adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Fevral 2023 11:56
833
MARAQLI

Heyf bizdən... - Ceyhun Əli yazır

2000-ci illərin Bakısı idi. Tələbə ikən dərsdən sonra Araz kafesində toplaşar, nahar edib şəhərdə gəzərdik. Marşrutumuz eyni idi. "Araz"-da nahar edər, yeni açılan "Vanila" kafesində çay içərdik. Hərdən tələbə yoldaşlarımdan biri zarafatca deyərdi ki, "Vanila"dakı çay nədirsə içəndən sonra dadı bulvara qədər damağımızda qalır. Çay xoşumuza gəlsə də, hərdən gileylənirdik. Qiyməti çox baha idi. Müqayisədə yediyimiz nahar üçün ödədiyimiz pula bərabər idi. Bizim üçün az məbləğ deyildi. Amma kafe bizə görə xüsusi idi. Şəhər camaatı həmişə ora toplaşardı. Mən isə müşahidə etməyi çox sevirdim...

Çaydan sonra biz Fəvvarələr meydanını eninə və uzununa "ölçərdik". Yenidən Nizami muzeyinin qarşısından ötüb, üzü Araz kafesinə çatanda qrupumuz seyrəlməyə başlayardı. Yəni artıq vaxtdır. Sağollaşmalıyıq.

Həmin gün hava Bakının payızına xas olan küləkli, hərdən də bulud arxasından boylanıb, gözü qamaşdıran günəşli idi. Adəti üzrə muzeyin qarşısından ötürdük. Yonulmuş obrazlarının az qala hər qarışını dəqiq xatırladığımız daş heykəllərlə danışan bir kişiyə rastladıq. Görkəmi yorğun, baxışları dərin, üst-başı səliqəli idi.

Ətrafdakı insanlara baxır, sonra üzünü heykəllərə tutub ucadan danışırdı. Nitqi rəvan olsa da, səsində xırıltı vardı. Sanki, yaşı ilə bərabər səsi də qocalmışdı. Əslində bu danışmaqdan daha çox ünvanlanan suallar idi.

- Kimin üçün yazmışdınız?

- Niyə yazmışdınız?

- Yazmışdınız ki, oxumasınlar?

- Yazmışdınız ki, əksini eləsinlər?

- Sizi oxudular ki, qədrinizi də bilsinlər?

- İndi yağış, külək, qar da sizə rəhm eləmir.

- Axı siz o sətirlərə ürəyinizi vermisiniz.

- Heyf sizdən...

Kişi bu sualları ünvanlayndan sonra üzünü heykəllərə tutub, köhnə şəhər camaatına xas olan ədəblə sağ əlini sinəsinə qoyub, təzim edib getdi. Sağollaşdı...

Yerimdə donub qalmışdım. Yaşlı bir insanın daşlara verdiyi suallar ardı kəsilmədən beynimdə təkrarlanırdı. "Kimin üçün yazmışdınız?" "Yazmışdınız ki, oxumasınlar?"

Bəlkə də kişi daşlara ünvanladığı suallara cavabını çoxdan almışdı. Onların əsərlərinin dili ilə. Cavablar elə sualların özündə idi. Onun suallarının ünvanı ədiblər deyildi. Suallar isə təkrar-təkrar yenə səslənirdi. "Axı siz o sətirlərə ürəyinizi vermisiniz. Heyf sizdən..."

Məsafə yaxın olmasa da evə piyada gəldim. Bütün yol boyu ağsaqqalın sözləri məni ağuşuna almışdı.

- Kimin üçün yazmışdılar? Yazmışdılar ki, oxumayaq?

- Axı o sətirlərə ömür verilib...

- Biz isə...

- Heyf bizdən...?