04 Mart 2023 09:00
2983
LAYİHƏ

Heydər Əliyev və milli dövlətçilik təfəkkürü

Ulu Heydər Əliyevin bu xalq, bu millət və bu dövlət qarşısında əvəzsiz xidmətləri olub. Ən azından ona görə ki, dünya şöhrətli siyasətçi həmişə millətin və xalqın ən ağır günündə onun yanında olub. Başqa sözlə demiş olsaq, Ümummilli Lider heç vaxt xalqını çətin gündə darda qoymayıb. Biz bunun bariz nümunəsini 1990-cı ildə 20 Yanvar qanlı hadisələri zamanı gördük. Gördük ki, Heydər Əliyev SSRİ-nin kəshakəs vaxtında heç nədən, hətta ölümdən belə çəkinməyərək Moskvada səfirliyimizə gəldi. Orada imperiyanın törətdiyi qanlı cinayətə öz etirazını bildirdi. Təbii ki, belə bir addımı atmaq, belə bir vətənpərvərlik nümunəsi göstərmək o qədər də asan deyildi. Çünki həmin vaxtlar Heydər Əliyev vəzifədən çıxarılmış və Siyasi Büronun üzvlüyündən azad edilmişdi. Üstəlik də sovet rejimi onu rahat buraxmırdı. Həmişə nəzarətdə saxlayırdı. Amma bunların heç biri Ulu Öndəri tutduğu yoldan döndərə bilmədi. Xalqın ən ağır günündə, ən faciəvi günündə onun yanında olmağı həyatı bahasına olsa da, qərara aldı və möhtəşəm bir addım atdı. Bu hadisə bir daha göstərdi ki, Heydər Əliyev xalqımızı canı qədər çox istəyir.

Ulu Öndərin hakimiyyətdə olduğu ilk gündən son anadək həmişə ürəyi bu vətən, bu xalq üçün döyünürdü. Dövlətimizin müstəqilliyi, azadlığı və dirçəlişi üçün, bayaq dediyimiz kimi, həyatını belə təhlükəyə atıb. Ona görə ki, Ulu Öndər həmişə bu xalqı müstəqil və azad görmək istəyirdi. Heydər Əliyev Pekin İctimai Elmlər Akademiyasındakı çıxışında demişdir:

“Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir. Bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmlətməkdən ibarətdir”.

Təbii ki, Ulu Öndərin xarici ölkələrdə, beynəlxalq yığıncaqlarda bu fikirləri səsləndirməsi onu deməyə əsas verirdi ki, hələ də bir çox ölkələr, müstəqilliyimizi və azadlığımızı həzm edə bilmir və bu yolda qarşımıza maneçiliklər yaradırdı. Aydındır ki, dünya şöhrətli siyasətçi Heydər Əliyev düşmən qüvvələrin apardığı pozucu siyasəti öncədən görürdü və buna qarşı da lazımi siyasət həyata keçirirdi.

Əlbəttə, yeni yaranmış Azərbaycan dövlətini parçalamaq və onun müstəqilliyini əlindən almaq istəyən qüvvələr heç vaxt sakitləşmirdi. Azərbaycan tarixinin ən ağır, ən çətin vəziyyətində Ulu Öndər xalqın tələbi ilə yenidən hakimiyyətə gətirildi, ölkəmizi parçalanmaqdan xilas etdi. Hamının yaxşı yadındadır, Lənkəranda Əlikram Hümbətov özünə bir “dövlət” yaratmışdı. Eləcə də Balakən və Zaqatala bölgəsində vəziyyət çox mürəkkəb idi. Yəni həm cənubda, həm də şimalda vəziyyət çox pis idi. Bəzi xarici ölkələrin köməkliyi ilə qaragüruhçu qüvvələr fəallaşmışdılar. Xalq Cəbhəsinin, eləcə də ondan əvvəlki mövcud hakimiyyət zamanında həmin qüvvələr özlərinə yer almış, inkişaf etmiş və ölkədə qarışıqlıq, xaos yaratmışdı. Başqa sözlə demiş olsaq, milli dövlətçiliyimiz artıq süqut edirdi. Belə bir zamanda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanmaqdan və milli dövlətçiliyimizin məhv edilməsindən xilas etdi. Aydındır ki, qısa zaman kəsiyində ərazi bütövlüyümüzü bərpa etmək, milli dövlətçiliyimizi qorumaq və onu beynəlxalq səviyyələrdə möhkəmlətmək heç də asan deyildi.

Dünyanın ən nəhəng siyasətçiləri belə bu problemin öhdəsindən gələ bilməzdi. Ölkəmizin çətin vəziyyətində Ulu Öndərin təşəbbüsü və iştirakı ilə “Əsrin müqaviləsi”- neft kontraktının imzalanması və dünyanın bir çox ölkələrinin bu müqaviləyə qoşulması Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi. Milli dövlətçiliyimizə yeni nəfəs, yeni güc verdi. Aydındır ki, həmin dövrdə erməni işğalçıları öz havadarlarının köməkliyi ilə Azərbaycanın 20 faiz torpağını işğal etmişdi, bir milyondan çox məcburi-köçkün və qaçqın kontingenti yaranmışdı. Həmin məcburi köçkünləri yerləşdirmək, onlara şərait qurmaq və bu insanların həyat tərzini bərpa etmək elə də asan deyildi. Çətin vəziyyətdə olan ölkəmizin bütün problemlərini ancaq Heydər Əliyev kimi böyük siyasətçi dünyaya çatdıra bilərdi. Ulu Öndərin dünyanın ən böyük ölkələrinə səfəri, eləcə də beynəlxalq təşkilatlardakı çox cəsarətli və prinsipial çıxışları xalqımızın səsini dünyaya çatdırdı. ABŞ, İngiltərə, Fransa, Almaniya və digər dövlətlər Azərbaycan həqiqətlərini Ulu Öndərin müdrik siyasəti nəticəsində qəbul etdilər. Təbii ki, onları inandırmaq bir o qədər də asan deyildi. Bunun üçün Ulu Öndərin əlində çox güclü sübutlar və faktlar var idi. Heydər Əliyev də bu faktları dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırırdı.

Ən maraqlısı o idi ki, ABŞ-ın, Fransanın, Almaniyanın, Rusiyanın dövlət başçıları Heydər Əliyevin qarşısında çox aciz və zəif görünürdülər. Çünki Ulu Öndər dünya siyasətinə həmin prezidentlərdən əvvəl gəlmişdi və öz istedadı, təcrübəsi, biliyi və cəsarətli addımları ilə həmişə adını çəkdiyimiz ölkələrin prezidentlərini təəccübləndirirdi. Və onlar da heç bir ölkənin prezidentinə göstərmədiyi diqqəti Ulu Öndərə göstərirdi.

Ulu Öndər harda olursa-olsun Azərbaycan dövlətinin maraqlarını, onun milli dövlətçilik ənənələrini bütün dəyərlərdən üstün tuturdu. Onun çıxışlarında, xarici ölkələrin dövlət başçıları ilə görüşlərində və beynəlxalq təşkilatlardakı məruzələrində bir qırmızı xətt var idi: Azərbaycan dövlətçiliyi, xalqımız və millətimizin öz ərazi bütövlüyünü təmin etməsi! Bax bu məsələlər Ulu Öndərin apardığı siyasətin əsas təməlini, özəyini, siyasi xəttini təşkil edirdi.

Heydər Əliyev belə bir uzaqgörən, müdrik siyasətçi olub ki, onun zaman keçdikcə daha böyük şəxsiyyət olduğu aydınlaşır. Sanki o, bir Günəş kimi göy üzündə görünür və həmişə bu Günəşdən Azərbaycan dövləti, Azərbaycan xalqı nur alıb. Bizim fikrimizcə, Azərbaycan tarixində müstəqilliyimizi və milli dövlətçiliyimizi qoruyan tarixi şəxsiyyətlər çox az olub. Əlbəttə, bütün bu deyilənləri ona görə xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu uzun müddət ərzində bu dəyərlərə həmişə böyük diqqətlə önəm verib.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi böyük tarixi şəxsiyyəti və uzaqgörən siyasətçisi var. Əgər Allah eləməmiş kimi, Azərbaycanın ən ağır vəziyyətində xalqın dəvəti ilə hakimiyyətə gətirilməsə idi, onda görün nadan və cahil siyasətçilər ölkəmizi nə günə qoymuşdular. Başqa sözlə desək, ölkəmiz parçalanmış və milli dövlətçiliyimiz məhv olmuşdu. Milyonlarla insanın sevincinə səbəb olan Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızı bu bəladan xilas elədi. Dövlətçiliyimiz və müstəqilliyimiz qorundu. Ulu Öndər erməni işğalı ilə bağlı bütün çıxışlarında bəyan edirdi ki, bir qarış torpağımız işğal altında qalmayacaq. Onları zaman-zaman geri qaytaracağıq. Tarix bunu göstərdi. Ulu Öndərin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun gücü ilə 44 günlük savaşda işğal altında olan 9 rayonumuz geri qaytarıldı. Bu o demək idi ki, Ulu Öndərin apardığı uğurlu siyasət 30 ildən sonra öz bəhrəsini verdi. Azərbaycan dövlətçiliyi möhkəmləndi.
Tarix göstərir ki, Heydər Əliyev həmişə çox müdrik və uğurlu bir siyasət həyata keçirib. Bu uğurlu siyasət öz bəhrəsini verib və verməkdədir. Təsadüfi deyil ki, bu gün dünya o ölkələrə böyük maraq göstərir ki, orda sabitlik var, demokratik və hüquqi dövlət qurulub.

Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində həyata keçirilib. Elə ona görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə ölkəmizə çox böyük maraq göstərir, sərmayə qoyur və rahat fəaliyyət göstərirlər. Əlbəttə, dünya siyasətində hər hansı bir yanlış addım demokratik ölkələrin həmin məmləkətdən öz çevirməsinə səbəb olur. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycanda belə bir sivil, müstəqil və milli dövlətçilik ənənələri yaratdı ki, bu ənənə yüz illər bundan sonra da davam edəcəkdir. Milli dövlətçilik təfəkkürünün formalaşması, yeni mərhələyə qədəm qoyması bir daha ona əsas verir ki, Azərbaycan müstəqil dövlət kimi iri addımlarla irəliləyəcək, beynəlxalq aləmdə öz nüfuz və mövqeyini daha da möhkəmləndirəcək.

 

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.