30 Avqust 2024 11:56
387
GÜNDƏM

Hovhannisyanın "ölü"nü diriltmək cəhdi, yaxud,  2 sentyabr matəmi

Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü Vahe Hovhannisyan absurd fikirlərlə ermənilərn diqqətini özünə cəmləşdirə bilib. O Facebook səhifəsində Azərbaycan ordusunun və siyasətinin çoxdan cəhənnəmə vasil etdiyi ölü “artsax”la bağlı paylaşım edib:

“Artsax Gününü necə qeyd etmək olar. “Artsax”ın elan edilməsinin 33-cü ildönümü olan sentyabrın 2-nin ağlaşma, matəm, boş sözlər, yaxud itirilmiş vətən mövzusunda mahnı və rəqslər günü olmaması üçün mesajlar aydın şəkildə tərtib edilməlidirmi? Ermənilər “Artsax məsələsi”ni siyasi gündəm kimi formalaşdırmayana qədər Ermənistanla hörmətli danışıqlar aparıla bilməz, Ermənistanda siyasət ola bilməz!
Nə qədər ki, biz bu vəziyyətdəyik, ermənilərin olan Artsaxa inanmayan “hörmətli” ola bilməz, heç “Lider” də ola bilməz.
Kollektiv zehnimiz erməni Artsaxının milli xəyal kimi vizyonunu formalaşdırana qədər ayağa qalxa bilməyəcəyik. Arzuya necə çatacağımız, xəyalı rasional plana necə çevirəcəyimizlə bağlı rasional, soyuq hesablanmış planlarımız olmayana qədər ciddi qəbul edilməyəcəyik.
Bugünkü beynəlxalq konyuktura və Ermənistanın həyati maraqları ölkədə Artsax məsələsini gündəmə gətirməsini tələb edir.
Bizi bu qərara gətirən hakimiyyətə dözdükcə ləyaqətdən danışmağa haqqımız yoxdur.
Cəmi 4 il bundan əvvəl Sotk-Karvaçar (Zod – Kəlbəcər) yolu ilə velosipedlə Artsaxa çatdığımızı xatırlamasaq, özümüzü böyük tarixi irsin daşıyıcısı hesab edə bilmərik.
Dəbdəbəli süfrələrin ətrafında, bahalı paltarda, yığılan mal-dövlət fonunda adi məişət xoşbəxtliyi yaşaya bilməyəcəyik, nə qədər ki, Bakı həbsxanalarında ermənilər var, ermənilər bu qədər kasıb vəziyyətdədirlər, xoşbəxtlik olmayacaq”.
Vahe Hovhannisyanın çərənnəməsini əvvəldən sona qədər ona görə verdim ki, orada yalnız bir həqiqət vardı. O da “bugünkü beynəlxalq konyuktura”nın “Artsax” məsələsini gündəmə gətirməsi gerçəkliyidir.
İkiüzlü beynəlxalq aləm bir yandan Qarabağın deyure və defakto Azərbaycanın ərazisi olduğunu desə də diğər tərəfdən Ermənistanı yeni təxribat və müharibələr üçün silahlandırır, döyüşə sövq edir, hətta könüllü Qarabağı tərk etmiş erməniləri ora qaytarmaq üçün çalışmalar, mümkün variantlar, planlar qururlar.

 Əntiqə Rəşid