28 Yanvar 2023 12:55
2128
ELM VƏ TƏHSİL

HEYDƏR ƏLİYEV VƏ ONUN AZƏRBAYCAN TƏHSİLİNDƏ ROLU
 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın qədim Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə qəbul olub. Lakin Böyük Vətən müharibəsi ona təhsilini başa vurmağa imkan verməmişdir.


Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsulvəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O,Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Dövlət təhlükəsizliyi orqanlarında 25 il (1944-1969) xidmət edən Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Ona 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmiş və 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbər şəxslərindən biri olmuşdur.
Heydər Əliyev SSRİ Ali Sovetinin VIII, IX, X və XI çağırışlarında deputat seçilmişdir. IX çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (IX çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X və XII çağırışlarda deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (VIII, IX və X çağırışlar) olmuşdur.
Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən könüllü olaraq istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda və bəzi rayonlarda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə ailəsi ilə birlikdə gələrək bəyanatla çıxış etmiş, Azərbaycan xalqına qarşı törədilmişcinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin yürütdüyü ikiüzlüsiyasətinə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdiyini bəyan etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana dönən Heydər Əliyev Bakıda deyil, məhz blokada şəraitində boğularaq sınmayan Naxçıvanda yaşamağı seçdi. Qədirbilən Naxçıvan əhalisi onu Azərbaycan SSR Ali Sovetinə, eyni zamanda Naxçıvan MSSR-in Ali Məclisinə deputat seçmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuşdur.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.


1993-cü il iyunun əvvəlində Azərbaycanda yaranmış xaotik vəziyyət, vətəndaş müharibəsi təhlükəsi xalqın Heydər Əliyevə üz tutub onu Bakıya dəvət etməsilə nəticələndi. Xalq düşmüş olduğumuz mövcud vəziyyətdən çıxış yolunu ancaq Heydər Əliyev təcrübəsində və bacarığında görürdü.


Xalqın təkidli tələbi qarşısında çıxılmaz durumda olan Azərbaycanın o zamankı rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı.
Gəncə şəhərindəki gərginliyin bütün respublikaya yayılmasından sonra mövcud iqtidarın vəzifəli şəxsləri hər ötən gün bir bəhanə ilə aradan çıxdılar. Heydər Əliyevi Bakıya dəvət edən dövlət başçısının özü isə gecənin birində heç kimə heç nə demədən anadan olduğu, böyüdüyü kəndə qaçmaqla dövlətin bütün ağırlığını Heydər Əliyevin üzərinə atdı.
Bundan sonra iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev, iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin də icrasına başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublukasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı...


Azərbaycan təhsilinin bugünkü uğurlarının kökündə Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti dayanır. Hələ sovetlər birliyi dövründə Azərbaycan təhsilinin inkişafı, tərəqqisi, ali təhsilli gənclərimizin sayının artması, Azərbaycandan kənarda ali təhsil almağa təşviq edən gənclərimizin kütləvilik təşkil etməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan təhsilinin özəyini, təməlini təşkil edən ümumi təhsilin qarşısında keçən əsrin 60-cı illərdə yeni vəzifə ‒ ümumi icbari orta təhsilə keçmək funksiyası qoyuldu. Lakin reallıq bu idi ki, bu illərdə təhsilin həmin pilləsinin maddi-texniki bazası və kadr təminatı zəif idi. Məsələn, 1965-ci ildə respublikada ümumtəhsil məktəblərində işləyən müəllimlərin yalnız 45 faizi ali təhsilli idi. Məktəblərin tikintisi olduqca ləng gedirdi. Belə bir şəraitdə respublikaya rəhbərliyə seçilən Heydər Əliyev ölkədə sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz təhsildən keçdiyini dərindən duyaraq əsas diqqəti bu sahəyə yönəltdi. Onun təşəbbüsü və rəhbərliyi ilə bir-birinin ardınca “Gənclərin ümumi orta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973) qərarlar qəbul edildi.
1979-cu ildə orta ümumtəhsil məktəblərinin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artaraq 765-dən 2117-yə yüksəlmiş, bu illərdə, həmçinin 1145 ibtidai məktəb orta məktəbə çevrilmişdir. Bu illərdə kəndməktəblərinin tikintisi intensiv xarakter almış, internat məktəblərinin şəbəkəsi genişləndirilərək 1979-cu ildə sayı 22-yə çatdırılmışdır. Şagirdlərin ümumi orta təhsili vaxtında başavurma göstəriciləri 1969-cu ildəki 73,3 faizdən 1979-cu ildə 89,6 faizə çatdırılmışdır. Heydər Əliyevin gərgin əməyi və qayğısı nəticəsində 1970-ci və 1980-ci ilin əvvəllərində ümumtəhsil məktəblərinin tədris-maddi bazası və kadrlarla təminatı daha da möhkəmləndirilmiş, onun imzaladığı “Ümumtəhsil məktəblərinin şagirdlərinin dərsliklərindən pulsuz istifadə etməsinə keçmək haqqında” qərarı 1978-ci ildən həyata keçirilmişdir.


1970-ci ildə Azərbaycanın ümumtəhsil məktəblərində 40,2 faizi ikinci növbədə oxuyurdu. O zaman həmin göstərici SSRİ üzrə 28,7 faiz, Rusiya üzrə 28,3 faiz, Gürcüstan üzrə 22,1, Baltikyanı ölkələr üzrə isə 17,6 faiz təşkil edirdi.
1970-1980-ci illərdə respublikada aparılan güclü məktəb tikintisi ikinci növbədə oxuyanlar üzrə göstəricinin yaxşılaşdırılmasına təkan verdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə 2 dəfəyə yaxın, yəni 48200nəfərlik 100 məktəb binası tikilib istifadəyə verildi. Nəticədə şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1978-ci ildə 30,8 faiz, 1980-ci ildə 28,1 faiz, nəhayət, 1985-ci ildə isə 24,9 faizə çatdırıldı ki, bununla da şagirdlərin 75,1 faizinin birinci növbədə təhsil almaq imkanı əldə edildi. Bütün bunlar o illərdə məktəb tikintisinin geniş şəkildə vüsət almasından xəbər verir.


Heydər Əliyev özü də Azərbaycan müəllimlərinin XI qurultayında çıxışında etiraf edərək demişdir: “1979, 1980, 1981-ci illərdə hər il Azərbaycanda 35 min şagirdin oxuması üçün şəraiti olan məktəb binaları tikilirdi. Bu, bir ildə təxminən 50-60 məktəb binasının tikilməsi deməkdir. Bu, o vaxt olmuşdu ki, o dövrdə məktəblərin sayı həddindən çox artmışdı”.
Həqiqətən, həmin illərdə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Nəticədə ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ilin əvvəllərində 710 min nəfərədək artmışdır. Məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1969-1982-ci illərdə 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı isə müvafiq olaraq 110 mindən 147 min nəfərə çatmışdı.
Bu illərdə məktəblərin texniki və elmi-metodiki vasitələrlə təminatı əsaslı şəkildə yaxşılaşdı. Təkcə onu demək kifayət edər ki, 1978-ci ildə fizika və kimya kabinələri ilə təminat 92,2 faizə yüksəlmişdir. Təhsil müəssisələrinin kadrlarla təminatı sahəsində uğurlar qazanılmış, 1978-ci ildə orta məktəblərdə çalışan 108 min müəllimdən 1970-ci ildəki 51,7 faiz müqabilində 65,3 faizinin ali təhsili olmuş, V-X siniflərdə işləyən müəllimlərin isə 83,7 faizini ali təhsillilər təşkil etmişdir. 1982-ci ildə Azərbaycanda 4267 ümumtəhsil məktəbi fəaliyyət göstərirdi.
Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan texniki-peşə məktəblərinin inkişafının yüksəliş dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci illərdə Azərbaycanın texniki-peşə təhsili özünün yeni yüksəliş dövrünə qədəm qoymuş, həmin ildə bu məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7 dəfə, təhsil alanların sayı isə 2,5 dəfə artmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ilin sonlarında qəbul edilmiş “Texniki-peşə təhsili sistemi məktəblərində ixtisaslı fəhlə kadrlarının hazırlanmasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar təhsilin bu pilləsinin sonralar ahəngdar inkişafına təkan verdi.


Heydər Əliyevin hakimiyyətə gəlişinin təkcə ilk iki ili ərzində 16 yeni texniki-peşə məktəbi yaradılmış, 20 texniki-peşə məktəbi orta texniki məktəbinə çevrilmiş, 3120 şagird yeri olan tədris və 2520 çarpayısı olan yataqxana binaları tikilmiş, əlavə olaraq 244 tədris emalatxanası, kabinet və laboratoriya yaradılmışdır.
Heydər Əliyevin göstərişi ilə ilk dəfə olaraq 1971-1975-ci illər üçün Azərbaycanda texniki-peşə təhsilinin təkmilləşdirilməsivə inkişafı yollarına dair strategiya müəyyənləşdirilmişdir. Həmin illərdə 35 şəhər və rayonda 54 yeni texniki-peşə məktəbi yaradılmışdır. Ümumiyyətlə, bu dövrdə həmin məktəblərdə 65120 nəfər ixtisaslı fəhlə kadrı hazırlanmışdır ki, bu da əvvəlki illərdən 1,7 dəfə çox idi. 1975-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Orta kənd texniki-peşə məktəblərinin şəbəkəsini genişləndirmək və onların işini yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edildi ki, keçən 4 ildə kənd texniki-peşə məktəblərinin şəbəkəsi 3 dəfə artaraq sayı 44-ə çatdırıldı.


1970-1980-ci illərdə respublikada texniki-peşə şəbəkəsinin inkişaf dinamikasının təhlili göstərir ki, 1970-ci ildə 76 texniki-peşə məktəbi fəaliyyət göstərir və orada 40,9 min şagird təhsil alırdısa, bu rəqəm müvafiq olaraq 1980-ci ildə 173 məktəbə və 99,8 min şagirdə, 1982-ci ildə isə 184 məktəbə və 109 min şagirdə çatdırılmışdır. Deməli, məktəblərin sayı bu illərdə 2,5, təhsil alanların sayı isə 2,5 dəfədən çox olmuşdur...


1970-1980-ci illərdə Azərbaycanda ali təhsil müəssisələrinin sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı 1969-cu illə müqayisədə 12-dən 17-yə, təhsil alanların sayı 70 mindən 100 minə yüksəlmişdir. Bu illərdə fəaliyyət göstərən 78 orta ixtisas məktəbində hər il 80 minə yaxın şagird təhsil almışdır. Ali və orta ixtisas məktəblərinə qəbul olan tələbələrin sayı bu illərdə sürətlə artmış, sosial tərkib zəhmətkeş balaların hesabına sağlamlaşmışdır.
Ümumiyyətlə, 1970-1982-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, çoxlu ixtisaslar, kafedralar, problem laboratoriyaları açılmışdır. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra mövcud idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 17 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, bütün bu uğurlar Heydər Əliyevin ali təhsilin inkişafına Respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsində mümkün olmuşdur.


Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən tanınmış ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən atrıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır.
“Təhsil millətin gələcəyidir” ‒ deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə(1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu ‒ 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın vəməcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdır. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.


Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.
“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, ‒ deyən Ümummilli lider Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.


“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin təbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə”2003-cü il 2 yanvar standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ciillər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.


İslahatlar təkcə təhsil müəssisələrini əhatə etmir, gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görüldü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli fərman bunun bariz nümunəsidir.
Ümummilli lider 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.


Kifayət Qurban qızı Mənsimova
Azərbaycan Dövlət Pedaqoji Kolleci