adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2024 14:20
1818
MƏMLƏKƏT

"Hər "lüt" qadının arxasında "KİŞİLİK" missiyası "ölmüş" ata, qardaş, oğul, ər var"

Bir neçə gün əvvəl sosial şəbəkələrdə açıq-saçıq geyim formasında olan qadının mağazadan qovulması ilə bağlı videogörüntülər yayıldı. Videoda mağazadan alış-veriş etmək istəyən qadın geyimi ilə bağlı, heç bir xidmət göstərilməyərək mağazadan qovulduğu artıq o gündən sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Maraqlıdır ki, olay sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri qadını qovan şəxsə haqq qazandırsa da, digərləri bunun doğru olmadığını vurğulayıb.


Düzünü deyim, mühafizəkar olduğum üçün qadının geyiminə mənim də etirazım oldu. Amma qeyd etdiyim kimi "lüt qadın"ı müdafiə edənlər, ona haqq qazandıranlar da az deyildi deyə olay məni çox kədərləndirdi. Axı bir azərbaycanlı qadına nə olmuşdu ki, yataq geyiminəə oxşar geyimlə küçəyə, şəhərə-bazara çıxsın! Axı bu qadının bir atası, yaxud bir qardaşı bunlar da olmasa, əmisi, dayısı, xalası, bibisi oğlu vardı. Niyə nəsildə, kökdə bir o qədər kişi ola-ola bir qadın elə geyinsin? Suallarıma cavab tapa bilmirdim. Son illər şəhərimizin qadınlarının ultra açıq geyimi onsuz da bir Azərbaycan qadını kimi məni sıxırdı, üzürdü. Hələ belə geyinənlərə irad bildirə bilməmək, onları qınamağa hüquqi və mənəvi borcumuzun olmaması da adama bir ayrı hiss yaşadır.

Desəm ki, a xanım, ay Azərbaycanımın gözəl qızı, qadını, anası bu göbəyi , sinəsi açıq, ətəyi yox dərəcəsində olan geyimlə bayıra-bucağa çıxanda utanmırsanmı? Qadınların, qocaların, gənclərin qınayıcı baxışları səni sıxmır ? Yaxşı, deyək ki, bunlardan utanmırsan, sıxılmırsan, səni evindən çölə ötürən, ana, yaxud, ata, qardaş, həyat yoldaşı , oğul qeyrətinin, namusunun çöllərdə qaldığını, qınandığını, bəzən söyüldüyünü görmürlər?
Xarici filmlərdə, xüsusən, Hollivud filmlərində, ABŞ və Fransa istehsalı olan filmlərdə belə səhnələrin siz də şahidi olmusunuz: Gecə yarısı, yol kənarında açıq saçıq geyinmiş boyalı-rəngli qadınlar və minik maşınlarından onları çağıran müştərilər. Təəssüf edirəm ki, tək son 2 ildə Hollivuddakı o yol kənarında dayanan qadınların geyimi Bakıya ayaq açıb. Ötən yay "Torqovı" da bu geyimdə olan qadınlardan iynə atsaydın yerə düşməzdi. Hətta düşündüm ki, yəqin turistlərdir, bizimkilər belə "lüt" şəhərə çıxmazlar. Fikrimi yerli-dibli beynimdən silən isə onların bizim dildə tərtəmiz danışmağı oldu. Hətta ləhcə ilə danışanlar da vardı. Üzüntümü ifadə edə bilmirəm...


Bir neçə gün bundan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. Zaur Əliyevin bir yazısı qarşıma çıxdı. Alim yazır:"Qarabağ bölgəsində ermənilərin bu ərazilərə köçürülməsindən sonra düz sovetlər birliyi qurulana qədər bir adət var idi. Bu adət ermənilərdən Azərbaycan qadınların qorumaq üçün edilirdi.


Əgər azərbaycanlı qadın evə tək qayıdırdısa onu bir yaxud bir neçə kişi gördüsə onu müşayət edərdilər. Arxadan səsisz şəkildə xanım düz evinə gedib çatana qədər müşayət edb, evinə daxil olmasına əmin olduqdan sonra çıxıb gedirdilər. Hər bir kişinin vacib nə qədər işi olmasına baxmayaraq yolda təkbaşına gedən xanımı evin yaxud getdiyi yerə qədər müşayət etmək borcu idi. At belində olsalar belə düşüb, piyada onu yola salmaq hər bir kişinin görməli işi idi.


Bu zaman heç biri xanıma yaxınlaşmaz, söz deməz, aralarında məsafə saxlayardı. Özü də başını aşağı salıb ötürürdülər. Bu bir qadına olan hörmətlə yanaşı, azərbaycanlı başa düşürdü ki, hər hansı erməni onu incitsə, onu alçaltsa, bu, onun atasına, qardaşına, ərinə, oğluna, bütün ailəyə, sonda isə bütün kəndə ayıb olar.
Azərbaycanlı bunu həm konkret qadının, həm də bütün kəndin şərəfinə ləkə vurmamaq üçün edirdi. Sonradan bu adət bütün Azərbaycana yayıldı".


Düzdür, Bakı Qarabağ deyil, orada hər kəs qadınlara sahib çıxa, onun namusunu qoruya. İndi zəmanə də heç o zəmanə deyil. Amma hər kişi evindən bayıra çıxan qızının, bacısının, anasının, həyat yoldaşının geyim tərzinə azacıq bir yad gözü ilə baxsa, yüngülcə bir etiraz bildirsə, nə ailələr dağılmaz, nə əxlaqsızlıq və cinayətkarlıq baş alıb getməz, nə də gənc qızlar yolunu azmazlar...
Bir qadın əgər pis yoldadırsa, günahı o qadında axtarmayın! "Kişi" demək , namus-qeyrət , vətən, ana-bacı qoruyucusu deməkdir!Gəlin günahı o qadına sahib çıxa bilməyən atada, qardaşda, ərdə, oğulda görün!

 Əntiqə Rəşid