20 Dekabr 2024 12:58
256
SİYASƏT

Azərbaycanda iki uşağı olanların hərbi xidmətə çağırılmaması təklif olunur

"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı. Nəzərə alaq ki, bir şəxsin 2 övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, valideyn çağırılır hərbi xidmətə, iki uşaq anası ilə evdə qalır:

"Ola bilər uşaqların anası işləyir və ya işləmir. Hesab edirəm ki, bu məsələyə gələcəkdə baxılmalıdır. Bunun mənəvi tərəfi də var. Hamı üçün şərəfdir ki, valideyni hərbi xidmət keçsin. Amma iki uşaq 18 ay öz atasını görmür. Belə olan halda həmin uşağın böyüməsində gələcəkdə müəyyən problemlər yarana bilər. Bunların sayı elə də çox deyil. Gələcəkdə buna diqqət etməliyik. Üç uşaq məsələsini iki uşağa endirsək, daha məqsədəuyğun olar".