adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
28 Noyabr 2022 22:43
1834
MÜSAHİBƏ

“Hər səhnə göz yaşı, faciə, hiss edirəm ki, ürəyimdə problemlər yaranıb” – Aktrisa Rada Nəsibova - SÖHBƏT

Həmsöhbətimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, həmçinin seriallarda oynadığı obrazları ilə sevilən Rada Nəsibovadır.

Adalet.azmüsahibəni sizə təqdim edir.

 

- İlk dəfə 2008-ci ildə beş seriyalıq "Gürzə" filmində çəkilmisiniz. Orada gözləri görməyən bir qadını oynayırdınız. Sonralar sizi "Qaynana" serialında Sədaqət, “Bir ailəm var” serialında da Nazlı kimi tanıdılar. Rejissorlardan gələn təklifi hansı meyarlar əsasında dəyərləndirirsiniz?

- “Gürzə” serialının çəkilişləri zamani eyni anda “Qaydasız döyüş” serialına da çəkilirdim. İlk öncə ifa edəcəyim rol önəmlidir. O rolu sevməliyəm və inanmalıyam. Bu tamaşaçılara da yansıyır. Sən inanırsansa onları da inandıra bilirsən. Rejissorla söhbət əsnasında uğurlu bir işbirliyinə inanəb qəbul edirəm. Arada istisnalar da olur, bəzən düşündüyüm olmaya bilir.

- İstisnalar nədən irəli gəlir? Maddi ehtiyac üzündən sevmədiyiniz rola çəkilərsiniz?

- Çəkilmərəm, çəkilməmişəm də. O cür təkliflər çox olub, bir də aktrisa kimi mənim öz baryerlərim var, açıq səhnələrə çəkilmərəm, əvəzində istədiyim pulu versələr də. Bəzən bu çoxuna qəribə gəlir, amma mən bunu qəbul etmirəm. “Aktrisa hər rola çəkilə bilər”. Təmənnasız tariximizi əks etdirən bəii film olarsa, mənə ehtiyac duyularsa, çəkilərəm. İstisna onu nəzərdə tuturdum ki, bəzən obrazı başqa cür təsəvvüründə canlandırırsan amma iş prosesində ssenaridən gələn bəzi nüanslar olur, obrazın xarakteri dəyişir...

-Sizcə çəkildiyiniz seriallar nə dərəcədə uğurlu alınıb? Yoxsa sizə maraqlı olan təkcə öz obrazınızı yaratmaqdır?

- Çəkildiyim seriallar demək olar ki, mənə uğur gətirib. Əgər mənə ifa etdiyim obrazın adı ilə müraciət edirlərsə, o adı övladlarına qoyurlarsa, demək ki bu sevgini qazanmışam. Mən reytinqi düşünmürəm, bəli, mənə ifa etdiyim obrazın doğru-düzgün ifası maraqlıdır.

- Aktyor, aktrisa tamaşaçıya obrazı necə sevdirməlidir? Bunun konkret bir düsturü var?

-Aktyor, aktrisa obrazı necə sevdirməlidir... Mən düşünürəm, yaşanan hadisələrə, keçirdiyi hisslərə inanmalıdır. Özü onu yaşayırmış kimi. Bəzən olur ki, deyirsən ssenaridə bu belə ola bilməz axı, bu necə yazıla bilər, bu absurddur. Bunu düşündünsə, o səhnə istədiyin kimi alınmır, çünki özün inanmırsan. Həm də düşünürəm ki, aktyor, aktrisa ifa etdiyi obrazlara görünüş baxımından da uyğun gəlməlidir.

- Tanınırsınız, seriallarda oynamısınız, teatrda işləyirsiniz. Naxışınız yaxşıdır, yoxsa belə də olmalı idi?

-Naxışım yaxşıdır? Kənardan bəlkə də elə görünür, amma zəhmətim çox olub. Qazandığım uğurları zəhmətimə, səbrimə, hər atılan daşa reaksiya vermədiyimə görə nail olmuşam. Qəlbimdə həmişə xırda bir sevincə, uğura görə Allaha təşəkkür etmişəm.

- Elə obrazınız olubmu daxili vicdan səsiniz deyib ki, Rada, boynuna al, obrazı yola verdin?

- Heç vaxt heç bir işimi yola verməmişəm. Məndən asılı olmayan səbəblər olub. Misal üçün, sən baş verən hadisəni başqa cür duyursan, çəkiliş zamanı vəziyyətə uyğun olaraq başqa cür quruluş verilir, ya o səhnə çox tələsik çəkilir, məkanı tez tərk etməli oluruq, hiss edirəm ki, o səhnə ürəyimcə olmadı. Efirə baxanda hansısa səhnə xoşuma gəlməyəndə evdə oturub uşaq kimi ağlayıram. Amma düşünürəm ki, hər işimizdən məmnun olsaq, inkişaf edə bilmərik. Səhvin olanda növbəti səhnələrə daha diqqətli yanaşırsan. Eləcə də teatrda tanaşalarda eyni məsuliyyəti daşıyırsan.

- Sizcə sənətçi neçə yaşına kimi səhnədə qalmalıdır? Məsələn, elə rejissorlar, aktyorlar var ki, ölənə kimi səhnədədirlər. Amma tükənmişliklərini görəndə adam təəssüf hissi keçirir.

- Sənətçi müəyyən mənada mühafizəkar olmalıdır. Səhnədə texnika deyilən bir şey var. Mən roldayam, nəzarəti itirib qarşımdakı insanı vurmalıyam. Həqiqətən vurub, xətər yetirim, olmaz. Eləcə də müəyyən səhnələr var ki, aktyor özünü qorumalıdır. Elə səhnələr var ki, soyuq havalarda nazik paltarla küçələrdə çəkilirsən. Bu sənin səhhətinə ziyandır. Elə olur dəfələrlə xəstələnirəm, dərhal isti ədyala bürünməlisən, isti çay içməlisən. Bir-birinin ardınca bəxti gətirməyən,

- Nə zamansa əməliyyat masasına uzana bilərsinizmi?

- Əməliyyat masasına dəfələrlə uzanmışam, amma gözəlliklə bağlı deyil (gülür). Düşünmürəm ki, nə vaxtsa estetik əməliyyat etdirərəm. Çünki özümə çox diqqət edirəm, qidamı kontrol edirəm, sağlam qidalanıram, idmanla məşğul oluram, üzümə baxım edirəm hər gün. Burun əməliyyatı etdirmişəm, avtomobil qəzası keçirmişdim, sınıq var idi burnumda, bircə onu düzəltdirmişəm.

- Rada xanım, fəxri ad sizin üçün önəmlidirmi? Bu ad sənətçi üçün hansı dəyəri kəsb edir və nəyi dəyişir?

-Zamanla düşünürdüm ki, önəmli deyil. Bu sənəti sevdiyim üçün işləyirəm. Sən belə düşündükcə görürsən, elə insanlar fəxri ad alır, mükafata layiq görülür ki, xəyal qırıqlığına uğrayırsan. Və zamanla titula görə ayrıseçkiliyin yarandığını görürsən. Amma tamaşaçıya sənin titulun var, ya yox, fərqi yoxdur. Onlara ifa etdiyin obraz maraqlıdır. O rola görə ya sevirlər, ya da sevmirlər.

- Tamaşaçılarınızdan reaksiyalar necə olur? Nə yazırlar? Nə deyirlər?

- Tamaşaçılardan həmişə sevgi dolu mesajlar alıram. Kədərləndirən bir nüans var ki, çoxu yazır mənim taleyimi oynayırsınız. Sizə baxanda özümü görürəm. Buna çox üzülürəm. Qadınlarımızı, ümumiyyətlə hər kəsi xoşbəxt görmək istəyirəm. Sevməyən də olur, bir insanı hər kəs sevə bilməz. Və düşünürəm bu insanların ruhu ilə bağlıdır. İfa etdiyim rol onun ruhuna uyğundur, ya yox. Məsələ budur.

 

Eminquey