29 Avqust 2024 18:06
458
SAĞLAMLIQ

Həkim səhvindən doğan faciələr: Tibbdə də sertifikasiya olsunmu?

Bu ilin iyun ayında FB dostluğumda olan jurnalist həmkarım Fərahim Qasımov sosial şəbəkədə paylaşım etdi.

O, anasının "Stimul Hospital" Klinikasında həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini yazdı:
"Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimasiya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".

Elə həmin ərəfədə Zərdab rayonunda da bir qadın doğuş zamanı həyatını itirdiyi mediada yayıldı. Məlum oldu ki, qadının hamiləliyi riskli olub və ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Təəssüf ki, bu tip xəbərlər son illər xeyli artıb. Məsələn, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev hələ 2022-ci ildə Azərbaycanda həkim səhvləri ilə bağlı 78 fakt üzrə cinayət işi başlanıldığını açıqlamışdı. Hazırda həkim səhlənkarlığına görə ömürlük şikəstliyə məhkum olan və ya ölən minlərlə insan var və ilbəil bunların sayı artmaqdadır .

Deməli, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib. Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.
Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar. Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.
Məlumatı bu gün Report yayıb. Bildirilir ki, V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmdən müdafiə tərəfi şikayət verib.
Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

P.S. Hər il Azərbaycanda Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir . Müəllimlərin sertifikasiya imtahanında layiqli olanlar, biliyinə əmin olub imtahandan keçənlər qalıb dogma məktəblərində işini davam etdirirlər. Sertifikasiyadan keçə bilməyənlər isə işini əbədi itirməmək üçün yenidən bilgilərin artırır, üzərində üzləyir, lazım olan səviyyəyə çatdıqdan sonra imtahan verib işinin başına keçirlər.
Görəsən, belə bir sertifikasiya , imtahan tibb işçiləri üçün keçərli ola bilərmi?
Mümkün olarsa, cəmiyyət , dövlət, səhiyyə qazanar!


Əntiqə Rəşid