin xüsusi membran vasitəsilə təmizlənməsidir. Periton dializində membran rolunu periton oynayır. Hemodializ müalicəsinə göstəriş həkim-nefroloq tərəfindən verilir, xəstənin əsas diaqnozu və hemodinamik vəziyyəti nəzərə alınır.

Hemodializə göstərişlər aşağıdakılardır:
-Kəskin və xroniki böyrək çatışmazlığı;
-Dərmanların doza həddinin aşılması;
-Kimyəvi maddələrdən zəhərlənmələr;
-Qanda elektrolit balansının kəskin pozulması (hiperkalemiya və s.);
- Hemodializ alan xəstələr nəyi bilməlidirlər?
- Onlar 3D prinsipinə (dializ, dərman, diyeta) əməl etməlidirlər. İlk növbədə, təyin olunmuş hemodializ seanslarına vaxtında getməlidirlər. Bu, adətən həftədə 3 dəfə olmaqla 4 saat aparılır. Hemodializ dozası 12 saatdan az olmamalıdır.

Konservativ müalicənin əsas prinsiplərinə aiddir: əsas xəstəliyin düzgün korreksiyası, turşu-qələvi və elektrolit balansının tənzimlənməsi, antianemik dərmanlar, diuretiklərdən istifadə, az zülallı pəhriz.

Hemodializ alan xəstələrə duzlu və yağlı yeməklər, ət, balıq və göbələk bulyonları, hisə verilmiş/qurudulmuş ət, balıq və kolbasa məhsulları, quru meyvələr, çərəzlər (qoz, fındıq, badam, fısdıq və s.) qidaların qəbulu qadağan edilməlidir.