Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi illər getdikcə daha yaxşı anlayırıq

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, onun şəxsi həyatı ilə bağlı əlamətdar günlər də tarixi məna kəsb edir. Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycançılıq ideologiyasını yaratmış Heydər Əliyev ilə Azərbaycanın adı daim qoşa çəkilib. Anadan olmasının 102-ci ildönümündə də bütün azərbaycanlılar tərəfindən dərin ehtiram və sevgi ilə yad edilən Ümummilli Liderin mənalı həyatı, məhsuldar fəaliyyəti illər keçdikcə daha dərindən öyrənilir, tədqiq edilir. Təsadüfi deyil ki, bu gün qürur duyduğumuz, haqqında fəxrlə danışdığımız Azərbaycanımız məhz dahi liderin şah əsəri hesab olunur. Təkcə respublikamızda deyil, dünyanın əksər ölkələrində onun anadan olması yüksək təmtəraqla, coşqu ilə qeyd olunur.
Rəhbər vəzifələrdə çalışdığı həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamızın tərəqqisi üçün misilsiz işlər görən dahi lider milli maraqları, xalqın mənafeyini hər şeydən üstün tutub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızda inkişafa səbəb oldu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hazırladığı və həyata keçirdiyi inkişaf konsepsiyası sayəsində fundamental çətinliklər aradan qaldırıldı. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, parlament seçkiləri keçirildi, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində uğurlu addımlar atıldı.
Qısa müddət ərzində Ulu Öndər dağılmaqda olan Azərbaycanı müstəqil ölkəyə çevirdi. Onun praqmatik xarici siyasəti nəticəsində Azərbaycan etibarlı strateji tərəfdaşa çevrildi. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi”nin bağlanması bunun bariz nümunəsi idi.
Dahi şəxsiyyətin bütün fəaliyyətinin əsas məqsədi, qayəsi Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və ərazi bütövlüyünün təmin edilməsi idi. Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün əlindən gələni edən Ulu Öndər Ordu quruculuğu, milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hərtərəfli işlər gördü. Hələ 1971-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Milli ruha sahib vətənpərvər gənc nəslin yetişdirilməsi üçün hələ Sovet dövründən başlyaraq məqsədyönlü tədbirlər həyata keçirən Ulu Öndərin tarixi missiyasını uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi və 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Cənab Prezident bununla da ata vəsiyyətini yerinə yetirdi. Mərhum prezidentimiz başa çatdıra bilmədiyi taleyüklü məsələni onun layiqli davamçısı cənab İlham Əliyeb tamamladı. Bu gün Ulu Öndərin ruhu şaddır, çünki onun ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Hazırda azad olunan torpaqlarda əsil sahibləri tərəfindən sürətli quruculuq və bərpa işləri həyata keçirilir.
Parlaq şəxsiyyətin silinməz illəri respublika həyatının bütün sahələrində aydın görünür. Uğurlarımızın təminatçısı olan Heydər Əliyev hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətdir. Biz xalq olaraq bu gün əldə etiyimiz uğurulara görə Ümummilli Liderə borcluyuq. Anadan olmasının 102-cü ildönümündə dahi rəhbər bir daha ehtiramla anır, onu qəlbimizdə yaşadırıq. Azərbaycan xalqı var olduqca, Ulu Öndər ruhu, milli ideologiyası yaşayacaqdır.
Cəbi Quliyev
Milli Məclisin VI çağırış deputatı
Digər Xəbərlər

Azərbaycan-İran münasibətləri qədim köklərə bağlıdır

Strateji Məqsəd və Humanitar Yanaşmalar üçün əsas addım...

Heydər Əliyev Azərbaycan tarixində doğan bir gűnəşdir

Azərbaycan-İran münasibətləri qədim və ortaq köklərə malikdir

"Bu qərar vəkillərin əməyinin daha ədalətli qiymətləndirilməsinə imkan verəcək"

İran Prezidentinin Azərbaycana Səfəri və dostluq bağların güclənməsi

Azərbaycan-İran münasibətləri sağlam təməl üzərində inkişaf edir
